AZ

''Qalatasaray''ın sabiq üzvü Van Diyki şirnikləndirməyə çalışır

2018-22-ci illərdə ''Qalatasaray''ın şərəfini qorumuş Ömər Bayram Vircil van Diyk ilə bağlı diqqətçəkən acıqlamalar verib. ''Liverpul'' və Niderland yığmasının ulduz müdafiəçisi İstanbul nəhənginin maraq dairəsindədi.

Hazırda ''Sarıyer''də çıxış edən 34 yaşlı Ömər Niderlandda doğulub və Van Diyki uşaq yaşlarından tanıyır. ''Sarı-qırmızılar''ın heyətində bir dəfə çempion olmuş Bayram ''HT Spor'' kanalına bunları deyib:

''Biz onunla zatən tez-tez söhbətləşirik. İndi mənim bu mövzuda nəsə deməyim həm ''Qalatasaray'', həm də Van Diyk üçün düzgün olmaz. Amma ''Qalatasaray'' artıq elə bir dönəmə qədəm qoyub ki, transfer edə bilməyəcəyi futbolçu yoxdu. Van Diyki də ala bilərlər. Həm bir azarkeş, həm də yaxın dostu kimi onun ölkəmizdə oynamasını çox istərdim. Bəzən onu Türkiyəyə gəlməsi üçün xoş sözlərlə şirnikləndirməyə çalışıram. Çünki uzun illərdi tanışıq və səmimi münasibətimiz var. Uşaqlığımız bir yerdə keçib. Eyni qəsəbədə böyümüşük. Eyni məhəllədə top oynamışıq. Hətta ilk dəfə bir yerdə işə də düzəlmişik. Bir restoranda qab-qacaq yuyurduq. Məncə, ''Qalatasaray'' Türkiyənin ''Bavariya''sına çevrilmək yolunda əmin addımlarla irəliləyir. Bu mövsüm onların ifasında izlədiyim matçlardan böyük zövq aldım. Həmişə olduğu kimi ölkəmizə çox şey qatmaqda davam edirlər. ''Qalatasaray'' hər zaman mənim üçün ayrı bir önəmə sahibdi''.
Seçilən
39
1
football-plus.az

2Mənbələr