AZ

Admiralın ölümünün hələ də açılmayan sirri │ TARİXİ DETEKTİV

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu qəribə ölümün ətrafında mübahisələr bu gün də davam etməkdədir. Üstəlik, cürbəcür ehtimallar getdikcə çoxalır. Tarixçi Lyuis Qoldsmit “Sen-Klunun kabinetinin sirri” kitabında iddia edir ki, Vilnyovu Napoleonun şəxsi mühafizəsindən olan dörd məmlük öldürüb. Müqəddəs Yelena adasında Napoleonla yaxın münasibətlərdə olmuş ingilis həkim Barri O`Mira xatirələrində Vilnyovun ölümüylə bağlı guya imperatorun söylədiyi aşağıdakı versiyanı irəli sürür: “Vilnyova öz məğlubiyyətini qəbul etmək ağır idi. Fransaya qayıdanda ona əmr etdim ki, Rennada qalsın və Parisə gəlməsin. Vilnyov donanmanın itirilməsinə görə hərbi tribunal qarşısında dayanmaqdan qorxurdu. Ona görə də intihara qərar verdi”. Söhbət Napoleonun donanmasının Trafalqardakı məğlubiyyətindən gedir. Müqəddəs Yelena adasında Napoleon deyirdi: “1805-ci ildə freqatları hesaba almasaq, mənim 80 xətt gəmim olsa da, nə həqiqi matroslarım, nə də zabitlərim vardı... Vilnyov yaxşı zabit idi, buna baxmayaraq, səfeh hərəkətlər edirdi... O, Rennadakı karvansarada özünü öldürüb, ancaq həmişəki kimi, bunda məni günahlandırdılar”. Əslində Napoleonun hərbi-dəniz siyasəti tam aydın deyil. İnqilab illərində Fransa donanmasının bazası məhv edilmişdi, imperiya illərində isə dənizlərdə ingilislər üstün olduğundan, quruda qələbə qazanmağa adət etmiş Napoleon donanmanın inkişafını prioritet saymırdı. Hətta belə nəticə çıxarmaq olar ki, Napoleon üçün hərbi-dəniz donanması ikinci dərəcəli idi. Nəticədə Fransa çox tezliklə demək olar, bütün müstəmləkələrindən məhrum oldu. Belə bir vəziyyətdə Napoleonun admirallarının rolu da qibtə doğurmurdu. Fransa ordusu bir-birinin ardınca parlaq qələbələr qazandığı halda, donanmanın xüsusi zəfəri yox idi və ola bilməzdi. Napoleonun Nelsonları Napoleonun faciəsi ondan ibarət idi ki, özü dənizçilikdən az anlayır, hərbi-dəniz qüvvələrinə rəhbərliyi isə peşəkarlardan birinə tam olaraq həvalə edə bilmirdi. Napoleon hesab edirdi ki, onun böyük Nelsona və Britaniya donanmasına qarşı duracaq admiralı yoxdur. O hətta inqilabdan sonra Rusiyaya mühacirət etmiş və Qara Dəniz donanmasına rəhbərlik edən admiral de Traversə müraciət etmiş, lakin təklifi qəbul olunmamışdı. “Fransız Nelsonunu” yaratmaq ideyası Napoleonu rahat buraxmırdı. Ancaq kimdən? 1805-ci ildə böyük admiral təyin etdiyi meyxanaçı Müratın oğlundan düzəldəcəkdi, yoxsa qardaşyana qəfil kontr-admiral rütbəsi verdiyi avara de Jerom Bonapartdan? Napoleonun az-çox tanınmış admiralları Bryui, Latuş Trevill, Bryueys, Villare-Juayez, Qantom və Vilnyov idi. Ancaq ilk ikisi yenicə vəfat etmiş, Bryueys də 1798-ci ildə həlak olmuşdu. Qalırdı Villare-Juayez, onun da 1805-ci ildə 58 yaşı tamam olmuşdu və o zaman uzaq Martinikdə idi. Qantom ondan 8 yaş kiçik idi, ancaq o da Antil adalarındakı ekspedisiyaya rəhbərlik edirdi. Digər tərəfdən, Fransa donanmasında son dərəcə maraqlı şəxsiyyətlərdən biri “dəniz quldurları kralı” Syurkuf idi. O öz karyerası ərzində 47 ingilis gəmisi ələ keçirmişdi. 1804-cü ilin iyulunda xidmətlərinə görə hətta Fəxri Legion ordeni ilə təltif olunmuşdu. Ancaq hamı bilir ki, rəqibin ticarət gəmisinə basqın etməklə böyük donanmaya rəhbərlik etmək ayrı-ayrı şeylərdir. Bəxtsiz admiral Beləliklə, real olaraq təkcə Napoleon donanmasının ən faciəvi fiqurlarından biri olan Pyer-Şarl de Vilnyov qalırdı. Adlı-sanlı zadəgan ailəsindən olan bu şəxs donanmaya qəbul olunduqdan sonra karyera nərdivanı ilə sürətlə qalxmağa başlamışdı. 