"Təzyiq əziyyət verir mənə, ürək təzyiqim aşağı olur, qalxmır. Harasa getməyə halım olmur. Ürəyim məni çox incidir. Yaş öz sözünü deyir. Mənim artıq 92 yaşım var. Bu günümə də şükür ki, Allah mənə bu qədər ömür verib. Yaşamışam, yaratmışam, mədəniyyətimizə gözəl xidmət etmişəm, gözəl tələbələr, müğənnilər yetişdirmişəm. Əlimdən gələni etmişəm".
"Unikal" xəbər verir ki, bunu "Musavat.com"a Xalq artisti, tarzən Ceyran Haşımova deyib.
O bildirib ki, iki ildir bu xəstəlikdən əziyyət çəkir: "Həkimlər bir çarə tapa bilmir. İndi insanlar çox yaşaya bilmir. Belə havada çox yaşamaq olar? Hava isti olur, axşam qəfildən dəyişir. Dünya elə bil dağılır. Yaşlı insanlar üçün bu hava çox ağırdır. Vallah, indi cavanların da vəziyyəti yaxşı deyil, onlar da əziyyət çəkirlər. Ən böyük əziyyəti hava verir. Mən cavan olanda heç bilmirdim ki, qocalıq nədir, ahıllıq nədir. İndi isə görürsən ki, insanlar evlərində belə əziyyət çəkirlər. Amma yenə də şükür edirəm bu günümə. Təki müharibə olmasın, təki əmin-amanlıq olsun. Azərbaycan xalqı çox əziyyət çəkib. Həmişə Allahdan istəyirəm ki, ölkəmizdə sülh olsun, ordumuzu qorusun, gənclərimizi qorusun".
Ceyran Haşımova narazılığını da dilə gətirib: "Mədəniyyətimiz əvvəlki kimi deyil. İnkişaf etməkdənsə, bəzi mənfi tərəflər çoxalıb. Oxuyanlar, sənətkarlar da var, amma yenə də çox razı deyiləm. Televiziyalardan da razı deyiləm. Verilişləri yaxşı hazırlamırlar. Keçmiş sənətkarlar tamam başqa idi. O vaxt sənət vardı. İndi isə vəziyyət dəyişib. Bəzən görürsən, çox açıq-saçıq geyinirlər. Azərbaycan qadınının gözəl milli geyimləri var. Biz həmişə milli geyimlərdə çıxış etmişik. Uzun, yaraşıqlı, gözəl geyimlərdə. Azərbaycan qadınının milli dəyərlərini qorumuşuq və bunu çox sevmişik”.
Tarzən orden almadığı üçün gileylənib: "Mən mədəniyyətimizin inkişafı üçün çox əziyyət çəkmişəm, çox tələbə yetişdirmişəm. Düzdür, xalq artistiyəm, Prezident təqaüdçüsüyəm. Amma ürəyimdən keçirdi ki, "Şöhrət” ordenini mənə də versinlər. Azərbaycanda yeganə Xalq artisti olan qadın tarzənəm. 25 il dərs demişəm, tələbələr yetişdirmişəm. Tələbələrim incəsənət xadimi, xalq artistidir. "Şöhrət” ordeni almaq üçün daha nə etməli idim?"