AZ

KİV: İraqda İsrailin iki gizli hərbi bazası aşkarlanıb

BAKI, 17 may. TELEQRAF

İraqın bir ildən artıq müddətdir öz ərazisində İsrailə məxsus iki məxfi hərbi bazanın yaradılması üçün gizli şəkildə şərait yaratdığı iddia edilir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin "The New York Times" (NYT) qəzeti rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl "The Wall Street Journal" (WSJ) qəzeti də İsrailin İranla hərbi münaqişə başlamazdan öncə İraqda gizli hərbi baza qurduğunu yazmışdı. Məlumata görə, həmin baza İsrail Hərbi Hava Qüvvələri üçün logistik mərkəz rolunu oynayıb. Eyni zamanda, döyüşlər zamanı İsrail təyyarələrinin vurulacağı təqdirdə pilotları xilas etmək məqsədilə bura xüsusi təyinatlılar və axtarış-xilasetmə qrupları yerləşdirilib.

"The New York Times" nəşri qeyd edir ki, İsrail qoşunları bazalardan birinin inşasına hələ 2024-cü ilin sonlarında başlayıb. Vurğulanır ki, Vaşinqton İraq ərazisində üçüncü bir dövlətin qoşunlarının yerləşdirilməsini Bağdad rəhbərliyindən gizlətmiş ola bilər. Bu ifşa isə ABŞ-nin ölkədəki siyasi nüfuzunu ciddi təhlükə altına qoyur.

Nəşrin iddiasına görə, İraq hərbçiləri sözügedən bazanı "məsafədən müşahidə" ediblər və məsələyə aydınlıq gətirilməsi üçün amerikalı həmkarlarına rəsmi sorğu göndəriblər, lakin cavab ala bilməyiblər.

İraq Hökuməti öz ərazisində hər hansı İsrail hərbi obyektinin mövcudluğunu qətiyyətlə təkzib edir. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə vəziyyətlə bağlı şərh verməkdən imtina edib. Lakin NYT-nin mənbələri ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bu bazalardan xəbərsiz olmasını "ağlabatmaz" adlandırıb.

İraq parlamentinin deputatı Vaad əl-Kaddo hadisəyə sərt reaksiya verərək ABŞ və İsraili ittiham edib:

"Bu faktlar İraqın suverenliyinə, hökumətinə, silahlı qüvvələrinə, eləcə də İraq xalqının ləyaqətinə qarşı açıq-aşkar və kobud hörmətsizliyin nümayişidir".

Seçilən
36
teleqraf.com

1Mənbələr