AZ

Anaklaudia Rossbax: Dünyada 3 milyard insan adekvat mənzil çatışmazlığı yaşayır

BAKI, 17 may. TELEQRAF

Mənzil yalnız yaşayış yeri deyil, həm də iş, təhsil, səhiyyə, təhlükəsizlik və sosial inklüzivliyə çıxışı müəyyən edən əsas amildir. Mənzil sistemləri uğursuz olduqda yoxsulluq və bərabərsizlik daha da dərinləşir.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində panel sessiyada çıxışında deyib.

O bildirib ki, hazırda təxminən 3 milyard insan adekvat mənzil çatışmazlığı ilə üzləşir, 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, 300 milyondan çox insan isə evsizdir:

“Şəhərlər eyni zamanda iqlim dəyişiklikləri, məcburi köç, torpaq qiymətlərinin artması və sosial bərabərsizlik təzyiqləri ilə qarşılaşır. Bu səbəbdən mənzil sistemləri güclü dövlət siyasəti, uzunmüddətli planlaşdırma və əlçatanlığı qoruyan tərəfdaşlıqlar tələb edir.

Yeni Şəhər Gündəliyi vurğulayır ki, torpaq və mənzil yalnız kommersiya obyekti deyil, ictimai maraqlara xidmət edən sosial dəyərlərdir. İnklüziv və dayanıqlı şəhərlər üçün idarəetmənin gücləndirilməsi, sosial mənzil fondunun genişləndirilməsi, qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsi, torpaq və xidmətlərə çıxışın yaxşılaşdırılması vacibdir”.

O vurğulayıb ki, “Hamı üçün adekvat mənzil” üzrə hökumətlərarası ekspert işçi qrupu bu məqsədlərin icrası üçün mühüm platformaya çevrilib:

“O, ölkələrə praktiki həllər, siyasət uyğunlaşması və əməkdaşlıq imkanları təqdim edir.

Bu gün keçirilən panellər mənzilin sosial inklüzivlik, şəhər rifahı və iqlim dayanıqlılığı baxımından rolunu müzakirə edir. Çünki adekvat mənzil olmadan nə inklüziv inkişaf, nə də iqlim hədəflərinə nail olmaq mümkündür.

Əsas məsələ artıq icradır: hökumətlər arasında əməkdaşlığı gücləndirmək, mənzil və iqlim siyasətlərini əlaqələndirmək və urbanizasiyanın faydalarının hamıya çatmasını təmin etmək lazımdır”.

Seçilən
78
10
teleqraf.com

10Mənbələr