Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ankara, 18 may, AZƏRTAC
Türkiyənin informasiya agentlikləri, televiziya kanalları, çap mediası və xəbər saytları Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının başlanmasını geniş işıqlandırırlar.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin media orqanları BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən 182 ölkədən 42 mindən çox iştirakçının iştirakı ilə təşkil olunan müzakirələrin əhəmiyyəti barədə çoxmilyonlu auditoriyaya məlumat veriblər.
“WUF13 bütün dünyanı Azərbaycanda bir araya gətirib. Bakıda şəhərlərin gələcəyi formalaşır”, – deyə qardaş ölkənin mediasında yer alan başlıqlarda bildirilir.
Reportaj və məqalələrdə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin forumun gündəliyinin və məqsədlərinin təşviqinə ölkənin mümkün töhfəni verməyə hazır olduğunu vurğulayan fikirlərinə yer verilib.
Qeyd olunur ki, WUF13 işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən “ağıllı” şəhər və kənd konsepsiyasını dünyaya nümayiş etdirmək üçün də imkan yaradır.
Xəbər materiallarında bildirilir ki, WUF13 həm də Azərbaycanın təşkilatçılıq imkanlarını dünyaya nümayiş etdirməyə şərait yaradacaq. Eyni zamanda, iki il əvvəl Bakıda BMT-nin digər qlobal tədbiri olan COP29 iqlim sammitinin uğurla keçirildiyi xatırladılır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara








Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.