BAKI, 17 may. TELEQRAF
Braziliya Prezidenti Luis İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampı Kubaya qarşı iqtisadi blokadanı ləğv etməyə çağırıb.
Teleqraf xəbər verir ki, Lula da Silva bu barədə “The Washington Post” qəzetinə müsahibəsində danışıb.
Nəşrin məlumatına görə, Braziliya lideri Trampı “Kubaya şans verilməsinin vacibliyinə” inandırmağa çalışıb.
“Bildiyim budur ki, əgər ABŞ diktə edən tərəf kimi yox, danışıqlar masasına oturan tərəf kimi çıxış etsə, Kuba bu prosesdə iştirak edəcək”, - deyə Lula da Silva bildirib.
O əlavə edib ki, Havana Vaşinqtonla dialoq aparmaqda maraqlıdır.
Məlumata görə, Braziliya və ABŞ prezidentləri ötən həftə Ağ Evdə keçirilən görüşdə İran böhranının nizamlanması, ticarət və gömrük rüsumları, eləcə də ABŞ-nin Kubaya mümkün müdaxiləsi məsələlərini müzakirə ediblər.