AZ

Anqola Azərbaycanla turizm sahəsində anlaşma memorandumu imzalaya bilər

Afrika ölkələrinin sürətli urbanizasiya fonunda infrastruktur çatışmazlığını aradan qaldırmaq üçün daha çox maliyyə resursuna ehtiyacı var.

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) iştirakçısı, Anqolanın ictimai İşlər, şəhərsalma və mənzil naziri Carlos Santos “APA-Economics”ə açıqlamasında deyib.

Nazir forumun yüksək səviyyədə təşkil olunduğunu bildirib və Azərbaycanın tədbirin keçirilməsində göstərdiyi səyləri yüksək qiymətləndirib.

“Bu forumun təşkili əladır. Gündəlik, müzakirələr və ümumi təşkilatçılıq çox yüksək səviyyədədir. Azərbaycanı bu mühüm tədbirin uğurla təşkil olunması münasibətilə təbrik edirəm”, – Carlos dos Santos qeyd edib.

Onun sözlərinə görə, Afrikada şəhər əhalisi sürətlə artır, lakin xüsusilə urban ərazilərdə ciddi infrastruktur çatışmazlığı qalmaqdadır.

“Bizim ideyalarımız var, amma daha çox fəaliyyətə və maliyyə dəstəyinə ehtiyac duyuruq. Yeni Şəhər Gündəliyində nəzərdə tutulan hədəflərə nail olmaq üçün Afrika ölkələrinə əlavə maliyyə resursları ayrılmalıdır”, – deyə nazir vurğulayıb.

Carlos Santos Azərbaycan və Anqolanın iqtisadiyyatlarında neft sektorunun mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, bu oxşarlıq iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

Nazir bildirib ki, turizm sahəsində də geniş əməkdaşlıq potensialı mövcuddur və tərəflər gələcəkdə bu istiqamətlər üzrə anlaşma memorandumu (MoU) imzalaya bilərlər.

“Azərbaycan və Anqolanın ortaq cəhətləri çoxdur. Turizm və digər sahələrdə qısa, orta və uzunmüddətli perspektivdə əməkdaşlığı inkişaf etdirmək mümkündür”, – deyə Carlos dos Santos əlavə edib.

Seçilən
42
apa.az

1Mənbələr