1793-cü ildə hərbi gəminin kapitanı oldu, 1796-cı ildə isə kontr-admiral rütbəsi aldı. Bununla belə, dəniz döyüşlərində dəfələrlə fərqlənmək şansı olsa da, fürsətdən istifadə etmədi və Fransa donanmasının bir neçə iri məğlubiyyətində rolu oldu. 1796-cı ilin sonlarında beş gəmi ilə general Qoşun İrlandiyaya çıxması nəzərdə tutulan eskadrasına birləşməli idi, lakin Vilnyov gecikdi və desantların çıxarılması baş tutmadı. Sonra Napoleon Bonapartın Misir ekspedisiyası zamanı Vilnyovun bəxtinə böyük tarixi şans düşmüşdü. Lakin 1798-ci il avqustun 1-də Abikur yaxınlığında da məğlub oldu. Dəniz döyüşü saatlarla davam etdi, ancaq Vilnyovun gəmiləri yerlərindən tərpənə bilmədilər və bu da fransızların faktiki olaraq darmadağın edilməsilə nəticələndi. Sonradan o özünə bununla bəraət qazandırırdı ki, tüstüdə eskadra komandirinin əmrlərini görə bilməyib. Bununla belə, 1804-cü ildə Vilnyov vitse-admiral rütbəsi alaraq, vəfat etmiş Latuş-Trevillin yerinə keçib, Aralıq dənizindəki eskadranın komandanlığını qəbul etdi. Dənizdə başlanan hərbi əməliyyatlar ispan vitse-admiral Qravinanın eskadrası ilə birləşən Vilnyova əvvəlcə müəyyən uğurlar gətirdi. Xüsusilə də, Fransa-İspaniya donanması 1805-ci il iyulun 22-də Finisterre burnu (İspaniyanın şimal-qərb qurtaracağı) yaxınlığında admiral Kalderin rəhbərlik etdiyi Britaniya eskadrasına qalib gəldi və böyük itki verən düşmən eskadrası Kornuoll adasına doğru çəkildi. Napoleon çox məmnun idi, avqustun 10-da dəniz naziri Dekreyə yazırdı: “Vitse-admiral Vilnyova çatdırın ki, onun öz missiyasını davam etdirməsinə ümid edirəm”. Bu sözlərlə o, Vilnyovun eskadrasının təcili La-Manşa gəlməsini nəzərdə tuturdu, çünki orada İngiltərəyə növbəti dəfə desant çıxarılmalı idi. Digər tərəfdən, admiral Allemanın gəmiləriylə görüşməliydi, ancaq onlar hələ də gözə dəymirdi. Vilnyov avqustun 11-dək gözlədi, ancaq heç kəsi görə bilmədi. Avqustun 15-də isə bir Danimarka ticarət gəmisinin kapitanı fransızlara dedi ki, 25-ə yaxın ingilis hərbi gəmisinin Lya-Korunyeyə doğru üzdüyünü görüb. 11-i ispan gəmisi olan cəmi 29 gəmi ilə La-Manşa doğru hərəkət etmək artıq olduqca təhlükəli idi. Vilnyov bu barədə dəniz nazirinə yazaraq iddia etdi ki, ispanlar döyüşü ancaq xətt üzrə apara bilərlər, bu isə “dünənin taktikasıdır”. Vilnyov gəmilərin kritik durumda olduğunu, küləklərin sərfəli istiqamətdə əsmədiyini, bu səbəblərdən Aralıq dənizinə qayıtmaqdan başqa yolu qalmadığını xəbər verirdi. “Bu ki xəyanətdir!” Napoleon bundan hiddətlənərək nazir Dekreyə yazdı: “Admiral Vilnyova mənim narazı qaldığımı çatdırın, o, çox qiymətli vaxtını itirir... Özünü fəaliyyətsizlik və ruh düşkünlüyü ilə məhv etməsin”. Vilnyovun özünə Napoleon elə həmin gün bunları yazdı: “Ümid edirəm ki, siz artıq kapitan Allemanla birləşməyə gedirsiniz və qarşınıza çıxan bütün maneələri aşaraq, La-Manşa çıxacaqsınız. Biz sizi orada səbirsizliklə gözləyirik. Əgər bunu hələ də etməmisinizsə, edin”. Səkkiz gündən sonra, avqustun 22-də Napoleon dəniz nazirinə hirslə yazdı: “Mənə elə gəlir ki, Vilnyov adi freqata belə rəhbərlik edəcək xarakterə malik deyil. Bu adam qətiyyət və igidlikdən məhrumdur”. Dekre imperatorun bu sözlərini çox güman ki, Vilnyova çatdırdı. O isə təəssüf edərək cavab verdi: “Əgər əlahəzrət donanmada uğur əldə etmək üçün yalnız hünər və xarakter lazım olduğunu düşünürsə, mənim daha sözüm yoxdur”. Elə həmin gün, avqustun 22-də imperator Vilnyova sadəcə yalvarırdı: “Ümid edirəm ki, siz artıq Brestdəsiniz. Bir dəqiqə də vaxt itirmədən mənim eskadralarımla birlikdə La-Manşa daxil olun. İngiltərə bizimdir. Biz tam hazırıq, artıq hər şey gəmilərə yüklənib. İyirmi dörd saat ərzində gəlin və hər şey bitəcək”.

