AZ

Diqqət Bakıya: “Qəzza müsibəti” yaşayanlar üçün “Böyük Qayıdış”

Bu gündən etibarən Azərbaycan daha bir beynəlxalq tədbirə evsahibliyi etməyə başlayıb. Əslində, dövlətimizin beynəlxalq tədbirləri keçirmək ənənəsi yeni deyil və bununla bağlı uzun illərin təcrübəsi var. Xüsusilə də 2024-cü ildə COP29-a qısamüddətli hazırlıqdan sonra Azərbaycanın kifayət qədər uğurlu şəkildə ev sahibliyi etməsi və dünyanın ən böyük tədbirini yüksək səviyyədə keçirilməsi bir çox dairələri sözün əsl mənasında heyrətləndirmişdi.

O zaman Azərbaycana qarşı kifayət qədər planlar və ssenarilər işə salınmışdı. Ölkəmizin uğurlarına kölgə salmağa çalışan, xüsusilə də zəfər qazanmış dövlətimizin növbəti uğurlu təşkilatçılığına xələl gətirməyə cəhd göstərən beynəlxalq şəbəkələr də hərəkətə keçmiş, ayrı-ayrı paytaxtlardan qarayaxma kampaniyalarına start verilmişdi. Amma bütün bunlar Azərbaycanın həyata keçirdiyi təşkilatçılığı və tədbirin yüksək səviyyədə reallaşmasını əngəlləyə bilmədi. Bundan sonra BMT-nin Şəhərsalma Forumunun keçirilməsi istiqamətində rəsmi Bakının namizədliyini irəli sürməsi və bununla bağlı əldə olunan razılaşmalar heç şübhəsiz ki, ötən illərdə qazanılmış təcrübədən və özünəinamdan irəli gələn qərar idi. COP29-dan öncə də Azərbaycan Qoşulmama Hərəkatının Zirvə görüşünə, həmçinin Türk Dövlətləri Təşkilatının tədbirlərinə və bir sıra digər beynəlxalq platformalarda özünün yüksək bacarığını və ciddi uğurlara imza atmaq imkanlarını təsdiqləmişdi. Eyni zamanda qlobal səviyyədə dialoq məkanı kimi Bakı və Azərbaycanın digər şəhərləri də ötən illər ərzində kifayət qədər tanınmağı bacarıb. Şəhərsalma Forumuna 182 ölkədən 50 mindən artıq iştirakçının qatılması faktı da 13-cü sessiyanın əhatə dairəsinin genişliyindən xəbər verir.

Bakıda

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bir sıra cəhətlərinə görə dövlətimiz üçün mühüm əhəmiyyət daşıyır. Bu barədə az sonra bəhs edəcəyik...

Forumun təşkilatçılığı barədə yaxından təsəvvür formalaşdırmaq üçün elə ilk gündə Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə iştirak etmək qərarına gəldik. “Koroğlu” metrostansiyasından başlayan istiqamətləndirici işarələr, məlumat lövhələri, həmçinin xüsusi geyimli könüllülərin fəallığı məmnunluq doğururdu. Həmin könüllülərdən biri ilə birlikdə “Koroğlu” metrostansiyası yaxınlığından tədbir iştirakçılarını ünvana çatdırmaq üçün ayrılmış xüsusi avtobusların dayanacağına qədər bərabər getdik və avtobusla Forumun keçirildiyi möhtəşəm Bakı Olimpiya Stadionuna rahat şəkildə çatdıq. Yol boyu könüllülərin bu prosesdə necə həvəslə iştirak etməsi təşkilatçılığın yüksək səviyyədə həyata keçirilməsinin nümunəsi idi. Forumun keçirildiyi arenada həm xarici ölkələrdən gəlmiş qonaqların, həm də yerli iştirakçıların yağışlı hava şəraitinə baxmayaraq, aktivliyi diqqət çəkirdi.

