AZ

Şəhərsalma və təşkilatçılıqda İNNOVATİV TƏCRÜBƏ – “WUF13 Bakı standartları” qlobal modelə ÇEVRİLİR – TƏHLİL

Sabahdan etibarən bütün dünyanın diqqəti paytaxtımıza yönələcək. Belə ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 start götürəcək.

Bu cür nüfuzlu forumun Bakıda təşkili ilk növbədə ölkəmizin son illərdə formalaşdırdığı siyasi nüfuzun, institusional imkanların və dayanıqlı inkişaf strategiyasının beynəlxalq miqyasda diqqət qazanmasının göstəricisidir.
 

MÖVU İLƏ BAĞLI:

 Bakıda Azərbaycanla UN-Habitat arasında Niyyət Məktubu İMZALANDI – FOTO



Dünyada urbanizasiya proseslərinin sürətləndiyi, iqlim dəyişikliklərinin şəhərlərə təsirinin artdığı, mənzil və yaşayış problemlərinin qlobal təhlükəyə çevrildiyi bir dövrdə WUF13 kimi platformaların əhəmiyyəti daha da artır. Hazırda milyardlarla insan müxtəlif mənzil problemləri ilə qarşılaşır, yüz milyonlarla insan isə normal yaşayış şəraitindən məhrum vəziyyətdədir. Bu baxımdan forum yalnız şəhərsalma məsələlərinin müzakirəsi deyil, həm də gələcəyin yaşayış modelinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

COP29-dan sonra Bakıya növbəti qlobal etimad

Məlumdur ki, son illər Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilməkdədir. COP29-un uğurlu təşkilindən sonra WUF13 kimi nüfuzlu forumun da Bakıda keçirilməsi artıq ölkəmizə göstərilən beynəlxalq etimadın sistemli xarakter aldığını göstərir.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçməsi WUF tarixində ən yüksək göstəricilərdən biri hesab olunur. Bu rəqəmlər Bakının artıq regional platforma çərçivəsini aşaraq qlobal diplomatik və siyasi mərkəz funksiyası qazandığını nümayiş etdirir.

BMT-nin ən böyük platformalarından biri sayılan WUF-un Azərbaycana həvalə olunması ölkənin dayanıqlı inkişaf, şəhərsalma və urbanizasiya sahəsində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Xüsusilə Prezident İlham Əliyevin forumla bağlı hazırlıq prosesini şəxsən nəzarətdə saxlaması bu tədbirə strateji yanaşmanın və xüsusi diqqətin sübutudur.

“WUF13 Bakı standartları”

WUF13 çərçivəsində diqqət çəkən ən mühüm məqamlardan biri də Azərbaycanın forumun təşkilati idarəetmə modelini beynəlxalq institusional təcrübəyə çevirməsidir.

Prezident İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax ilə görüşündən sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında imzalanmış Niyyət Məktubu məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Sənədə əsasən tərəflər gələcəkdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumlarına ev sahibliyi edəcək ölkələr üçün əməliyyat təlimatının birgə hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər. Başqa sözlə, Bakıda tətbiq olunan təşkilati model artıq gələcək WUF sessiyaları üçün praktik idarəetmə nümunəsi kimi qəbul olunacaq.

Niyyət Məktubunun imzalanması təsadüfi deyil. Çünki WUF13-ün hazırlıq prosesi çərçivəsində tətbiq edilən koordinasiya mexanizmləri, logistika sistemi, rəqəmsal idarəetmə alətləri, iştirakçı axınının tənzimlənməsi və təhlükəsizlik konsepsiyası BMT tərəfindən yüksək qiymətləndirilir.

Gələcək WUF-lar üçün nümunəvi model

“BMT-nin Məskunlaşma Proqramı tərəfindən Azərbaycanın UN-Habitat-a göstərdiyi könüllü maliyyə dəstəyi, ölkəmizdə keçirilən Milli Şəhərsalma forumları və şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi də yüksək qiymətləndirilir. Bu yanaşma Azərbaycanın urbanizasiya və dayanıqlı inkişaf məsələlərinə yalnız milli deyil, həm də qlobal məsuliyyət prizmasından yanaşdığını göstərir.”