Ancaq Vilnyov La-Manşa gedə bilmədi: onun azsaylı və zəifləmiş eskadrası ilə bu, sadəcə axmaqlıq olardı. Gözləntilərinin və ümumiyyətlə İngiltərəyə desant çıxarmağın əbəs olduğunu, nəhayət, anlayan Napoleon sentyabrın 3-də Bulon düşərgəsini tərk edərək, orada topladığı Böyük ordu ilə Reynə doğru hərəkət etdi. O, 1805-ci il 4 sentyabr tarixli məktubunda bütün qəzəbini dəniz naziri Dekreyə töküb: “Admiral Vilnyov mənim səbr kasamı doldurdu... Sizə məktubunda Kadisə getməyə hazırlaşdığını yazır. Bu ki xəyanətdir! Bunun başqa adı yoxdur... Vilnyov fərsizdir, onu rüsvay edib qovmaq lazımdır. O, hünərdən məhrumdur, məqsədsizdir, öz dərisini xilas etmək üçün hamını qurban verməyə hazırdır. Heç nə Vilnyovun axmaqlığı ilə müqayisə oluna bilməz. Onun bütün əməliyyatları haqda hesabat tələb edirəm”. Külək əmr dinləmir Napoleonun admiralın fəaliyyəti ilə bağlı qəzəbi ilk baxışda tamamilə aydındır. Ancaq bu yalnız ilk baxışda belə görünür. Əslində Kadisə doğru hərəkət etmək Napoleonun özünün Vilnyova verdiyi yorğun, ziddiyyətli əmrlərdən biri deyildimi? Hər halda Vilnyova verilən Aralıq dənizində güclü diversiya həyata keçirmək əmri gizli sənəd deyil. Tarixçi Villian Sloonun qeyd etdiyi kimi, Kadisə getmək qərarı istənilən halda”imperator təlimatındakı icazəyə uyğun olaraq” qəbul olunmuşdu. Üstəlik, Napoleon heç cür anlaya bilmirdi ki, yelkənli donanma səmt küləyi olmadan, sadəcə, bütün fransızların imperatorunun arzusuna uyğun hərəkət edə bilməz. Ona görə də, Devid Çandlerin çox düzgün müşahidəsi ağlabatandır: “Böyük yelkənli donanma dövründə Napoleon heç vaxt dəniz döyüşlərinin bütün detallarına varmırdı. Yüksək intellektinə baxmayaraq, küləklərin və axınların sirri ona çatmırdı, bədbəxt fransız admirallarına verdiyi əmrlər isə göstərir ki, onlardan öz donanmaları ilə bir məntəqədən digərinə quru yolda olduğu kimi, dəqiq cədvəllə getmələrini gözləyirmiş”. İngiltərəyə desant çıxarılmasına gəlincə, Devid Çandler hesab edir ki, “bu əməliyyat lap əvvəldən iflasa məhkum idi”. Niyə? Ona görə ki, güclü Britaniya donanmaları Brestdən, Kadisdən və Tulondan gözlərini çəkmirdilər. Parisdən verilən ziddiyətli əmrlər bombardmanına məruz qalan Vilnyovun onların arasında keçməsi əsl möcüzə olardı. Napoleon bütün bunları görmür və görmək istəmirdi. Həmin əməliyyatın riskliliyi haqda öz hərbi-dəniz mütəxəssislərinin bütün ürkək fikirlərinə yalnız əsəbi tərzdə bağırmaqla cavab verirdi: “Mənim admirallarım işə düzgün yanaşmırlar!” Böyük ehtimalla, Vilnyov özü də bilmədən uğursuzluğun əsas günahkarı funksiyasını yerinə yetirirdi. Odur ki, artıq donanmanın başında lazımsız idi. Trafalqar faciəsi 1805-ci il sentyabrın 15-də Napoleon Vilnyovun eskadrasının Kadisə gəldiyini öyrənib, dəniz naziri Dekreyə əmr etdi ki, “qorxağı” Rosili de Mero ilə əvəz etsin. Vilnyov bundan Kadisdə xəbər tutdu. Həm də dost saydığı Deni Dekre bu barədə özü ona xəbər verməyib, bunu komandanlağı öz üzərinə götürməyi qətiyyən arzulamayan bədbəxt Risiliyə həvalə etdi. Qərarı eşidən Vilnyov hədsiz qəzəbləndi. Onu, döyüş admiralını hərbdən başı çıxmayan, yalnız hidroqrafik axtarışlarla tanınan əldən düşmüş qoca Rosili ilə əvəz etmək?! Heysiyyətinə toxunulan Vilnyov Kadisi mühasiyəyə alan Britaniya eskadrası ilə görüşə tələsdi... Sonra məşhur Trafalqar dəniz döyüşü oldu və bu döyüşdə Horatsio Nelson həlak olaraq əbədiləşdi. Donanmalar 1805-ci il oktyabrın 21-də Kadisdən 10 mil aralıda yerləşən Trafalqar burnunda qarşılaşdılar. Fransız-ispan donanması üçün bu döyüş əsl faciə ilə sonuclandı ki, təffərrüatlarını şərh etməyin mənası yoxdur. Trafalqar döyüşü Yalnız onu qeyd edək ki, ingilislər bir düşmən gəmisini yandırıb, 17-sini (8 fransız və 9 ispan) ələ keçirdilər. İngilislərin canlı itkisi və yaralı sayı ümumilikdə 1600 nəfər olduğu halda, fransızlarla ispanlardan 8 mindən artıq ölən, yaralanan və əsir düşən oldu. İspan donanmasının komandanı vitse-admiral Qravina ölümcül yaralandı, “Busentavr” flaqman gəmisinin bütün dor ağacları sıradan çıxdı, Vilnyovun özü isə əsir düşdü. Onu da digər yoldaşları ilə birlikdə İngiltərəyə apardılar. Trafalqardakı döyüşdə admiral Vilnyov şəxsi şücaət göstərsə də, bu, döyüşün nəticəsinə təsir göstərmədi. Tarixçi A.Z.Manfred yazır ki, “fransız donanması ingilis donanmasından müqayisə olunmayacaq dərəcədə zəif idi, Vilnyovun günahı yox, faciəsi o idi, qüdrətli düşmənə qalib gələ bilmədi”. Donanmasının darmadağın olduğunu eşidən Napoleon Vilnyovun haqqında demişdi: “General rütbəsi olan bu zabit port komandiri keyfiyyətlərinə malik olsa da, əsgər deyildi”. Azadıq və ölüm Altı ay əsirlikdə qalan Vilnyov ingilislərə qarşı bir daha vuruşmayacağına söz verdikdən sonra azadlığa buraxıldı. 1806-cı il aprelin 15-də o, Fransaya gəldi və ayın 17-də artıq Renna şəhərində idi. Orada ona əmr olundu ki, Parisdən gələcək əmrləri gözləsin. Admiral Rennanın Fulon küçəsi, 21 ünvanında yerləşən “Otel de Patri” mehmanxanasına düşdü. Bundan sonrakı taleyini gözləyən admiral tərki-dünya həyatı keçirir, ictimai yerlərdən qaçır, şəhərin küçələrində gəzmirdi. Vilnyov məğlubiyyətin ertəsi günü Napoleonun nə dediyindən xəbərdar idi. Mahiyyətcə bu o demək idi ki, onun hərbi karyerası sona çatıb. Bunu anlayaraq dəniz naziri Dekreyə yazdı: “Bu dəhşətli faciədən sonra bədbəxtliyimin və məsuliyyətimin miqyasından darmadağın olmuşam. Ən böyük arzum Əlahəzrətlə görüşmək, davranışım, yaxud qurban getməsi zəruri olan şəxsim haqqında izahat verməkdir”. Deni Dekre ən azından hərbi dənizçi, vitse-admiral, ən əsası da, onun dostu idi. O hər şeyi düzgün anlayacaq və ona cavab verəcək. Vilnyov buna əmin idi. Aprelin 18-də Dekre ona cavab verdi: “Mən hələ ki Əlahəzrətdən sizinlə bağlı cavab almamışam. Cavab bir az gec olsa da, sizi xəbərdar edirəm ki, Əlahəzrətin niyyətini mənfi qiymətləndirmək lazım deyil”. Hətta belə? Onda bəlkə də hələ hər şey itirilməyib! Amma 4 gün sonra Vilnyovun meyiti tapıldı. O, altı bıçaq zərbəsindən ölmüşdü. Zərbənin birdən çox olması faktı öz təsdiqini müxtəlif araşdırmalarda tapır. Villian Sloon yazır: “Bədbəxt general aprelin 22-də otaqda ölü tapıldı, onun sinəsində bir neçə bıçaq yarası vardı”. Maraqlıdır, kimsə haçansa kiminsə özünə altı bıçaq zərbəsi vurduğunu görübmü? Üstəlik, kimsə haçansa döyüş zabitinin özünü tapança ilə deyil, bıçaqla öldürdüyünü görübmü? Deməli, bunun cinayət olduğu qətiyyən şübhə doğurmur. İstənilən cinayət işinin istintaqında isə ən vacib sual bunun kimə sərfəli olmasıdır. Vilnyova həyatına intihar ilə son vermək lazım idimi?

Sanki həm lazım idi, həm də yox.

Birincisi, onu nə həbs etmişdilər, nə də rütbəsini endirmişdilər. Bunun səbəblərini elə həmin Villian Sloon açıqlayır: “Napoleonun Vilnyova yağdırdığı qınaqlar, güman etmək lazımdır ki, haqlı deyildi”. İkincisi, Villian Sloonun dediyinə görə, “Napoleona məktub göndərərək, izahat vermək üçün qəbul olunmasını xahiş edən” niyə intihar etsin axı?

Üçüncüsü, cəmi 4 gün əvvəl o, Parisdən, imperatorla daimi əlaqədə olan və Vilnyovu dost hesab edən dəniz naziri Dekredən ruhlandırıcı məktub almışdı. Hətta ən pis halda, yəni hərbi tribunala veriləcəyi təqdirdə admiral özünü müdafiə edə, Napoleon donanmasının acınacaqlı durumu, Parisdən gələn təzadlı əmrlər, ispan müttəfiqlərin etibarsızlığı və s. haqda açıq danışa bilərdi. Ancaq görünür, Napoleonun ən çox qorxduğu da elə bu imiş. İfşa olunmaq ona qətiyyən sərf eləmirdi. Bəs qatil kim idi? Vilnyovu Napoleonun şəxsi mühafizəsindən olan 4 məmnlükün öldürməsi ehtimalı haqqında artıq danışmışıq. Ancaq başqa versiya da var. Tarixçi Rober Uvrar araşdırdığı sənədlərə əsasən bildirir ki, 1806-cı il aprelin 22-də mehmanxanaya admiralın yanına “təmiz burjua geyimində, məmlüklərə qətiyyən oxşamayan dörd bığlı kişi” gəlib. Ləhcələrindən fransız olduqları bəlli imiş və Vilnyov haqqında suallar veriblər. Sonra cənublu olduğu şübhə doğurmayan və təxminən 45 yaşlarında beşinci adam gəlib. O da admiral haqqında soruşub. Onun hər halından əvvəlki 4 nəfərin rəisi olduğu aydın olub. Bundan sonra admiralın qulluqçusu onu öz çarpayısında al qan içində görüb. Ən maraqlısı da odur ki, onun sinəsində beş dərin bıçaq yarası varmış. Bununla belə, yaxınlıqda bıçağa bənzər heç nə aşkar olunmayıb. Sonra nökəri Rennada və Parisdə dəfələrlə sorğu-sual ediblər. Üç-dörd gündən sonra o qəflətən bulvarda həmin naməlum cənubluya rast gəlib...

Rober Uvrar admiralın qatilinin məhz o olduğunu iddia edir. Bu adam Bordo sakini, hərbi-dəniz donanması kapitanı Jan-Jak Majendi idi. O da uğursuz Trafalqar döyüşünün iştirakçısı idi, orada flaqman gəmisi “Busentavr”a komandanlıq etmişdi. Bu döyüşdə o da əsir düşmüş və guya özünün və fransız donanmasının rüsvayçılığını öz rəisinə bağışlaya bilməmişdi. Ancaq o da istisna olunmur ki, onun qisasçılığını yuxarıdan kimsə idarə edib. Misal üçün, Vilnyovun özünü müdafiə etmək üçün hazırladığı araşdırmada və təftişlərdə qətiyyən maraqlı olmayan dəniz naziri Dekre. AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
azvision.az

1Mənbələr