Amerika Birləşmiş Ştatları Texas ştatındakı "Fort Hood" hərbi bazasında yerləşən 1-ci Süvari Diviziyasının hissələrini Polşa ərazisinə köçürməyə başlayıb.
Müvafiq məlumatı Polşa Milli Təhlükəsizlik Bürosunun (BBN) direktoru Bartoş Qrodetski "X" platformasındakı hesabında açıqlayıb.
"Hazırkı dövrə qədər nəzərdə tutulan hərbi heyətin 20%-dən çoxu, həmçinin hərbi texnikanın təqribən 70%-i "Fort Hood"dan Polşaya gətirilib ki, bu da qüvvələrin döyüş hazırlığının təmin edilməsində əsas amil hesab olunur", - deyə paylaşımda qeyd olunub.
O bildirib ki, qurumun qiymətləndirmələrinə əsasən, rotasiya qrafiklərindəki yeniliklər ABŞ-nin 2-ci Süvari Alayını Almaniyanın Filsekk şəhərindən çıxarmaq niyyəti ilə əlaqədardır.
Qrodetskinin sözlərinə görə, bu bölmənin daha əvvəl Polşaya göndərilməsi planlaşdırılan Amerika zirehli tank briqadasını əvəz etmək üçün yönləndirilməsi mümkündür.