AZ

Venesuela Maduronun ən yaxın adamını ABŞ-a TƏHVİL VERDİ

Kolumbiya əsilli məmur, Venesuelanın sabiq prezidenti Nikolas Maduronun yaxın müttəfiqi Aleks Saab saxlanıldıqdan bir neçə ay sonra Venesueladan ABŞ-a deportasiya edilib. Bu barədə Venesuelanın Miqrasiya Agentliyi (SAIME) məlumat yayıb.

KONKRET.az xəbər verir ki, qurumun X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirilib ki, deportasiya qərarı Saabın ABŞ-də müxtəlif cinayətlərdə iştirakına dair ittihamlarla əlaqədar qəbul olunub. Agentlik bunu “ictimaiyyətə məlum və mediada geniş işıqlandırılan fakt” kimi qiymətləndirib.
Reuters agentliyinin məlumatına görə, ABŞ hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki, Aleks Saab fevral ayında Karakasda ABŞ və Venesuela hakimiyyətinin birgə əməliyyatı nəticəsində saxlanılıb.Onun italiyalı vəkili Luici Culiano Reuters-ə açıqlamasında ABŞ-dəki hüquqi prosesdə iştirak etmədiyini və deportasiyanı təsdiqləyə bilmədiyini deyib.

CBS News-un keçmiş ABŞ hüquq-mühafizə əməkdaşına istinadən yaydığı məlumata əsasən, araşdırma Saabın uzunmüddətli biznes tərəfdaşı Alvaro Pulido ilə bağlı 2021-ci il işinə bağlıdır. İstintaq Maduronun hiperinflyasiya dövründə aztəminatlı əhalini ərzaqla təmin etmək üçün yaratdığı CLAP proqramı çərçivəsində mümkün korrupsiya və maliyyə pozuntularını əhatə edir.

Aleks Saab 2024-cü ilin oktyabrında Venesuelanın sənaye və milli istehsal naziri təyin edilmişdi. ABŞ mediasının məlumatına görə, dövlət müqavilələri hesabına böyük sərvət qazanan 54 yaşlı Saab, Maduronun devrilməsindən sonra hakimiyyətdə dəyişiklik fonunda nüfuzunu itirib, vəzifədən uzaqlaşdırılıb və xarici investorlarla əsas vasitəçi rolundan məhrum edilib.

ABŞ 2019-cu ildə Saaba qarşı sanksiyalar tətbiq edərək onu Maduro hökumətinin xeyrinə “geniş korrupsiya şəbəkəsi” qurmaqda ittiham etmişdi. O, 2020-ci ildə İrana uçan təyyarənin Cabo Verde-də yanacaq doldurması zamanı saxlanılmış, 2021-ci ilin oktyabrında isə ABŞ-yə ekstradisiya edilmişdi. Ona qarşı çirkli pulların yuyulması məqsədilə sui-qəsd ittihamı irəli sürülsə də, sonradan ən ağır ittihamların bir hissəsi geri götürülüb.
Saabın 2021-ci ildə ekstradisiyası Venesuela hökuməti ilə müxalifət arasında Meksikada aparılan danışıqlara da təsir göstərmişdi. O vaxt Saab hökumət nümayəndə heyətinin formal üzvü idi. 2023-cü ilin dekabrında isə Co Bayden administrasiyası onu məhbus mübadiləsi çərçivəsində azad etmişdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
22
konkret.az

1Mənbələr