AZ

Polşa vətəndaşını bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən E.Abışovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, 3 il müddətinə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınıb.

 

İttihama görə, hadisə 2025-ci ildə Bakı şəhərində yerləşən “Crawl” adlı kafedə baş verib.

 

Belə ki, E.Abışov həmin vaxt orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində kafedə olan Polşa Respublikası vətəndaşı D.B. ilə mübahisəyə girib. Buna səbəb isə təqsirləndirilən şəxsin əcnəbinin kafedəki davranışlarını bəyənməməsi olub. O, bunu əsas gətirərək D.B-yı əsassız iradlar bildirib. Daha sonra E.Abışov xarici vətəndaşın kafeni tərk etdiyini görərək onu təqib edib və mübahisəni kafedən kənarda davam etdirib.

 

Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan və şəxsi davranışını digərlərinin üzərində üstün sayaraq xuliqanlıq niyyəti ilə hərəkət edib. O, üzərində gəzdirdiyi cib bıçağı ilə D.B.-yə qəsdən çoxsaylı zərbələr endirib.

 

Zərbələr nəticəsində D.B. bədənin müxtəlif nahiyələrindən ağır xəsarətlər alıb.

 

Tibbi ekspertizanın rəyinə görə, vurulan xəsarətlər həyat üçün təhlükəli hesab olunan ağır dərəcəli sağlamlığa zərərvurma kimi qiymətləndirilib.

 

Hadisədən sonra E.Abışov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 18 May 2026, 09:18   
Seçilən
31
pravda.az

1Mənbələr