AZ

Küçə uşağının general-leytenant olması – Stalinin killeri, Xruşovun dustağı...

Ötən əsrin əvvəllərində, çar Rusiyasının inqilabi təlatümlərdə yırğalandığı vaxtda – 1907-ci ildə Tavriya quberniyasının Melitpol şəhərində doğulmuş bu oğlan vətəndaş müharibəsi illərində həm atadan, həm də anadan yetim qalıb.

12 yaşlı Paşa çöllərə düşüb – kimsəsiz, ac-susuz. Onun yaşadığı şəhər əldən-ələ keçib, şəhərdə gah bolşeviklər, gah aqvardiyaçılar, gah da başqaları ağalıq edib. Nəhayət, qırmızılar şəhərə nəzarəti götürəndə hələ yeniyetmə belə olmayan Pavel Sudoplatov onlara qoşulub və 1919-cu ilin iyun ayında Melitopoldan bolşevik ordusu ilə ayrılıb. O, alayın sıralarında olub, əl-ayaq işlərinə baxıb. Daha sonra əsir götürülüb. Uşaq olduğuna görə ona baş qoşan olmayıb deyə, əsirlikdən qaça bilib, o zaman ağqvardiyaçıların nəzarətində olan Odessaya gedib, orada küçə uşağı kimi yaşayıb, limanda yarımştat işləyib. Şəhər qırmızılar tərəfindən tutulduqdan sonra yetim Paşa yenidən qırmızı orduya qoşulub.

sudop-5.JPG

1921-ci ildə o, atıcı diviziyanın xüsusi şöbəsində telefon operatoru və şifrəçi kimi xidmət edib. Vaxtilə Melitpolda aldığı təhsil kara gəlib, oxuyub-yazmaq bildiyinə görə 95 faizi tam bisavad adamlardan ibarət olan alayda onun ibtidai savadına ehtiyac olub. Daha sonra Pavel baş siyasi idarənin əyalət şöbəsində xidmət edib, oradan sərhəd qoşunlarına keçib, 1923-cü ildən komsomolda çalışıb. 1925-ci ilin fevral ayında 18 yaşlı Sudoplatov siyasi idarənin Melitopol və Xarkov rayon şöbələrində işçi, mühasib, statistik, rəsilərin köməkçisi, kiçik əməliyyatçı kimi işlərdə çalışıb. 1928-ci ilin avqust ayından etibarən o, Ukrayna SSR-in Baş Siyasi İdarəsinin informasiya şöbəsinin səlahiyyətli nümayəndəsi olub. 1928-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının üzvlüyünə qəbul olunub.

Beləcə, inqilabın ilk illərində küçə uşağı, alay oğlu olan yetim oğlan 25 yaşında ikən artıq vəzifə, rütbə yiyəsi daşıyan birinə çevrilib.

Ancaq onun hərbi karyerası bununla bitməyib. O, sovet hökumətinə misilsiz xidmətlər göstərib. Xarici dilləri mükəmməl öyrənmək, insanlarla ünsiyyət qurmaq, özünü yaxşı tərəfdən təqdim etmək bacarığı Sudoplatovun mahir kəşfiyyatçı-diversant kimi püxtələşməsində mühüm rol oynayıb.

Onun adı sovet tarixinə Ukrayna müqavimət hərəkatının mühacirətdə yaşayan liderləri Yevgeni Konovalets və Roman Şuxeviçin, eləcə də bolşevik inqilabının ən öncül iki liderindən biri olan Lev Trotskinin həyatına sui-qəsd təşkil etməklə düşüb.

sudop=3.JPG

O, Konovaletsi şəxsən, Moskvada hazırlanmış və şokolad qutusuna yerləşdirilmiş partladıcı maddə ilə qətlə yetirib. Bundan əvvəl o, Ukrayna müqavimət hərəkatının fəali kimi Konovaletsin etimadını qazanıb, onunla dəfələrlə görüşüb, güclü və zəif tərəflərini öyrənib, adamın şokolad və digər şirin şeylərə aludəçiliyinə əmin olandan sonra onu məhz şokoladla həlak edib.

1938-ci ildə SSRİ-yə qayıtdıqdan sonra o, SSRİ XDİK-in (NKVD) Dövlət Təhlükəsizliyi Baş İdarəsinin 5-ci və 7-ci şöbəsinin rəislərininn köməkçisi vəzifələrində işləyib. Onun rəisləri, eləcə də daxili işlər komissarı Nikolay Yejovun vəzifəsindən kənarlaşdırılmasından sonra o, aparatda qalıb və yeni komissar Lavrenti Beriyanın dönəmində komissarlığın Xarici İşlər İdarəsinin rəisi vəzifəsini icra edib.

1938-ci il dekabrın sonlarında az qala onu repressiya edəcəkmişlər, partiya təşkilatı Sudoplatovu "xalq düşmənləri ilə əlaqələrinə" görə “ifşa edib”. Onu hətta partiyadan da xaric ediblər. Ancaq Beriyanın müdaxiləsi ilə 1939-cu ilin yanvar ayında bu qərar dəyişib. Ondan sonra Sudoplatov XDİK-in Dövlət Təhlükəsizliyi Baş İdarəsində mühüm vəzifələr tutub.

trot.jpg

Sudoplatovu Stalinin sevimlisi edən hadisə isə, şübhəsiz ki, SSRİ-dən deportasiya edildikdən sonra bir neçə ölkədə müvəqqəti yaşayan, axırda Meksikada yerləşən və Stalinə qarşı mübarizəsini davam etdirən L.Tortskinin qətlini təşkil etməsidir. Bu qətl üçün Sudoplatovun A və B planı olub. A planına Trotskinin iqamətgahına hücum etmək və onu evindəcə güllələmək daxil idi. Bu, baş tutmayıb, uğursuz nəticələnib. Belə olanda Sudoplatov B planının həyata keçirilməsinə start verib, nəhayət, Ramon Merkaderin əliylə Stalinin arzusunu çin edib.

