Bakı, 17 may, AZƏRTAC
Şəhərlərin inkişafında qadın hüquqlarının təmin edilməsi vacibdir. Rəhbərlik etdiyim təşkilat qadınların şəhər infrastrukturundan, xidmətlərdən və nəqliyyatdan bərabər istifadə hüquqları istiqamətində fəaliyyət göstərir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən, Argentinanın Kordoba Milli Universitetinin professoru, QHT rəhbəri Ana Falu deyib.
Müasir şəhərsalmada Latın Amerikası və qlobal müstəvidə üç əsas çağırışın mövcudluğunu qeyd edən A.Falu sosial bərabərsizlik, inklüzivlik və iqlim dəyişikliyini barədə danışıb: "Bu gün şəhərlərin zəngin bölgələri sürətlə inkişaf etdiyi halda, yoxsul ərazilərdə fundamental vətəndaş hüquqlarının çatışmazlığı müşahidə olunur. Şəhərlər planlaşdırılarkən neytral mövqedən deyil, cəmiyyətdəki çoxşaxəli müxtəliflik, yəni irq, etnik mənsubiyyət, sosial şərait və yaş amilləri nəzərə alınmaqla layihələndirilməlidir. Gənc bir qadınla yaşlı bir qadının şəhər mühitindən istifadə ehtiyacları fərqlidir və inklüziv şəhərlər bu fərqlilikləri qarşılamalıdır".
Professor iqlim dəyişikliyinin, xüsusilə artan enerji istehlakı və daşqınların insanların gündəlik həyatına və şəhər infrastrukturuna vurduğu zərərləri də vurğulayaraq, urbanizasiya prosesində ekoloji dözümlülüyün artırılmasının qaçılmaz olduğunu diqqətə çatdırıb.
AZƏRTAC-0-
Müxbirlər - Tərgül Babayeva, Aytac Haqverdiyeva, Leyla Muradzadə