AZ

Peşmanlığın sükutu - Pərvanə Bayramqızı yazır

Haraya gedirəmsə, orada böyüklərin uşaqları susdurmağa çalışdıqlarını görürəm. Burda söhbət düzgün tərbiyə sistemi ilə uşaqlara ötürülən ədəb-ərkandan getmir. Mövzum aqressiv adamların xofu ilə qorxu içində saxlanılan, yerli-yersiz tənbeh edilən uşaqlardır. Onlara evdə daima: "sən uşaqsan, sus" deyib təpinirlər. Uşaqlardan tələb edilən itaətkarlığın, bəlkə də, birincisi budur: "səs eləmə, sakit dur, böyüklər narahat olur". 

Məktəbdə "sus" əməliyyatı", küçədə "küçədəsən, səsin çıxmasın" çərçivəsi. Yazıq uşaqların gününü avtobusdakı həyasız qadınlar, tündxasiyyət, əsəbi kişilər də lap göy əskiyə büküblər. Böyüklərin işdə dalaşmaqlarına, işlərinin pis getməsinə, yorğun gəlməklərinə, əsəbi olmalarına, başlarının səs götürməməsinə sanki uşaqlar günahkardırlar. 

Hər gün avtobusda iki şən məktəbli oğlan görürəm, həvəslə söhbət edirlər. Dərsdən də danışırlar, idmandan da, hazırlıqda yorulduqlarından da şikayətlənirlər. Avtobusdakı qadlnlar, kişilər hər dəfə oğlanların üstünə qışqırır, səslərini kəsməkləri əmrini verirlər. Dilləri zəhər, sinir sistemi acı bibərdən ibarət olan qadınlar, kişilər onlara əməlli-başlı qənim kəsiliblər. "Ay uşaq, səs eləməyin" eşitməkdən uşaqlardan çox mən bezmişəm. Özümün ayağımı tapdayanlara, çantasını çiynimə qoyanlara, itələyib üstümdən keçənlərə dözüb sussam da, uşaqları incidənlərə laqeyd qala bilmirəm. Deyirəm, bu yazıqlar evdə sussunlar, məktəbdə səs eləməsinlər, küçədə danışsalar ədəbsiz sayılarlar, avtobusda da camaatın başı səs götürmür, yaxşı bəs nə vaxt, harada danışsınlar, harada səslərini çıxarsınlar?

Bu cür böyümüşlərdən sonra zülmə, haqsızlığa, məmurlara susmamaq, etiraz etmək tələb edilir. Həmin uşaqlarıq; bu gün hər şeyə susub dözürük. "Böyüklərdən" qorxuruq. Xoşunuza gəlmir? Bax onlar da sizə etiraz edə bilmirlər. Qorxurlar. Qışqıracağınızdan, döyəcəyinizdən, cəzalandıracağınızdan qorxurlar. 

Bir dəfə ortayaşlı gözləri qan çanağına oxşayan kişi oğlanlara acıqla: mərifətli olun, səs eləməyin. —dedi. Oğlanın biri bircə kəlmə söylədi: söhbət edirik də, dayı. Vəssalam. Kişi hirsindən, hikkəsindən az qalırdı avtobusu aşırsın. Nənəm demiş, bir oyun çıxardı ki, qolu-qıçı olan da oynadı, olmayan da. Söhbətdən xəbəri olmayanlar kişinin sözlərini eşitsəydilər, elə bilərdilər kimsə ona ən ağır söz deyib təbdən çıxarıb. 

— Hanı sənin valideynin gəlsin sənə tərbiyə versin. Utanmırsan, baban yaşdayam mənə cavab qaytarırsan. Sənə deyirəm, sakit ol, deyirsən söhbət edirik. Belə uşaq olar? Bu nə tərbiyəsizlikdi. Hər şeyin zayı çıxıb. Uşağa söz demək olmur.
Kişinin öz səsindən avtobus silkələnirdi. Özünün tərbiyəsizliyindən xəbəri yox idi. Sakit söhbət edən uşaqları susdurub özü səsini alosmana qaldırmışdı. Hamı gördü ki, uşaqların danışması kişinin qopardığı qiyamətdən daha yaxşı idi, amma heç kəs dinə bilmədi. Çığıran uşaq deyildi ki, hərə başına bir qapaz vursun. Elə mən də susdum, çünki bu cür ədəbsizdən kobud söz eşitmək istəmədim, amma o biri sərnişinlərdən fərqim var; sakit adamın üstünə cumub, həyasızı görəndə qorxub susmuram. Adətən gücsüzü müdafiə edirəm, bu dəfə kişinin vəhşi tərzi məni də susdurdu. Adamlar uşaqların söhbətinə dözməyib kişinin qışqırığına dinməzcə qulaq asırdılar. Hə, kişiyə mən də heç nə demədim, çünki hansısa bir ədəbsizdən kobud söz eşitmək istəmirdim. Ətrafımız mərifətsizlərlə doludur. Bu cür kişilər də kobud söz işlətməkdə "usta"dırlar. Nəsə eşitsəydim işimizi-gücümüzü atıb vaxtımızı bir mərdimazardan ötrü havayı itirməli olacaqdıq. Gəl indi bununla deyiş, yaxud işlədəcəyi ifadəyə görə məhkəməyə ver. Hələ evdəkilərin hansı addım atacağı qalsın bir yana. 

Mənə də uşaq vaxtından həmişə "həyasızdan uzaq ol" deyiblər, ona görə uşaqları belə zəhər tuluğundan müdafiə edə bilmədim. Ən ağıllı saydığımız adam da mənə: "nəyinə gərəkdi xalxın uşağından ötrü kişi xeylağına söz demək ki, o da cavabını verə". Bax gördünüz "xalxın uşağından ötrü" ifadəsi işlətdim. Biz buyuq. Bunu demək istəyirəm. Vaxtında qədirlərini bilməyib "xalxın uşağı" deyir, sözlərini kəsir, danışmağa qoymuruq, həmin "xalxın uşaqları" vətənin, bizim yolumuzda canlarını fəda edəndə isə hamımızın övladı olurlar. Biz beləyik, iş-işdən keçəndən sonra bir-birimizin qədrini bilməyə başlayırıq.

Özgənin balasıdır deyə can yandırmadığımız, avtobusda qaldırıb yerində özümüz əyləşdiyimiz oğlan uşaqları bizim yolumuzda şəhid olanda harada olsa onların adını tutub ayağa dururuq ki, susdurduğumuz oğlanlar üçün özümüz bir dəqiqə susub ruhlarını şad edək.

Susmaq təkcə qızıl deyil, həm də peşmanlıqdır.


 

Seçilən
23
1
adalet.az

2Mənbələr