AZ

Bu çaydanlardan çay içməkTƏHLÜKƏLİDİR

Avstraliyalı alimlər plastik çaydanların insan sağlamlığı üçün gözlənilməz risk yarada biləcəyini açıqlayıb. Aparılan araşdırmaya görə, plastik materialdan hazırlanmış çaydanlar su qaynadılarkən mikro və nanoölçülü plastik hissəciklər buraxa bilər.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Tədqiqat nəticələri göstərib ki, yeni polipropilen çaydan ilk istifadədə hər millilitr suya təxminən 12 milyon nanoplastik hissəcik ötürə bilir. Alimlərin hesablamalarına əsasən, ilk qaynatmadan sonra bir fincan çayın tərkibində təxminən 3 milyard plastik hissəcik ola bilər.

Araşdırma zamanı səkkiz fərqli plastik çaydan analiz edilib və müəyyən olunub ki, ən çox hissəcik ilk istifadə zamanı ayrılır. Sonrakı istifadələrdə bu göstərici azalsa da, tamamilə yox olmur.

Mütəxəssislər bildirir ki, plastik hissəciklərin miqdarını azaltmaq üçün iki üsul mövcuddur. Birincisi, mineral tərkibi yüksək olan sərt sudan istifadə etməkdir. Bu zaman çaydanın daxili səthində yaranan ərp müəyyən qədər hissəcikləri saxlayır. İkinci üsul isə çaydanı ilk istifadədən əvvəl bir neçə dəfə su ilə qaynadıb boşaltmaqdır. Araşdırmaya görə, təxminən 10 qaynatmadan sonra plastik ayrılması xeyli azalır.

Buna baxmayaraq, 150 dəfə istifadə olunduqdan sonra belə suda hələ də yüz minlərlə nanoplastik hissəcik aşkar edilib.

Alimlər qeyd edir ki, bu hissəciklərin insan sağlamlığına təsiri hələ tam müəyyən edilməyib. Lakin əvvəlki tədqiqatlar mikroplastiklərin orqanizmə daxil olmasının bağırsaq və ağciyər problemləri, eləcə də Parkinson kimi neyrodegenerativ xəstəliklərlə əlaqəli ola biləcəyini göstərir.

Tədqiqatçılar istehsalçıları məhsullar üzərində daha aydın xəbərdarlıq və istifadə qaydaları yerləşdirməyə çağırır. Gələcək mərhələdə isə digər məişət texnikalarının da oxşar risk yaradıb-yaratmadığı araşdırılacaq.

NURİYYƏ 

Seçilən
23
1
redaktor.az

2Mənbələr