Azərbaycan Respublikasının dövlət bayrağı və BMT –nin bayrağının qaldırılması qaldırılması mərasimində qürurverici anlar yaşandı. 1992-ci ildə Azərbaycan BMT-yə üzv qəbul olunarkən təşkilatın binası qarşısında Azərbaycan bayrağı qaldırılmışdısa, bu dəfə Bakıda keçirilən BMT-nin nüfuzlu tədbirində qoşa bayraqların təntənəli şəkildə qaldrılması hər birimizi məmnun edən hal idi. Bu qüruru daha da artıran məqam Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş və şəhid olmuş qəhrəmanlarımızın övladlarının mərasimdə iştirakı idi. Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin oğlu Əli Əlizadə və Xüsusi Təyinatlı Qüvvələrin şəhidi, baş gizir Camal İsmayılovun qızı Əsnad İsmayılzadə milli geyimlərdə forumun açılış mərasimində iştirak etdilər. Bunun böyük rəmzi mənası var idi. 30 il ərzində torpaqlarımızın işğal altında qalması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasından sonra Bakıda bayraq mərasimində Azərbaycan torpaqlarını işğaldan azad etmiş qəhrəman övladlarının iştirakı ilə düzənlənən bu mərasimin beynəlxalq ədalətin nümayişi baxımından böyük mənası var idi.

Bakıda

Qeyd edək ki, Forumla əlaqədar tədbirlər hələ aprel ayının sonlarından etibarən başlamışdı. Azərbaycanın müxtəlif bölgələrində keçirilən tədbirlər Xankəndi şəhərinə qədər davam etmişdi və bunun da simvolik mənasını qeyd etmək yerinə düşər. Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etmək təşəbbüsünü 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən və ölkənin suverenliyinin tam bərpasından sonra irəli sürmüşdü. İşğaldan azad olunmuş şəhər və kəndlərdə həyata keçirilən yenidənqurma və bərpa işlərinin sürətləndirilməsi də Forumun Azərbaycanda keçirilməsi üçün əlavə stimul yaratdı. 200-ə yaxın ölkədən gəlmiş iştirakçıların, mütəxəssislərin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərləri də planlaşdırılır. Onlara dövlətimizin uğurla reallaşdırdığı “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji və yeni urbanizasiya modelləri təqdim olunacaq. Azərbaycanın təkbaşına həyata keçirdiyi bu uğurlu layihələr ölkəmizin imkan və potensialını beynəlxalq aləmə növbəti dəfə nümayiş etdirəcək. Bundan əvvəl işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri ilə bir sıra xarici dövlət başçılarının tanışlıq imkanı olub. Şuşa, Xankəndi və digər şəhərlər artıq beynəlxalq tədbirlərə ev sahibliyi edir. Start götürən Forum növbəti imkanlar deməkdir. Bu Forum həm də ölkəmizə investisiyaların cəlb olunması və Azərbaycan təcrübəsinin qlobal miqyasda paylaşılması üçün yeni imkanlar yaradacaq.

Bakı Olimpiya Stadionunda bundan əvvəl də mühüm tədbirlər və idman yarışları keçirilib. Budəfəki tədbir də öz əzəməti ilə seçilir. 53 hektarlıq ərazidə 6 min nəfərlik əsas zalın yaradılması, yüzlərlə sessiya və tərəfdaş tədbirlər üçün məkanların ayrılması, sərgilərdə Azərbaycanın potensialının nümayiş etdirilməsi, media üçün yaradılmış rahat şərait ölkəmizin qlobal miqyasda daha da tanınmasına töhfə verəcək.

qaynarinfo.az

Bu gün dünya əhalisinin sürətlə iri şəhərlərə axını qlobal problemə çevrilib. Belə bir şəraitdə şəhərlərin planlaşdırılması, urbanizasiya və yaşayış problemləri beynəlxalq gündəmin əsas məsələlərindən biridir. Hesablamalara görə, 2050-ci ilə qədər dünya miqyasında şəhər əhalisinin 70 faizə qədər artacağı gözlənilir. Bu isə COP29-da qaldırılan ekoloji məsələlərlə yanaşı, şəhərsalma və urbanizasiya problemlərinə də ciddi diqqət yetirilməsini zəruri edir. 17 - 22 mart tarixlərində keçiriləcək sessiyanın əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri, təhlükəsiz və dayanıqlı şəhərlər”dir. Dünyanın bir çox bölgəsində insanların normal yaşayış üçün minimal imkanlardan belə məhrum olması XXI əsr insanı üçün ciddi sosial siqnaldır. Eyni zamanda müxtəlif bölgələrdə davam edən müharibələr insanların yaşayış şəraitini daha da ağırlaşdırır.

