AZ

Hüquqi şəxsin borcu niyə direktorun şəxsi məsuliyyətinə çevrilməlidir? HÜQUQŞÜNAS YAZIR

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bəzən hüquqi şəxsin borcuna görə faktiki olaraq onun direktoru məsuliyyətə cəlb olunur. Praktikada tez-tez belə vəziyyət yaranır: hüquqi şəxs məhkəmə qərarını icra edə bilmədikdə əvvəlcə direktor barəsində inzibati məsuliyyət tədbirləri görülür, daha sonra isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi (“məhkəmə qərarını icra etməmə”) üzrə cinayət təqibi məsələsi gündəmə gətirilir.

Halbuki burada çox mühüm hüquqi fərq mövcuddur. Hüquqi şəxs müstəqil hüquq subyektidir və öz öhdəliklərinə görə ilk növbədə özü məsuliyyət daşımalıdır. Direktor hüquqi şəxsin borcunun “şəxsi daşıyıcısı” deyil.

Cinayət məsuliyyəti yalnız o halda yarana bilər ki, direktor tərəfindən məhkəmə qərarının icrasına qəsdən mane olma, əmlakı gizlətmə, sənədləri təqdim etməmə, aktivləri çıxarma və ya icradan şüurlu yayınma halları sübut olunsun. Sadəcə hüquqi şəxsin maliyyə çətinliyi yaşaması, aktivlərinin olmaması və ya borcu ödəyə bilməməsi avtomatik olaraq direktorun cinayət məsuliyyəti demək deyil.

Əks yanaşma korporativ hüququn əsas prinsiplərindən biri olan hüquqi şəxsin müstəqil məsuliyyəti prinsipini zəiflədir və biznes risklərinin kriminalizasiyası təhlükəsini yaradır.

Azərbaycan Respublikasının qanunvericiliyində hüquqi şəxslərə münasibətdə cinayət-hüquqi tədbirlər nəzərdə tutulsa da, məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı korporativ məsuliyyət mexanizmlərinin daha dəqiq və balanslı şəkildə tənzimlənməsinə ehtiyac var. Çünki hüquqi dövlət prinsipi tələb edir ki, şəxs yalnız öz təqsirli davranışına görə məsuliyyət daşısın, başqasının — hətta idarə etdiyi hüquqi şəxsin — borcuna görə deyil!

İlhamə Həsənova

Vəkil

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr