AZ

“Muzkomediya”nın aktyoru dələduz çıxdı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qoşqar Rəşidovun cinayət işinin bəzi detalları məlum olub.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttiham aktına əsasən, Rəşidov Qoşqar Ağamirzə oğlu müxtəlif şəxsləri aldatmaq yolu ilə külli və xeyli miqdarda vəsaiti ələ keçirməkdə təqsirləndirilir. O, etibardan sui-istifadə etmə və yalan vədlər verməklə bir neçə zərərçəkmiş şəxsin pulunu mənimsəyib. Sezar pizza

İş materiallarında göstərilir ki, Qoşqar Rəşidov tanışı zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) Abşeron rayonu, Xırdalan şəhəri, H.Cavid küçəsi 221 ünvanında yerləşən “Mülki İnşaat” yaşayış kompleksinə və H.Əliyev prospekti 15 ünvanında iki bloklu, 7 mərtəbəli binalar üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (“kupça”) alınmasına kömək edəcəyini vəd edib. O, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu bildirərək zərərçəkmiş şəxsin etibarını qazanıb və bu məqsədlə 2023-cü ilin mart ayından başlayaraq Bakı şəhəri və Abşeron rayonu ərazisində müxtəlif vaxtlarda hissə-hissə olmaqla həm nağd, həm də bank kartları vasitəsilə ümumilikdə 300 min manat pul vəsaitini ələ keçirib. Həmin məbləğin bir hissəsi nağd şəkildə alınıb, digər hissəsi isə müxtəlif ödəmə terminalları və bank köçürmələri vasitəsilə onun təqdim etdiyi bank hesablarına köçürülüb. Nəticədə zərərçəkmiş D.D.-yə külli miqdarda maddi ziyan vurulub.

Bundan başqa, təqsirləndirilən şəxs daha sonra həmkəndliləri olan şəxslərə ünvanlı sosial yardım düzəldəcəyini vəd etməklə onların da etibarından sui-istifadə edib. Belə ki, Bakı şəhəri və digər ünvanlarda müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərdən ümumilikdə 1 940 manat məbləğində pul alıb. Pulların bir hissəsi nağd şəkildə, digər hissəsi isə bank kartına köçürülmə yolu ilə verilib. Lakin vəd edilən sosial yardım təmin olunmayıb və alınmış vəsait geri qaytarılmayıb.

Bundan başqa, Qoşqar Rəşidov dövlət müəssisələrindən birinə işə düzəltmək adı ilə də vətəndaşları aldatdığı müəyyən edilib. İttihama əsasən, o, tanışına dövlət müəssisəsində mütəxəssis vəzifəsinə işə qəbul olunmasına köməklik göstərəcəyini bildirib. Bu məqsədlə zərərçəkmiş şəxsdən Bakı şəhərində müxtəlif vaxtlarda ümumilikdə 9 200 manat pul alıb. Məbləğin bir hissəsi nağd şəkildə, digər hissəsi isə müxtəlif bank kartlarına köçürülüb. Lakin sonradan həmin şəxsin işlə təmin olunmadığı və pulun qaytarılmadığı məlum olub.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Qoşqar Rəşidov ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. İfadəsində o, əvvəllər Akademik Musiqili Teatrda aktyor kimi fəaliyyət göstərdiyini söyləyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, Göyçay rayonunda olarkən zərərçəkmiş D.D. ilə tanış olub və həmin şəxs ona yaşadığı mənzil üçün “kupça” almaq istədiyini deyib. O da kömək edəcəyini vəd edib və müxtəlif vaxtlarda həmin şəxsdən pul alıb. Lakin sonradan sənədləri əldə edə bilməyib.

Qoşqar Rəşidov digər zərərçəkmiş şəxslərdən də sosial yardım və işlə təmin olunma məsələlərində kömək edəcəyi adı ilə pul aldığını təsdiqləyib. O, məhkəmədə verdiyi ifadəsində bəzi məbləğləri ittihamda göstərilən rəqəmlərdən az aldığını iddia etsə də, ümumilikdə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.

Təqsirləndirilən şəxs söyləyib ki, zərərçəkmiş şəxslərdən aldığı pul vəsaitlərini sonradan “Topaz” mərc oyunlarında uduzub. O, həmçinin vurduğu ziyanın bu günədək ödənilmədiyini etiraf edib.

Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Məlumata görə, Qoşqar Rəşidov 2020-ci ildə Vətən müharibəsinin iştirakçısı olub. O, “Kəlbəcərin azad olunmasına görə”, “Vətənə xidmətə görə” və başqa medallarla təltif olunub.


Telegram kanalımız
Seçilən
17
2
yenisabah.az

3Mənbələr