AZ

Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmini istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir

Bakı, 16 may, AZƏRTAC

Prezident İlham Əliyevin Zəngilan rayonuna səfəri işğaldan azad olunmuş ərazilərimizin bərpası, yenidən qurulması və sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən işlərin uğurla davam etdiyini bir daha göstərdi. Dövlətimizin başçısının rəhbərliyi ilə Zəngilan bu gün regionda strateji əhəmiyyətini artıran, müasir infrastrukturun formalaşdığı və böyük inkişaf potensialına malik əsas bölgələrdən birinə çevrilməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Zəngilanda bəyan etdiyi fikirlər mühüm siyasi mesajlarla zəngin olmaqla yanaşı, postmüharibə dövrünün reallıqlarını və Azərbaycanın prinsipial mövqeyini bir daha ortaya qoydu. Dövlətimizin başçısı çıxışında beynəlxalq münasibətlər sistemində müşahidə olunan ikili standartlara, ölkəmizin milli maraqlara əsaslanan müstəqil siyasətinə və bölgədə formalaşmış yeni geosiyasi reallıqlara aydın münasibət bildirdi.

S.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər xüsusi diqqət çəkib: “ATƏT-in Minsk qrupu uzun illər ərzində münaqişənin həlli istiqamətində real nəticə ortaya qoya bilmədi. ABŞ, Rusiya və Fransa kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri qəbul olunmuş qətnamələrin icrasını təmin etmək əvəzinə, məsələyə məsuliyyətsiz və ikili yanaşma nümayiş etdirdilər. Təəssüf doğuran əsas məqamlardan biri də ondan ibarətdir ki, uzun illər ərzində ATƏT-in Minsk qrupu mövcud reallıqlara adekvat və qətiyyətli münasibət göstərmədi. İşğal altında olan ərazilərimizin Ermənistan tərəfindən məqsədli şəkildə viran edilməsi, tarixi və dini abidələrimizin məhv olunması, təbii sərvətlərimizin qeyri-qanuni istismarı beynəlxalq ictimaiyyətin gözü önündə baş verirdi. Lakin, ATƏT-in Minsk qrupu bütün bunlara səssiz qalaraq heç bir hüquqi-siyasi qiymət vermədi. Bu laqeyd və nəticəsiz yanaşma faktiki olaraq işğalın uzun illər davam etməsinə şərait yaradırdı. Həmsədrlər “hərbi həll yolu yoxdur” adı altında Azərbaycanı təslimçi mövqeyə sövq etməyə çalışsalar da, dövlətimizin prinsipial və illər ərzində apardığı uğurlu siyasəti, ordumuzun qüdrəti və xalq-iqtidar birliyi nəticəsində İkinci Qarabağ müharibəsində parlaq Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdik. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə ilə Azərbaycan həm BMT qətnamələrinin icrasını və beynəlxalq ədaləti təmin etdi, həm də nəticəsiz vasitəçilik missiyasını tarixə qovuşdurdu”.

Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha bəyan etdi. Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir. Rəsmi Bakı sülh prosesinin irəliləməsi üçün konkret təşəbbüslərlə çıxış etdiyi halda, Ermənistan tərəfi müxtəlif konfrans və formal platformalar keçirərək imitasiya görüntüsü yaratmağa çalışır. Digər tərəfdən Ermənistanda Avropa İttifaqı missiyasının mövcudluğu regionda gərginlik yaratmağa xidmət edir. Ümumilikdə isə bütün bunlar Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasına mənfi təsir göstərən amillərdir. Azərbaycan qalib və diktə edən tərəf kimi regionda baş verən bütün prosesləri diqqətlə izləyir. Ermənistanda revanşist qüvvələr yenidən fəallaşarsa, eləcə də Azərbaycana qarşı hər hansı hərbi-siyasi təxribata cəhd edərsə dövlətimiz milli təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində bütün zəruri və qəti tədbirləri dərhal həyata keçirəcək. Azərbaycan regionda sülhün, sabitliyin və inkişafın tərəfdarı olsa da, ölkəmizin milli maraqlarına, təhlükəsizliyinə və suveren hüquqlarına qarşı yönələn istənilən təhlükəyə qarşı ən sərt və adekvat cavabı verməyə tam qadirdir.

 

Seçilən
72
1
azertag.az

2Mənbələr