AZ

18 may Muzeylər Günüdür

 18 may — Beynəlxalq Muzeylər Günü ilk dəfə 1977-ci ildə Beynəlxalq Muzeylər Şurası tərəfindən təsis olunub. 

Günün yaradılmasında əsas məqsəd muzeylərin cəmiyyətin inkişafındakı roluna diqqət çəkmək, tarixi və mədəni irsin qorunmasının vacibliyini insanlara çatdırmaq idi.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən muzeylər də ölkənin zəngin tarixinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynayır. Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və digər mədəniyyət ocaqları həm yerli sakinlərə, həm də turistlərə Azərbaycanın keçmişini yaxından tanıdır.

Bu günün qeyd olunmasında əsas məqsədlərdən biri xüsusilə gəncləri muzeylərə cəlb etməkdir. Çünki muzeylər tarix dərslərini daha canlı və yadda qalan şəkildə təqdim edir. Burada nümayiş olunan eksponatlar insanların keçmiş dövrləri daha yaxşı təsəvvür etməsinə imkan yaradır.

Hər il Beynəlxalq Muzeylər Günü münasibətilə dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da müxtəlif sərgilər, açıq qapı günləri və maarifləndirici tədbirlər təşkil olunur. Bu təşəbbüslər insanların muzeylərə marağını artırmaq və mədəni irsin qorunmasının vacibliyini xatırlatmaq baxımından əhəmiyyətli hesab edilir.

Qeyd edək ki, bu gün Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçiriləcək. Gün ərzində ziyarətçilərin muzeylərə girişi ödənişsiz təmin olunacaq.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr