Dünyada mənzil böhranı və şəhər bərabərsizliyi dövrümüzün ən mühüm urbanizasiya problemlərindən birinə çevrilib.
APA xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən "Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı" mövzusunda panel müzakirəsi zamanı deyib.
Rossbax qeyd edib ki, hazırda təxminən 3 milyard insan qeyri-kafi mənzil şəraitində yaşayır.
Onun sözlərinə görə, 1 milyarddan çox insan qeyri-formal yaşayış məntəqələrində məskunlaşıb, yüz milyonlarla insan isə evsizlik problemi ilə üzləşir.
UN-Habitat rəhbəri vurğulayıb ki, şəhərlər eyni zamanda iqlim dəyişiklikləri, məcburi köç, torpaq qiymətlərinin artması və sosial bərabərsizliyin dərinləşməsi kimi ciddi təzyiqlərlə qarşı-qarşıyadır.
Rossbax deyib ki, bu vəziyyət mənzil siyasətində güclü dövlət idarəçiliyinin, uzunmüddətli planlaşdırmanın və geniş tərəfdaşlığın vacibliyini göstərir.
“Torpaq və mənzil yalnız kommersiya predmeti kimi qiymətləndirilə bilməz. Onların sosial və ekoloji funksiyası var və onlar ictimai rifaha xidmət etməlidir”, – o bildirib.
Onun sözlərinə görə, inklüziv və dayanıqlı şəhərlərin qurulması üçün mənzil sistemlərinin transformasiyası zəruridir. Bu çərçivədə sosial və ictimai mənzil fondunun genişləndirilməsi, qeyri-formal yaşayış məntəqələrinin yenilənməsi, torpaq və əsas xidmətlərə çıxışın yaxşılaşdırılması əsas prioritetlərdəndir.
Rossbax həmçinin qeyd edib ki, “Hamı üçün adekvat mənzil” üzrə açıq hökumətlərarası ekspert işçi qrupu Yeni Şəhər Gündəliyinin icrasında mühüm çoxtərəfli platformaya çevrilir.
Onun fikrincə, bu platforma dövlətlərə, yerli hakimiyyət orqanlarına və tərəfdaşlara praktiki həll yolları hazırlamaq imkanı yaradır.
UN-Habitat rəhbəri tədbirdə keçiriləcək üç panelin sosial inklüzivlik, şəhər rifahı və iqlim dayanıqlılığı kimi bir-biri ilə əlaqəli mövzulara həsr olunduğunu bildirib.
Çıxışının sonunda Rossbax vurğulayıb ki, əsas çağırış artıq strategiyaların hazırlanması deyil, onların praktik icrasıdır. O, hökumətlər arasında əməkdaşlığın gücləndirilməsinin, mənzil, torpaq, infrastruktur, maliyyə və iqlim siyasətlərinin əlaqələndirilməsinin vacib olduğunu qeyd edib.