
ABŞ Mərkəzi Komandanlığı blokadada saxladığı Hörmüz boğazında helikopterlə patrul xidmətini davam etdirdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən açıqlamada ABŞ/İsrail-İran müharibəsində qeyri-müəyyənliyin hökm sürdüyü Hörmüz boğazındakı son vəziyyət barədə məlumat verilib.
Boğazda patrul xidməti həyata keçirən ABŞ helikopterindən çəkilmiş fotoşəkilin də yer aldığı CENTCOM-un paylaşımında bildirilib ki, ABŞ-ın İrana qarşı dəniz blokadasını tətbiq etdiyi bir vaxtda ABŞ ordusuna məxsus helikopter Hörmüz boğazı yaxınlığındakı regional sular üzərində uçuş həyata keçirərək kommersiya gəmilərini müşahidə edir.
Açıqlamada 16 may tarixinə olan məlumata görə, qaydalara əməl olunmasını təmin etmək məqsədilə 78 kommersiya gəmisinin marşrutunun dəyişdirildiyi və 4 gəminin zərərsizləşdirildiyi qeyd edilib.
CENTCOM-un bu bəyanatı ABŞ Prezidenti Donald Trampın Çin səfərindən qayıtmasından sonraya təsadüf edib və qeyri-müəyyənliyin hökm sürdüyü bölgədə Amerika ordusunun blokada ilə bağlı qətiyyətli mövqeyini nümayiş etdirib.