"Sabah"ın qapıçısı Stas Pokatilov Sportal.az saytına müsahibə verib. Qazaxıstanlı qolkiper komandasının "qızıl dubl" etməsindən və yeni mövsümdə Azərbaycan çempionunun heyətində qalıb-qalmayacağı haqda da danışıb.
- Final matçı dramatik alındı. Matçdan bir gün öncə baş məşqçiniz Valdas Dambrauskas bunu istədiyini bildirmişdi. Qalib gələrək kuboku da qazandınız. Təəssüratların necədir?
- Əslində, final oyunları bu cür də olmalıdır. Matç həyəcanlı və çox maraqlı alındı. Doğrudur, biz ilk dəqiqələrdə məyusedici şəkildə qol buraxdıq. Sanki oyuna bir az "yuxulu" çıxmışdıq. "Zirə" dərhal hücuma atıldı və qolunu vurdu. Hər halda, sonradan biz toparlandıq və qollarımızı vurduq.
- Bundan sonra geri dönüş etmək çox çətin idi?
- Bilirsiz, "Zirə" kimi komandalarla görüşdə ilk qolu buraxıb, sonra onların müdafiəsini yarmaq çox çətindir. Amma gördünüz də, qollarımızı vurduq və qalib gəldik. Demək ki, hər şeyi düz etmişdik. Qol buraxsaq da, hücumlarımıza ara vermədik, sona qədər lazımınca işlədik.
- Hesab 1:1 olarkən penaltilər haqda düşünürdün? Ümumiyyətlə, penalti seriyasına hazır idin?
- Əlbəttə ki, hazır idim. Amma buna hələ çox vaxt var və ikinci qolu da vura bilərdik. Biz sona qədər oynayırıq, son dəqiqələrdə də qolumuzu vurduq.
- Finalda vurduğunuz hər iki qol baxımlı alındı. Bəs səncə Mbinanın, yoxsa Mikelsin vurduğu qol daha yaxşı idi?
- Təbii ki, hər iki qol gözəl idi. Amma etiraf edim ki, Mbinanın qolu fantastik alındı.
- Qazaxıstan mətbuatı ölkənə geri qayıdacağınla bağlı yazır. Bu haqda yenilik var? "Sabah"da qalacaqsan?
- Mən "Sabah"da qalmaq istəyirəm. Amma hələ heç nə bilmirəm. Mövsüm başa çatdıqdan sonra görəcəyik. Bəli, "Sabah"la müqaviləm başa çatır. Necə olacağını görəcəyik.
- Bu mövsüm "qızıl dubl" etdiniz. Buna qədər isə daha çox "Qarabağ" bu cür ardıcıl titullar qazanırdı. Demək olar ki, qarşıdakı illər üçün yeni dominant "Sabah"dır?
- Bu cür böyük danışmaq istəməzdim. Bəli, bu mövsüm "qızıl dubl" etdik. Amma necə deyərlər, çempion gərək hər gün çempion olduğunu sübut etsin. Növbəti mövsüm bizdən çempionatda və kubokda yalnız çempionluq gözləyəcəklər. Ona görə də bu "planka"nı saxlamaq çox çətindir.
- "Sabah" Çempionlar Liqasında çıxış edəcək. Sizin üçün mərhələlər adlmaq, liqa mərhələsinə düşmək realdır? Bu mövsüm Çempionlar Liqasında uğurlu çıxış edən "Qarabağ"a qalib gəldiniz...
- Bəli, "Qarabağ" pley-off mərhələsində oynadı. Sadəcə burada bir az fərqli məqamdır. Çünki bir çox faktorlar və şərait üst-üstə düşməlidir ki, qruplara qədər gedək. Bəzən püşkatmada bəxtinin gətirməsi, bəzən digər məsələlər. Amma təbii ki, ən yaxşı nəticələrə inanırıq. İnam yoxdursa, futbol oynamağa da dəyməz.
Mirbağırağa
saytlarin hazirlanmasi