"ABŞ prezidentinin davranışları yenidən müzakirə mövzusuna çevrilib, lakin psixi sağlamlıqla bağlı qəti nəticə üçün müayinə tələb olunur.. "
ABŞ prezidenti Donald Trampın fiziki və psixi vəziyyəti ətrafında mübahisələr yenidən güclənib.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Die Zeit" nəşri yazıb.
Oval kabinetdəki görüntü yeni mübahisə yaratdı
Nəşr yazır ki, son aylarda Trampın davranışları həm cəmiyyətdə, həm də tibb dairələrində ciddi müzakirələr doğurur. Müzakirələrin yeni dalğasına Ağ Evdə anaların sağlamlığına həsr olunmuş tədbir zamanı baş verən hadisə səbəb olub.
Oval kabinetdə keçirilən görüş zamanı Trampın bir neçə saniyəlik mürgülədiyi görüntülər sosial şəbəkələrdə geniş yayılıb. "Reuters" agentliyinin fotoqrafı həmin anı lentə alıb, Ağ Evin rəsmi hesabı isə sərt reaksiya verərək prezidentin sadəcə gözlərini qırpdığını iddia edib.
Trampın davranışları ilə bağlı suallar artır
Nəşr qeyd edir ki, bu hadisə əslində uzun müddətdir davam edən müzakirələri daha da gücləndirib. Nəşrin yazdığına görə, Tramp son dövrlərdə ziddiyyətli açıqlamalar verir, sərt siyasi bəyanatlar səsləndirir və bəzi çıxışlarında emosional qeyri-sabitlik nümayiş etdirir.
Sosial şəbəkələrdə prezidentin əllərindəki göyərmələr, ayaq nahiyəsindəki şişkinlik və qeyri-sabit yerişi də geniş müzakirə olunur. Bu fonda onun prezident vəzifəsini tam şəkildə yerinə yetirib-yetirə bilmədiyi barədə suallar səslənir.
36 həkimdən açıq məktub
Məsələ xüsusilə ABŞ-ın 36 həkiminin açıq məktubundan sonra daha böyük rezonans doğurub. Nevropatoloq, psixiatr və psixoloqlardan ibarət qrup aprelin sonunda Trampın vəziyyəti ilə bağlı "tibbi narahatlıqlarını" açıqlayıb. Məktub müəllifləri prezidentin nitqlərində xaotik üslub, impulsiv davranış, diqqət problemləri və siyasi mövqelərdə kəskin dəyişikliklər müşahidə etdiklərini bildiriblər.
Onlar həmçinin Trampın bəzi çıxışlarında "maniyaya bənzər vəziyyətlər" və təhlükəli ritorika gördüklərini qeyd ediblər. Həkimlər bəyanatlarının siyasi məqsəd daşımadığını vurğulayaraq, ictimai təhlükə riski gördükləri üçün çıxış etməyə məcbur olduqlarını bildiriblər.
"Qolduoter qaydası" nədir?
Bununla belə, nəşr yazır ki, tibbi etika qaydalarına görə, şəxsi müayinə olmadan psixi və ya nevroloji diaqnoz qoymaq düzgün hesab edilmir. Psixiatrlar arasında tətbiq olunan "Qolduoter qaydası"na əsasən, həkimlər şəxsi müayinə aparmadan ictimai şəxslər barədə peşəkar diaqnoz açıqlamamalıdırlar. Bu qayda 1964-cü ildə ABŞ-da prezident seçkiləri zamanı yaranmış qalmaqaldan sonra qəbul olunub.
Nəşr vurğulayır ki, məsafədən dəqiq diaqnoz qoymağın mümkünsüz olması insanın tam sağlam olduğu anlamına gəlmir. Məqalə müəlliflərinin fikrincə, ABŞ prezidenti ilə bağlı yaranmış mübahisələrə yalnız tam klinik müayinə aydınlıq gətirə bilər.
Bu arada Trampın son xarici səfərləri də diqqət mərkəzində qalır. Çin səfəri zamanı onun Çin lideri Si Tszinpin ilə kameralar önündə nümayişkaranə davranışları geniş müzakirə olunub. Daha sonra Tramp Tayvanın müstəqilliyini dəstəkləmədiyini açıqlayaraq ABŞ-ın Pekinlə bağlı siyasəti ətrafında yeni mübahisələrə səbəb olub.