Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda “Türk dünyasının vətəndaş cəmiyyəti: parçalanmış qlobal nizamda strateji həmrəylik, milli yaddaş və ortaq gələcək” mövzusunda çıxış edib.
A.Attar bildirib ki, bu gün Türk dünyasının QHT-ləri qarşısında duran əsas çağırışlar tarixi yaddaşın qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi, qlobal ədalətsizliklərə qarşı intellektual və hüquqi müqavimətin gücləndirilməsi, iqtisadi və nəqliyyat inteqrasiyasına ictimai dəstəyin artırılması, həmçinin insan kapitalının, xüsusilə gənclərin yeni dövrün tələblərinə uyğun hazırlanmasını əhatə edir: “Bu forumdan dünyaya aydın mesaj getməlidir:
Türk dünyası özündə vahid strategiya, koordinasiyalı fəaliyyət, yaradıcı təsir gücünü ehtiva edir. Biz öz hekayəmizin müəllifi, öz gələcəyimizin memarı, öz coğrafiyamızın məsul sahibi kimi danışırıq. Türk dünyasının QHT-ləri bu yeni mərhələnin canlı mühərriki olmalıdır. Bizim vəzifəmiz həmrəyliyi sistemə çevirməkdir”.