AZ

Çexiyalı nazir: Mənzil təminatı sosial həmrəyliyin və iqtisadi imkanların əsas elementidir

Bakı, 17 may, AZƏRTAC

Çexiya Yeni Şəhərsalma Proqramının icrasına sadiq qalaraq dayanıqlı, inklüziv və davamlı şəhərlərin formalaşdırılmasını əsas prioritetlərdən biri hesab edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Çexiyanın regional inkişaf naziri Suzana Mrazova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Milli Nazirlik Bəyanatları - Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində dəyirmi masa”da çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, Çexiya Yeni Şəhərsalma Proqramının qəbulundan sonra onun icrası istiqamətində ardıcıl fəaliyyət göstərir və sənədi dayanıqlı şəhər inkişafı üzrə əsas qlobal çərçivə kimi qiymətləndirir. Onun sözlərinə görə, ölkədə urbanizasiya siyasəti sosial və institusional inkişafın gücləndirilməsinə, əsas xidmətlərə çıxışın yaxşılaşdırılmasına və mənzil əlçatanlığının artırılmasına yönəlib.

Suzana Mrazova qeyd edib ki, Çexiya hökuməti mənzil məsələsini ictimai maraq kəsb edən əsas sahələrdən biri hesab edir. O vurğulayıb ki, əlçatan mənzil təminatı sosial həmrəyliyin, regional sabitliyin və iqtisadi imkanların genişlənməsinin vacib elementidir. Nazir əlavə edib ki, ölkə qarşıdakı dövrdə əlçatan mənzil siyasəti, iqlimədavamlı və enerji səmərəli şəhər inkişafı, həmçinin yerli idarəetmə orqanları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Müxbir -Pərvanə Qafarova, Günel Alıyeva
Fotoqraf - İlqar Cəfərov
Videooperator - Ceyhun Mustafayev
Seçilən
32
4
azertag.az

5Mənbələr