AZ

Bakı Metropoliteninin rəisi əslində nə demək istəyirdi?-DETALLAR

Bakı Metropoliteninin rəisi Vüsal Aslanovun ATV telekanalına son müsahibəsi zamanı verdiyi açıqlama cəmiyyətdə geniş müzakirələrə səbəb oldu.

Sosial şəbəkələrdə və mediada bir çoxları bu fikirləri “şəhər ətrafında yaşayan insanların mərkəzə gəlməsinə qarşı çıxmaq” kimi qiymətləndirdi.

Halbuki məsələyə emosional deyil, nəqliyyat planlaması və şəhər infrastrukturunun imkanları baxımından yanaşdıqda tamam fərqli mənzərə ortaya çıxır.

Ekspertlər bildirirlər ki, əslində V. Aslanovun deməyə çalışdığı əsas fikir budur: Bakının mərkəzində metro infrastrukturunun imkanları artırılmadan şəhər kənarında yeni metro stansiyalarının tikilməsi gələcəkdə daha ciddi sıxlığa səbəb ola bilər.

Həqiqətən də, artıq vəziyyət göz qabağındadır. İçərişəhər, 28 May, Sahil, Nizami, Elmlər Akademiyası, Gənclik və Nərimanov stansiyalarında səhər və axşam saatlarında ciddi basırıq müşahidə olunur. Pik saatlarda platformalarda hərəkət etmək belə çətinləşir.

Məsələnin texniki tərəfi də məhz burada başlayır.

Hazırda, məsələn, Xırdalandan gələn sərnişin axınının böyük hissəsi avtobuslarla 20 Yanvar istiqamətinə daşınır. Metro sistemi isə bu yükü qatarların qısa intervallarla hərəkəti hesabına mərhələli şəkildə qəbul edir.

Yəni sərnişin axını müəyyən qədər bölünür və paylanır.

Əgər metro xətti birbaşa Xırdalana qədər uzadılsa, minlərlə sərnişin artıq sistemə başlanğıc nöqtədən daxil olacaq. Qatarlar ilk stansiyalardan dolacaq, mərkəzə yaxınlaşdıqca isə sıxlıq daha da artacaq.

Nəticədə onsuz da ağır yük altında çalışan mərkəzi stansiyalarda vəziyyət daha da çətinləşə bilər.

Burada söhbət insanların mərkəzə gəlməsinin əleyhinə olmaqdan getmir.

Söhbət ondan gedir ki, mövcud infrastruktur əlavə sərnişin axınını hansı həddə qədər daşıya bilər.

Dünyanın iri şəhərlərində də metro planlaması yalnız yeni xətt çəkməklə məhdudlaşmır. Paralel şəkildə yeni çıxışlar, keçidlər, alternativ stansiyalar və sərnişin paylanması mexanizmləri qurulur.

Əks halda, sistem müəyyən nöqtələrdə iflic vəziyyətinə düşür.

Məhz buna görə də metro rəisi çıxış yolu kimi mərkəzi stansiyalarda çıxışların artırılmasını və infrastrukturun genişləndirilməsini vurğulayır. Hazırda bu istiqamətdə müəyyən işlərin aparıldığı bildirilir. Amma bunun nə dərəcədə effektiv olacağını zaman göstərəcək.

Çünki yalnız çıxışların artırılması kifayət deyil — Bakının mərkəzində yeni stansiyalara və alternativ xətlərə də ehtiyac var ki, sərnişin axını daha balanslı şəkildə bölüşdürülsün.

Qısası, Aslanovun məlum çıxışı əslində təqdim olunduğu kimi şəhərətrafı ərazilərdə yaşayan insanların mərkəzə gəlməsinə qarşı mövqe deyil. Bu, Bakının metro sisteminin hazırkı yükünü və gələcəkdə yarana biləcək riskləri izah etməyə çalışan texniki yanaşmadır.

//Editor.az

Seçilən
74
editor.az

1Mənbələr