Sülh yalnız məhkəmələrdə və ya beynəlxalq institutlarda qurulmur, sülh və etimad eyni zamanda yerli səviyyədə formalaşır.
Day.Az xəbər verir ki, bunu Haaqa şəhərinin meri Yan van Zanen Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində "Yerli liderlik yenilənmiş çoxtərəfli yanaşmanı formalaşdırır" mövzusu ilə keçirilən Yerli və Regional Hakimiyyət Orqanlarının Ümumdünya Assambleyasında çıxışı zamanı bildirib.
"Biz bir daha, Bakıda çox mühüm bir məqamda bir araya gəlmişik - təkcə 2030-cu ilin və Yeni Şəhər Gündəliyinin onillik icmalının yaxınlaşmasına görə deyil, həm də beynəlxalq kontekstin sürətlə dəyişməsi səbəbindən toplaşmışıq.
Əvvəlki forumlarla müqayisədə bu gün xüsusilə diqqətimi çəkən məqam isə qlobal müzakirələrlə gündəlik yerli reallıqlar arasındakı məsafənin nə dərəcədə azalmasıdır", - deyə o bildirib.
Van Zanen qeyd edib ki, qlobal çağırışlar çoxtərəfliliyin daha inklüziv, çoxsəviyyəli və icraya yönəlmiş sistem kimi yenidən düşünülməsini zəruri edir.
"Çünki böhran heç də hər şeyi ehtiva etməyib. Elə bir multilateralizm sistemi var ki, o nəinki böhran yaşamır, əksinə möhkəmlənməyə və inkişaf etməyə davam edir. Bu, şəhərlər və regionlar tərəfindən yaradılmış sistemdir. İnsanlara yaxınlıq, həmrəylik və inklüzivlik üzərində qurulan sistemdir.
Qlobal bələdiyyə hərəkatı göstərir ki, ərazilər arasında əməkdaşlıq təkcə mümkün deyil, bu həm də dərin transformasiyalara gətirib çıxara bilər", - deyə o bildirib.