AZ

Kardioloqdan hipertoniyaya qarşı xəbərdarlıq

Hər il mayın 17-si dünyada Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü kimi qeyd olunur. Günün məqsədi yüksək qan təzyiqinin yaratdığı təhlükələr barədə ictimaiyyəti məlumatlandırmaq, erkən diaqnostika və düzgün müalicənin əhəmiyyətini diqqətə çatdırmaqdır.

"Unikal" xəbər verir ki, bu barədə Diaqnoz Tibb Mərkəzinin kardioloqu, Azərbaycan və Avropa Kardiologiya Cəmiyyətlərinin üzvü Dr. Ağadadaş Rəşidov məlumat verib.

Onun sözlərinə görə, arterial hipertoniya arterial təzyiqin 140/90 mm civə sütunundan yüksək olması ilə xarakterizə olunur və uzun müddət simptomsuz inkişaf etdiyi üçün “səssiz təhlükə” hesab edilir:

“Bir çox insan illərlə yüksək təzyiqlə yaşasa da, bunu hiss etmir. Lakin bu müddətdə ürək, damarlar, böyrəklər və beyin zədələnməyə davam edir”.

Kardioloq bildirib ki, Ümumdünya Hipertoniya Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə 2005-ci ildən etibarən mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü kimi qeyd olunur. Məqsəd insanları mütəmadi tibbi müayinələrə təşviq etmək və yüksək qan təzyiqi ilə bağlı məlumatlılığı artırmaqdır.

Mütəxəssislərin məlumatına görə, bir çox ölkələrdə 60 yaşdan yuxarı insanların yarıdan çoxunda yüksək arterial təzyiq müşahidə olunur. Hipertoniyadan əziyyət çəkən insanların əhəmiyyətli hissəsi isə xəstəliyindən xəbərsiz olur.

Dr. Ağadadaş Rəşidovun sözlərinə görə, hipertoniyanın yaranmasına səbəb olan əsas risk faktorları arasında duzlu və yağlı qidalanma, siqaret və alkoqol istifadəsi, artıq çəki, fiziki passivlik, stress, yuxusuzluq, şəkərli diabet və irsi meyillilik yer alır.

“Həddindən artıq duz istifadəsi qan təzyiqinin yüksəlməsinə ciddi təsir göstərir. Həmçinin çəkilən hər siqaret damarların daralmasına və təzyiqin müvəqqəti olaraq 10–30 mm civə sütunu qədər artmasına səbəb ola bilər”, - deyə həkim vurğulayıb.

Mütəxəssis qeyd edib ki, yüksək qan təzyiqi nəzarətsiz qaldıqda infarkt, insult, ürək və böyrək çatışmazlığı, görmə zəifləməsi və beyin qan dövranının pozulması kimi ağır fəsadlara yol aça bilər.

Kardioloq bəzi hallarda baş ağrısı, başgicəllənmə, ürəkdöyünmə, halsızlıq və nəfəs darlığının yüksək təzyiqin xəbərdaredici əlamətləri ola biləcəyini bildirib və qan təzyiqinin mütəmadi ölçülməsinin vacibliyini diqqətə çatdırıb.

Dr. Ağadadaş Rəşidov arterial təzyiqin düzgün ölçülməsi qaydalarına da toxunaraq qeyd edib ki, ölçümdən ən azı 30 dəqiqə əvvəl qəhvə, çay, siqaret və ağır fiziki fəaliyyətdən uzaq durmaq lazımdır. Ölçüm zamanı insan rahat vəziyyətdə oturmalı, qol ürək səviyyəsində saxlanılmalıdır.

Həkim hipertoniyanın qarşısının alınması üçün sağlam qidalanma, duz istifadəsinin azaldılması, gündəlik fiziki aktivlik, artıq çəkidən uzaq durmaq, stressin idarə olunması, siqaret və alkoqoldan imtina, eləcə də həkim nəzarətində olmağın vacib olduğunu bildirib.

“Arterial hipertoniya vaxtında aşkarlanarsa və düzgün nəzarətdə saxlanılarsa, onun yaratdığı ağır fəsadların qarşısını almaq mümkündür”, - deyə o əlavə edib.

Seçilən
25
unikal.az

1Mənbələr