AZ

Ərdoğan Türkiyənin Avropa İttifaqına üzvlüyündən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. 

“Cebheinfo.az” xəbər verir ki, Prezident Ərdoğan Avropa İttifaqına daxil olan bəzi ölkələrin Türkiyəni rəqib gördüyü üçün üzvlük prosesinə mane olmasından danışıb:

“Bu, bir amildir. Lakin biz Avropa İttifaqına tam hüquqlu üzv olmaqla bağlı mövqeyimizi kimsə ilə rəqabət aparmaq və ya mane olmaq üçün irəli sürməmişik. Biz həm ölkəmizi, həm də ittifaqı onun bir hissəsi olmaqla gücləndirmək istəyirik. Təəssüf ki, Avropa İttifaqı bundan xəbərsizdir. 

Sadəcə, Avropa İttifaqının bundan xəbərsiz olması səbəbindən ideallarımızdan imtina edə bilmərik. Bunu çox açıq şəkildə bildirim. İllərdir bu mövqeyi qətiyyətlə müdafiə edirik, ardıcıl addımlar atırıq. Türkiyənin bəzən tərəddüdlü, bəzən açıq ayrı-seçkilik təcrübələri ilə üzləşməsinə baxmayaraq, üzvlük müraciətimizə sadiq qalırıq.

Türkiyə bir hissəsi olduğu strukturlara töhfə verən ölkədir, yük deyil. İştirak etdiyimiz hər platforma artan bir dəyərdir. Bunu da açıq şəkildə deyim: bəzən ittifaq daxilindən ölkəmiz haqqında çox təəssüf doğuran və səthi ifadələr eşidirik.

Həmkarlarımıza izah edirik ki, bu münasibət hər sahənin dəyişdiyi bir dünyada Avropa İttifaqına zərər verir. Türkiyə Avropa İttifaqı üçün əla fürsətdir və ittifaqa daxil olan ölkələr bundan necə istifadə etmək barədə tarixi qərar vermək vəziyyətindədir.

Daha əvvəl də dediyim kimi, Avropa bir yol ayrıcına çatıb və bu yol ayrıcındakı vəziyyəti daha diqqətlə qiymətləndirməlidir”.

Seçilən
31
cebheinfo.az

1Mənbələr