Bakı, 17 may, AZƏRTAC
Bu, mənim həm Azərbaycana, Bakıya ilk səfərimdir. Hava limanına düşdüyümüz andan etibarən bu şəhərin digər şəhərlər üçün həqiqətən model ola biləcək bir məkana çevrilmək iddiasına şahid olduq.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən, BMT-nin And ölkələri üzrə Regional Koordinatoru Roi Chiti deyib.
"Məni heyran edən cəhətin, simvolik binalar olduğunu deyərdim. Bu, şəhərin özünü göstərmək və gələcəyə boylanan inkişaf etmiş bir şəhər imicini nümayiş etdirmək üçün verdiyi qətiyyətli bir bəyanatdır, güclü bir addımdır. Hesab edirəm ki, bu, mühüm elementdir",- deyə koordinator bildirib.
"Burada adətən ictimai məkanlarda, şəhər yerlərində görmək istədiyimiz o canlılığı hiss etdim. Düşünürəm ki, bu da gördüklərim arasında digər bir müsbət tərəfdir. Bu barədə xüsusi dayanaraq qeyd edim ki, hazırlıq mərhələsində olan bir çox başqa layihələrin də olduğunu gördüm və onların hamısı yaşıllıqlara və ictimai məkanlara üstünlük verir.
Buna görə də hesab edirəm ki, bir şəhər üçün yaşıl zonaların kəmiyyət və keyfiyyətini artırmaq, ağaclar əkmək çox vacibdir", - deyə Roi Chiti əlavə edib.