“Zirə” Azərbaycan kubokunun finalında “Sabah”a məğlub olmaqla “Neftçi”yə həyat verdi.
Məlum oldu ki, Premyer Liqada ilk 4 yeri tutan komandalar avrokuboklara vəsiqə qazanacaq.
Ölkəmizi Avropada təmsil edəcək kollektivlərdən 3-ü məlumdur – “Sabah”, “Qarabağ” və “Turan Tovuz”. Dördüncü vəsiqəyə “Neftçi”ylə “Zirə”dən biri sahib çıxacaq ki, bu, mövsümü 4-cü pillədə başa vurana nəsib olacaq.
31 turdan sonra aktivində 53 xal olan “ağ-qaralar” 4-cü yerdə qərarlaşıbsa, “qartallar” 40 xalla 5-cidir.
“Neftçi” 32-ci turda “Sabah”ın qonağı olacaq, gələn həftə Yevlaxda “Kəpəz”lə üz-üzə gələcək.
“Zirə” bazar günü “Sumqayıt”ı qəbul edəcək, 33-cü turda “Aaz-Naxçıvan”la görüş üçün Sumqayıta yollanacaq.
Avrokuboklara vəsiqəni təmin etmək üçün “Neftçi”yə 1 qələbə lazımdır.
Bakılılar “Sabah”ı məğlub edəcəyi təqdirdə Konfrans Liqasında iştirak hüququ rəsmiləşəcək. Hətta sonuncu turda “Kəpəz”ə uduzsa, “Zirə” hər iki qarşılaşmanı qələbə ilə başa vursa belə.
“Neftçi” “Sabah”a uduzsa, “Zirə” də “Sumqayıt”ı udsa, belədə xallar bərabərləşəcək, ümid qalacaq sonuncu tura.
Gələn həftənin sonu “ağ-qaralar” səfərdə “Kəpəz”i udsa, “Zirə” də “Araz-Naxçıvan”dan 3 xal qoparsa, yenə xallar bərabər olacaq – 56.
Bu təqdirdə Konfrans Liqasına “Neftçi” yollanacaq.
Peşəkar Futbol Liqasının Əsasnaməsindəki məlumata görə, mövsümün yekununda xallar bərabər olacağı halda, mövsümboyu ən çox qələbə qazanmış komanda sevinən tərəfə çevrilir.
Bu göstəricidə bərabərlik olacağı təqdirdə bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqi əsas götürülür.
Qısası, “Zirə”nin nəticələrindən asılı olmayaraq “Neftçi”yə Konfrans Liqasına yolçuluq üçün cəmi bir qələbə lazımdır.
Mayın 17-də “Zirə” – “Sumqayıt”, “Neftçi” – “Sabah” duelləri keçiriləcək. Hər iki oyun saat 18:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