“Mənzil siyasəti sosial ədalətin və dayanıqlı inkişafın mərkəzidir”.
APA xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Ömər Bulut WUF13 çərçivəsində keçirilən "Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı" mövzusunda panel müzakirəsi zamanı deyib.
O, çıxışında Azərbaycan hökumətinə və BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) təşəkkür edərək Türkiyənin sürətli urbanizasiya prosesindən keçdiyini və bunun sosial inteqrasiya, mənzil təminatı və şəhər planlaşdırması sahəsində ciddi çağırışlar yaratdığını qeyd edib.
Bulut bildirib ki, Türkiyə 85 milyon əhalisi olan ölkə kimi Asiya ilə Avropanı birləşdirən strateji mövqeyə malikdir və bu proses şəhərlərin sürətlə böyüməsinə səbəb olub. Onun sözlərinə görə, son 20 ildə həyata keçirilən dövlət siyasətləri nəticəsində mənzil probleminin qismən həllinə nail olunub.
“Mənzil yalnız şəhərsalma məsələsi deyil, sosial ədalət, inkişaf, insan ləyaqəti və insan hüquqlarına əsaslanan dövlət siyasətinin mərkəzidir",- o qeyd edib.
Nazir müavini əlavə edib ki, Türkiyədə mənzil tikintisinin təxminən 85 faizi özəl sektor tərəfindən həyata keçirilir, dövlət isə bu prosesin təxminən 15 faizini təmin edir. O qeyd edib ki, son 20 ildə 1,75 milyondan çox sosial mənzil tikilib və 7 milyondan çox vətəndaş təhlükəsiz yaşayışla təmin olunub.
Bulut həmçinin vurğulayıb ki, sosial mənzil layihələri təkcə ev tikintisi deyil, həm də icma mədəniyyətinə uyğun, təbiətlə harmoniyada və sosial inteqrasiyanı gücləndirən yaşayış mühitinin yaradılmasına yönəlib.
O, çıxışının sonunda Türkiyənin gələcək hədəfinin daha dayanıqlı, iqlimə uyğun və inklüziv şəhərlər qurmaq olduğunu qeyd edib.