AZ

Anar Quliyev: WUF13 şəhərlərin gələcəyinə dair qlobal baxışın formalaşmasına töhfə verir

Bakı, 18 may, AZƏRTAC

Dünya Şəhərsalma Forumu şəhərlərimizin gələcəyinin necə formalaşacağı ilə bağlı mühüm qlobal platformadır. Burada müxtəlif ölkələrdən olan nümayəndələr, ekspertlər və mütəxəssislər bir araya gələrək urbanizasiya, dayanıqlı inkişaf və müasir şəhər idarəçiliyi ilə bağlı fikir mübadiləsi aparırlar.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılışı ilə bağlı mətbuat konfransında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, forum çərçivəsində çoxsaylı sessiyalar, tədbirlər və müzakirələr təşkil olunur. Bu platformada geniş ekspertiza və zəngin bilik bazasının formalaşdığını qeyd edən Anar Quliyev vurğulayıb ki, iştirakçılar arasında aparılan bilik və təcrübə mübadiləsi hər kəs üçün faydalı olacaq.

Komitə sədrinin sözlərinə görə, WUF13 müxtəlif ölkələrin şəhərsalma təcrübələrinin paylaşılması, innovativ həllərin müzakirəsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

“İnanıram ki, bu bilik mübadiləsindən bütün iştirakçılar faydalanacaq və burada əldə olunan təcrübə şəhərlərin daha dayanıqlı və inklüziv inkişafına töhfə verəcək”, – deyə Anar Quliyev əlavə edib.

Müxbir-Vüqar Qurbanoğlu, Pərvanə Qafarova, Nihad Budaqov
Fotoqraf – Tofiq Babayev
Operator - Namiq Abdullayev

 

Seçilən
5
3
azertag.az

4Mənbələr