AZ

TDT təkcə mədəni birlik deyil” Enerji və logistika nəhəngi formalaşır TƏHLİL

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bununla belə, TDT-nin tam güclü geosiyasi blok kimi çıxış etməsi üçün müəyyən məhdudiyyətlər qalır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gedib.

Prezident Qazaxıstana işgüzar səfəri və Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü regional əməkdaşlığın yeni istiqamətlərini yenidən gündəmə gətirib. Xüsusilə Orta Dəhliz və Zəngəzur dəhlizi ətrafında formalaşan müzakirələr Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlığın dərinləşdiyini göstərir.

Qeyd edək ki, Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə regional nəqliyyat marşrutları və iqtisadi əməkdaşlıq əsas müzakirə mövzularından biri olub. Qazaxıstanlı ekspert Bauyrjan Auken bildirib ki, Astana və Bakı Orta Dəhlizlə Zəngəzur dəhlizi arasında qarşılıqlı bağlantının inkişafında maraqlıdır. Onun sözlərinə görə, dəyişən qlobal şəraitdə ənənəvi marşrutların aktuallığını itirməsi yeni nəqliyyat xətlərinin əhəmiyyətini artırır. Ekspert hesab edir ki, Azərbaycan və Qazaxıstanın bu istiqamətdə əməkdaşlığı regionun geoiqtisadi xəritəsinə ciddi təsir göstərə bilər: “Zirvə görüşünün mövzusu rəqəmsal iqtisadiyyat, süni intellekt və kibertəhlükəsizliyə həsr olunub. Bu mövzular təsadüfən seçilməyib. Məhz ötən il Qəbələ şəhərində keçirilən sammitdə Qazaxıstan Prezidenti Türk Dövlətləri Təşkilatı çərçivəsində kibertəhlükəsizlik və rəqəmsal iqtisadiyyatla bağlı irəli sürülməli olan bir sıra təşəbbüslər səsləndirmişdi. Bu baxımdan bugünkü sammit həmin təşəbbüslərin həyata keçirilməsi və davamı kimi qiymətləndirilə bilər”.

Ekspert hesab edir ki, TDT-nin qeyri-rəsmi sammiti qeyri-sabitlik və turbulentlik dövründə əməkdaşlığın genişlənməsinə ciddi təkan verəcək: “Bu gün ənənəvi nəqliyyat marşrutları artıq əvvəlki qədər актual deyil və məhz Orta Dəhlizin genişləndirilməsi və inkişafı gündəmdə əsas məsələlərdən biridir. Bugünkü sammit Orta Dəhlizin potensialının inkişafına ciddi impuls verəcək. Qazaxıstan və Azərbaycan gələcəkdə Orta Dəhlizlə Zəngəzur dəhlizi arasında qarşılıqlı bağlantının inkişafında maraqlıdır. Bu baxımdan Qazaxıstan və Azərbaycanın rolu çox önəmlidir. Çünki ölkələrimiz Türk Dövlətləri Təşkilatının qurucu dövlətlərindən biridir və əməkdaşlığın əsas hərəkətverici qüvvələri hesab olunur. Bundan əlavə, ölkələrimiz yeni formalaşmağa başlayan TDT+ formatını da fəal şəkildə dəstəkləyir. Bugünkü sammit təkcə təşkilatın və çoxtərəfli əlaqələrin inkişafına deyil, həm də Qazaxıstanla Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək”.

Politoloq Yusif Bağırzadə Sherg.az-a bildirib ki, Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü qlobal sistemin çoxqütblüləşdiyi, nəqliyyat və enerji marşrutlarının yenidən formalaşdığı bir dövrə təsadüf edir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu sammitdə iştirakı Azərbaycanın TDT daxilində artan siyasi çəkisini və təşkilatın regional güc mərkəzinə çevrilmə potensialını nümayiş etdirən mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər: “Bu iştirak həm də Azərbaycanın Avrasiya məkanında strateji aktor kimi rolunun daha da möhkəmləndiyini göstərir.

Azərbaycanın TDT daxilində mövqeyi artıq yalnız tarixi-mədəni yaxınlıqla izah olunmur. Ölkə son illərdə enerji təhlükəsizliyi, nəqliyyat-logistika və regional bağlantılar sahəsində mühüm mərkəzə çevrilib. Xüsusilə Orta Dəhliz layihəsinin genişlənməsi Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında əsas tranzit ölkələrdən biri kimi rolunu artırır. Bu kontekstdə İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın regional inteqrasiyada aparıcı mövqeyini təsdiqləyir.

TDT-nin inkişaf dinamikası göstərir ki, təşkilat tədricən mədəni-humanitar platformadan daha geniş iqtisadi və siyasi əməkdaşlıq formatına keçid edir. Enerji resurslarının koordinasiyası, nəqliyyat layihələrinin uzlaşdırılması və ticarət əlaqələrinin genişləndirilməsi təşkilatın gündəmində getdikcə daha çox yer tutur. Qlobal geosiyasi gərginliklər, Avrasiya məkanında Rusiya-Ukrayna müharibəsi, Çin-Qərb rəqabəti və Yaxın Şərqdəki qeyri-sabitlik bu prosesə əlavə təkan verir”.

Azərbaycanın bu transformasiyada körpü rolu oynadığını vurğulayan Y. Bağırzadə qeyd edib ki, Türkiyə ilə strateji müttəfiqlik, Mərkəzi Asiya ölkələri ilə artan əməkdaşlıq və Avropa bazarlarına çıxış imkanları Bakını TDT daxilində əlaqələndirici aktora çevirir. Bu isə təşkilatın daxili inteqrasiyasını gücləndirən əsas amillərdən biridir: “Eyni zamanda Qazaxıstan, Özbəkistan və digər Mərkəzi Asiya dövlətlərinin də enerji və xammal resursları TDT-nin iqtisadi potensialını artırır. Azərbaycanın Xəzər hövzəsindəki tranzit imkanları isə bu resursların beynəlxalq bazarlara çıxışında həlledici rol oynayır. Beləliklə, təşkilat artıq təkcə mədəni birlik deyil, həm də enerji və logistika baxımından strateji əhəmiyyət daşıyan platforma kimi formalaşır. Bununla belə, TDT-nin tam güclü geosiyasi blok kimi çıxış etməsi üçün müəyyən məhdudiyyətlər qalır. Üzv ölkələrin xarici siyasət istiqamətlərinin tam uyğun olmaması, institusional inteqrasiyanın hələ dərinləşməməsi və vahid təhlükəsizlik mexanizminin olmaması təşkilatın təsir gücünü məhdudlaşdırır. Buna baxmayaraq, mövcud tendensiyalar TDT-nin tədricən daha strukturlaşdırılmış əməkdaşlıq modelinə keçdiyini göstərir.

Ümumilikdə, Qazaxıstandakı zirvə görüşü Azərbaycanın Türk dünyasında artan rolunu və TDT-nin Avrasiya məkanında potensial yeni güc mərkəzinə çevrilmə istiqamətində inkişaf etdiyini nümayiş etdirir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
sherg.az

1Mənbələr