“WUF13 Bakı standartları” əslində Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində yeni institusional brend formalaşdırdığını göstərir. Gələcək forumlara ev sahibliyi edəcək tərəflər üçün nəzərdə tutulan bu model qərarqəbuletmə proseslərinin daha çevik qurulmasına, tədbirlərin operativ səmərəliliyinin artırılmasına və vahid təşkilati yanaşmanın formalaşdırılmasına xidmət edəcək.

Bu isə o deməkdir ki, Azərbaycan artıq yalnız beynəlxalq tədbirləri uğurla təşkil etməklə yanaşı, qlobal tədbirlərin idarəetmə mexanizmini formalaşdıran dövlətlərdən birinə çevrilir.

Qarabağ təcrübəsi – unikal şəhərsalma örnəyi

WUF13-ün əsas diqqət çəkən məqamlarından biri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma siyasətinin beynəlxalq auditoriyaya təqdim olunmasıdır.

Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri artıq sırf daxili layihə statusundan çıxaraq beynəlxalq urbanizasiya modelinə çevrilməkdədir. Çünki burada söhbət yalnız dağıdılmış şəhərlərin bərpasından getmir. Azərbaycan postmünaqişə məkanında tamamilə yeni yaşayış konsepsiyası formalaşdırır.

“Ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji, rəqəmsal idarəetmə, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf prinsipləri üzərində qurulan bu model bir çox ölkələr üçün praktik nümunə hesab olunur.

Dünyanın müxtəlif regionlarında müharibələr və humanitar böhranlar nəticəsində şəhərlərin dağıldığı bir vaxtda Azərbaycanın qısa müddətdə böyükmiqyaslı bərpa işləri həyata keçirməsi təbii ki, xüsusi maraq doğurur. Bu proses dövlət idarəçiliyinin effektivliyini, siyasi iradənin gücünü və strateji planlaşdırma imkanlarını nümayiş etdirir.

Forum iştirakçılarının Qarabağda həyata keçirilən layihələrlə yaxından tanış olması Azərbaycanın postmüharibə reallıqlarını beynəlxalq ictimaiyyətə birbaşa təqdim etməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Qlobal təşkilatçılıqda yeni mərhələ Bakıda başlayır...

Əslində WUF13 forumu yalnız altı günlük beynəlxalq tədbir deyil. Bu platforma Azərbaycanın gələcək inkişaf modelinin, institusional imkanlarının və beynəlxalq əməkdaşlıq potensialının nümayişidir. BMT rəhbərliyinin və UN-Habitat nümayəndələrinin Azərbaycanın forumu yüksək səviyyədə təşkil edəcəyinə əminlik ifadə etməsi ölkəmizin artıq qlobal tədbirlərin keçirilməsində etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir.

Xüsusilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında imzalanmış Niyyət Məktubu WUF13-ün təkcə cari forum kimi deyil, gələcək beynəlxalq tədbirlər üçün institusional model kimi qiymətləndirildiyini ortaya qoyur. Bakıda formalaşdırılan təşkilati və idarəetmə mexanizmlərinin gələcək Ümumdünya Şəhərsalma forumlarında tətbiq olunması Azərbaycanın beynəlxalq tədbirlərin idarə olunması sahəsində yeni standart formalaşdırdığını göstərir.

Əminliklə deyə bilərik ki, WUF13 Azərbaycanın siyasi nüfuzunun, urbanizasiya strategiyasının və qlobal əməkdaşlıq imkanlarının dünyaya təqdim olunduğu mühüm platforma rolunu oynayacaq.

Bizim.Media-nın analitik qrupu

 

Seçilən
60
bizim.media

1Mənbələr