AZ

Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü

Nərimanov Rayon Məhkəməsində xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Əşrəf Yusifzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib və Əşrəf Yusifzadəyə həmin maddə ilə 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının 5.1-ci maddəsi tətbiq edilərək, təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan azad olunub. O, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilib. Əşrəf Yusifzadə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.

 

İttihama görə, hadisə 2024-cü il Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Publika” restoranında qeydə alınıb.

 

Belə ki, zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) restoranda olarkən digər müştərilərin narahatlığına səbəb olub. Bu səbəbdən təqsirləndirilən şəxs ondan obyekti tərk etməsini xahiş edib. Lakin zərərçəkmiş şəxs həmin tələblə razılaşmayaraq Əşrəfə qarşı nalayiq ifadələr işlədib. Bundan sonra tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

 

Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən S.S.-in sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub. Hadisə nəticəsində zərərçəkmiş şəxsin burun sümüyündə ikili yerdəyişən sınıqlar əmələ gəlib.

 

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Əşrəf Yusifzadə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

 

Kamal Məmmədov

Tarix: 18 May 2026, 09:11   
Seçilən
16
2
pravda.az

3Mənbələr