Türingiya və Brandenburq rəsmiləri sağçı partiyanın yüksəlişini milli təhlükəsizlik üçün risk adlandırıblar...
Almaniyanın Türingiya və Brandenburq federal torpaqlarının daxili işlər nazirləri sağçı-populist Almaniya üçün Alternativ partiyasının sürətlə artan populyarlığından ciddi narahat olduqlarını bəyan ediblər.
Poliqon xəbər verir ki, bu barədə “Handelsblatt” nəşri məlumat yayıb.
Türingiyanın daxili işlər naziri Georg Maier bildirib ki, AfD-nin xüsusilə Saksoniya-Anhalt torpağında hakimiyyətə gəlməsi Almaniyanın təhlükəsizlik sistemi üçün ciddi risklər yarada bilər. Onun sözlərinə görə, məsələ təxirəsalınmadan müzakirə edilməlidir.
“Biz təcili şəkildə AfD-nin Saksoniya-Anhaltda mümkün hakimiyyətinin Almaniyanın təhlükəsizlik sistemi üçün hansı risklər yaratdığını və buna necə qarşı çıxacağımızı müzakirə etməliyik. Avtoritar dövlətlərlə çoxsaylı əlaqələri və sağ ekstremist təşkilatlarla bağları səbəbindən AfD Almaniyanın həm xarici, həm də daxili təhlükəsizliyi üçün təhdid təşkil edir”, – deyə o vurğulayıb.
Nazir mövqeyini AfD-nin Saksoniya-Anhaltdakı əsas namizədi Ulrich Siegmundun açıqlamalarına əsaslandırıb. Siegmund seçkidə qalib gələcəkləri təqdirdə əyalət administrasiyasında 150-200 nəfərin yenidən təyin olunmasının vacib olacağını bildirmişdi.
Georg Maier isə qeyd edib ki, belə vəzifələrdə çalışan şəxslər Konstitusiyaya tam sadiq olmalıdırlar və AfD funksionerlərinin bu tələbə uyğun gəlmədiyini düşünür. O, bu faktın nəzərə alınmamasını “dövlət çevrilişinə bərabər addım” kimi qiymətləndirib.
Brandenburqun daxili işlər naziri Jan Redmann da həmkarının narahatlığını bölüşüb. O bildirib ki, təhlükəsizliklə bağlı həssas məlumatlara qismən sağ ekstremist hesab olunan bir partiyanın çıxış əldə etməsi bütün ölkə üçün risk yaradır.
“Bu, nəzəri risk deyil, konkret təhlükədir”, – deyə Redmann bildirib.
Qeyd edək ki, Saksoniya-Anhalt torpağında parlament seçkiləri sentyabrın 6-na planlaşdırılıb. Mayın 7-də “infratest dimap” sosioloji institutunun dərc etdiyi sorğunun nəticələrinə əsasən, AfD regionda seçicilərin 41 faizinin dəstəyini qazanaraq birinci yerdə qərarlaşıb.
Son illərdə AfD Almaniyada miqrasiya siyasəti, iqtisadi problemlər və hökumətə qarşı narazılıqlar fonunda populyarlığını artırıb. Bununla yanaşı, partiya bir sıra hallarda radikal sağçı baxışlarla və ekstremist qruplarla əlaqələrdə ittiham olunur.
Poliqon.info