Azərbaycan dövlətinin Lideri İlham Əliyev qlobal səviyyədə sülhün, təhlükəsizliyin və rifahın təşviqi istiqamətində daim təşəbbüslərlə çıxış edir. Pandemiya dövründə vaksinlərin ədalətli bölüşdürülməsi ilə bağlı BMT çərçivəsində irəli sürülən təşəbbüsün 130-dan çox ölkə tərəfindən dəstəklənməsi də bunun nümunəsidir. Təkcə bu fakt göstərdi ki, Azərbaycan Prezidenti yalnız öz ölkəsinin deyil, bütün dünyada yaşayan insanların rifahını düşünən lider kimi çıxış edir. Şəhərsalma Forumu ilə bağlı təşəbbüsə uğurla rəhbərlik edilməsi də bunu bir daha təsdiqləyir. Artıq müxtəlif ölkələrin liderləri Forumda iştirak etmək üçün Azərbaycana səfər edirlər. Forum ərəfəsində Avropa Parlamenti, AŞ PA və digər anti-Azərbaycan təşkilatların qara piar kampaniyasına başlaması da tədbirin uğuruna kölgə sala bilmədi, ayrı-ayrı ölkələrin liderlərinin, 200-dək ölkənin nümayəndlərinin Bakıya gəlişi də bunu təsdiqləyir.

WUF13

Azərbaycanın Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi platformalarda aktiv fəaliyyəti də hər kəsə məlumdur. Bu tədbirlə bağlı ölkəmizə göstərilən etimad da təsadüfi deyil. Azərbaycan Prezidentinin Forum öncəsi hazırlıq işləri ilə şəxsən tanış olması, əlavə tapşırıqlar verməsi dövlətimizin bu tədbirə nə qədər önəm verdiyini göstərir. BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anakl audia Rossbaxın Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı ölkəmizin təşkilatçılığına yüksək qiymət verməsi, Azərbaycanın innovativ yanaşmalarını alqışlaması da xüsusi əhəmiyyət daşıyır. O, Azərbaycanın tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliyini ifadə edib. Forum çərçivəsində gələcək əməkdaşlıqlarla bağlı Niyyət məktubunun imzalanması isə əlavə perspektivlər vəd edir.

Azərbaycanın şəhərsalma sahəsində, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi innovativ layihələrin beynəlxalq səviyyədə nümunəvi fəaliyyəti məmnunluq doğurur və beynəlxalq səviyyədə təsdiqlənir. Şübhə yoxdur ki, Azərbaycan növbəti dəfə uğurlu təşkilatçılığı ilə beynəlxalq səviyyədə nümunəvi dövlət kimi tanınacaq. Bundan əvvəl ölkəmizə qarşı müxtəlif maneələr yaratmağa çalışan qüvvələr necə uğur qazana bilməyiblərsə, bundan sonra da məqsədlərinə nail ola bilməyəcəklər. Bir sıra regionlarda dağıdıcı silahlarla şəhərlər, kəndlər dağıdılır, yaşayış məskənləri yer üzündən silinir, “Qəzza müsibəti” yaşanır. Amma 30 il işğaldan əziyyət çəkən, 300-dən artıq yaşayış məntəqəsi darmadağın edilən Azərbaycan təkbaşına xarüqələr yaradır, tikir, Böyük Qayıdışı təmin edir, müasir çağırışlara cavab verən baş planları təqdim edir. Bu gün dünyanın neçə-neçə bölgəsində “Böyük Qayıdış”lara ehtiyac var, taleyi darmadağın olan insanların gözləri yolda. Odur ki, Azərbaycan paytaxtında keçirilən bu mühüm beynəlxalq tədbir fəlakətlərin miqyasının azaldılması, darmadağın siyasətinə son verilməsi, yıxılan binaların yerində yenilərinin tikilməsi, insanların öz evlərinə qayıdışının təmin edilməsi baxımından böyük bir dialoq platforması da hesab edilə bilər. Azərbaycandan bəşəriyyətə yalnız fayda dəyir, bunu ötən illərin təcrübəsi də deyir.

Elşad Paşasoy,
Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr