Tikinti xərcləri məsələsini bir qədər daha dərindən anlamaq lazımdır. Bizim sektorda yalnız ilkin investisiyanı deyil, tikilinin bütün istismar müddəti ərzində yaranacaq ümumi xərcləri nəzərə alırıq.
Day.Az xəbər verir ki, bunu "Holcim Azerbaijan"ın baş direktoru Serchio Stoikov WUF13 çərçivəsində baş tutan "Mənzil dəyər zənciri boyunca özəl sektor liderliyi: Çətinliklərə baxmayaraq nəticələrə nail olmaq" mövzusunda Biznes Assambleyası sessiyası deyib.
Onun sözlərinə görə, başlanğıcda az vəsait yatıraraq ucuz tikinti aparmaq o demək deyil ki, həmin tikili həqiqətən ucuz başa gəlir:
"Biz texniki xidmət xərclərini, evin soyudulması və ya qızdırılması üçün tələb olunan enerji xərclərini də hesablamalıyıq. Əgər yekunda ümumi xərc daha yüksək olursa, bu artıq əlçatan mənzil hesab edilə bilməz".
Baş direktor bildirib ki, rəhbəelik etdiyi şirkət yalnız tikinti materiallarının və xidmətlərinin qiymətinə baxmır, ümumi tikinti xərcinə təsir edən dörd əsas elementi araşdırır:.
"Birinci məsələ daha ağıllı dizayndır. Ən dayanıqlı beton kub metri ümumiyyətlə istifadə olunmayan betondur. Ənənəvi tikinti iri tirlər, böyük sütunlar və çoxlu beton istifadəsi deməkdir ki, bu da hər zaman səmərəli olmur. Biz kütləvi tikinti yanaşmasından dizayn əsaslı yanaşmaya keçməliyik.
İkinci istiqamət yerli aşağı karbonlu materialların əlçatanlığıdır. Biz hesab edirik ki, sement və beton dayanıqlı, miqyaslana bilən və yerli səviyyədə mövcud materiallar olduğu üçün vacibliyini qoruyacaq. Əsas məsələ onları necə aşağı karbonlu etməkdir".
Serchio Stoikov vurğulayıb ki, hazırda Azərbaycanda aşağı karbon emissiyalı sement məhsulları mövcuddur və bu materiallar yol infrastrukturu tikintisində karbon emissiyalarını 50 faizə qədər azaltmağa imkan verir:
"Eyni zamanda, tikinti və söküntü tullantılarının təbii xammala alternativ kimi daha geniş istifadəsini təşviq etmək istəyirik. Bu iqtisadi baxımdan da vacibdir, çünki logistika xərclərini, qeyri-sabit təchizat zəncirinin təsirlərini və enerji qiymətlərindəki dəyişkənliyi azaldır.
Üçüncü istiqamət sənayeləşmiş məhsuldarlıqdır. Əlçatan mənzil sürət, keyfiyyət və resursların ağıllı idarə edilməsini tələb edir. Ənənəvi tikinti üsulları adətən ləng olur, tullantı yaradır və keyfiyyət baxımından qeyri-sabit nəticələr verir.
Həll yolu isə sənaye üsulu ilə istehsal olunan quru qarışıqlardan və hazır betondan daha geniş istifadədir. Bundan əlavə, tikintidə rəqəmsallaşma dayanıqlılıq və əlçatanlıq baxımından yeni mərhələ hesab olunur.
Məsələn, Şərqi Afrikada artıq 3D çap texnologiyasından istifadə edilir. Bu texnologiya ilə standart iki və ya üçotaqlı evin divarlarını 24 saatdan az müddətdə tikmək mümkündür. Bu həm tikinti müddətini, həm də maliyyə xərclərini əhəmiyyətli dərəcədə azaldır və evlərin bazara daha sürətli çıxmasını təmin edir.
Son olaraq isə biz tikilinin dayanıqlılığı və bütün həyat dövrü üzrə dəyəri haqqında danışırıq. İlkin mərhələdə ən ucuz investisiya həmişə uzunmüddətli dövrdə əlçatan mənzil demək deyil. Bu vəziyyətdən isə ən çox aşağı gəlirli ailələr zərər görür".