
ABŞ İranla danışıqlara başlamaq üçün ölkədəki biri istisna olmaqla, bütün nüvə obyektlərində fəaliyyətlərin dayandırılmasını da əhatə edən şərtlər irəli sürüb.
AFN.az xəbər verir ki, "Fars" Xəbər Agentliyinin yaydığı məlumata görə, ABŞ İrana danışıqlar üçün 5 əsas şərt təqdim edib.
Vaşinqtonun Tehrana çatdırdığı şərtlər arasında ABŞ tərəfindən kompensasiya ödənilməməsi, İranın əlindəki 400 kiloqramlıq zənginləşdirilmiş uran kütləsini ABŞ-yə təhvil verməsi, İranın biri istisna olmaqla bütün nüvə obyektlərində fəaliyyətini dayandırması, İranın dondurulmuş aktivlərinin sərbəst buraxılmaması və müharibənin bütün cəbhələrdə dayandırılmasının danışıqlar şərtinə bağlanması yer alıb.
İran isə öz növbəsində danışıqlar üçün şərtlərini müharibənin Livan da daxil olmaqla bütün cəbhələrdə bitirilməsi, sanksiyaların ləğv edilməsi, dondurulmuş aktivlərin sərbəst buraxılması, müharibə kompensasiyasının ödənilməsi və İranın Hörmüz boğazındakı suverenliyinin tanınması olaraq bəyan etmişdi.