Buna görə ona ikinci dəfə “Lenin” ordeni verilib. (Birincini Konovaletsin qətlinə görə alıb). Sudoplatov üçüncü “Lenin” ordenini müharibə dövründəki fəaliyyətinə görə alıb. O, sovet-alman müharibəsində XDİK-in 4-cü idarəsinin rəisi kimi Moskvanın müdafiəsi zamanı strateji hədəflərin minalanmasını, Qafqazda alman qoşunlarına qarşı təxribat fəaliyyətlərini və alman kəşfiyyatı ilə strateji radio oyunlarının təşkilini təmin edib.

SSRİ-nin tezliklə atom silahı əldə etməsi P.Sudoplatovun adıyla bağlıdır. ABŞ-də işləyən nüvə fizikləri atom silahı ilə bağlı məlumatları sovet tərəfinə məhz Sudoplatov tərəfindən əməkdaşlığa cəlb ediləndən sonra ötürüblər. Yoxsa SSRİ atom bombasını 1949-da yox, ən azı 8-10 il sonra yarada bilərmiş.

Bu şəxsin Stalin və Beriyanın əmri ilə nə qədər adamın qətlini təşkil etdiyi tam bəlli deyil. Çünki bu barədə heç vaxt danışmayıb və bunu öz vəzifə borcu hesab edib. Ancaq sonradan məhkəməsi zamanı üzə çıxıb ki, Beryanın əmri ilə yaradılan “xüsusi qrup”a rəhbərlik edən Sudoplatov və Eytingon mülki vətəndaşlara qarşı məhkəmədənkənar qisas əməliyyatları həyata keçirib. 1946-1947-ci illərdə onlar dörd əməliyyat təşkil ediblər, nəticədə Saratovda keçmiş yüksək vəzifəli partiya və sovet məmuru Şumski, Ulyanovskda mühəndis Səməd, Zakarpatyedə kilsə yepiskopu Romja və Moskvada keçmiş XDİK agenti Oqgins həlak olub.

sudop-4.JPG

1953-cü ildə Stalin öləndən və Beriya həbs ediləndən sonra general-leytenant Sudoplatovun qara günləri başlayıb. “Beriyanın dəstəsinin üzvü” olaraq onu da həbs ediblər. Böyük ehtimalla digər xidmət yoldaşları kimi Sudoplatovu da güllələyəcəkmişlər. Amma doğuşdan ağıllı, hiyləgər, fəndgir adam olan Sudoplatov gah özünü dəliliyə vurub, gah da hər zaman legitim hakimiyyətin, dövlət rəhbərlərinin tapşırıqlarını son dərəcə dəqiqliklə yerinə yetdirdiyini, buna görə həbs olunmalıdırsa, əmrlərin qanunsuz olmasının etiraf edilməsini tələb edib. Axır ki, o başının salamatlığına nail olub. Sudoplatova 15 il həbs cəzası kəsiblər. O, ən ciddi rejimli həbsxanada günə-günə yatıb, əmlakı, təltifləri müsadirə olunub.

21 avqust 1968-ci ildə həbsxanadan çıxdıqdan sonra Supoplatov uzun müddət susub, heç nə danışmayıb. Bu dövrdə o, ədəbi yaradıcılıqla məşğul olub, özünə Anatoli Andreyev təxəllüsü götürüb və İrina Quro ilə birlikdə kitablar nəşr etdirib: "Üfüqlər: Stanislav Kosiorun nağılı" (1977), "Qəddar sahildə: Marseli Novotko haqqında povest" (1983) və "'Atım qaçır...: Viktor Kurnatovski haqqında" (1987).

pavel-sudoplatov-3.jpg

Qorbaçov hakimiyyətə gələndən sonra başlanmış “yenidənqurma və aşkarlıq” illərində köhnə kəşfiyyatçı maraqlı və zəngi həyat yolunun bəzi detallarını, sovet dövlətinə xidmətinin bir hissəsini jurnalistlərə danışıb, oğlu ilə birlikdə kitab yazıb və bir sıra sirlərin açılması ilə əlamətdar olan həmin kitablar - "Kəşfiyyat və Kreml" və "Xüsusi əməliyyatlar. Lubyanka və Kreml. 1930-1950" - bestsellərə çevrilib.

Maraqlıdır ki, “Vladimir” həbsxanasında cəza çəkərkən üç dəfə infarkt keçirən, bir gözü kor olan bu şəxs necə sarsılmaz iradəyə malik olubsa, uzun ömür yaşayıb, yalnız 1996-cı ildə, 90 yaşını haqlayaraq vəfat edib.

Onun bəraət almasının qanuniliyini şübhə altına alanlar da olub. Onlar bildiriblər ki, Sudoplatov məhkəmə tərəfindən sübut edilmiş cinayət əməllərində iştirak edib.

sudop2.JPG

Beləliklə, Leninin dövründə küçə uşağı və alay oğlu, Stalinin dönəmində diversant və killer, Xruşovun vaxtında güzəştsiz cəza çəkən dustaq, Brejnevin və Qorbaçovun zamanında yazıçı, Yeltsinin hakimiyyəti illərində isə əməkdar kəşfiyyatçı kimi yaşayan bu şəxs hazırda Rusiyada dövlət üçün mühüm işlər görmüş dövlət xadimi hesab olunur.

Araz Altaylı, Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr