Kulis.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Kulis.az Sevinc Mürvətqızının “Kişiyana” layihəsində bugünlərdə 80 illik yubileyini qeyd edən ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlı ilə müsahibəsini təqdim edir.
- Sabir bəy, söhbətimizə layihənin ənənəvi sualından başlayaq: Müasir dövrdə kişi kimi yaşamaq asandırmı?
- Kişi olana asandır. Doğrudan da özünü kişi sayırsansa, kişisənsə, bütün çətinliklərin içində elə kişi olaraq yaşayacaqsan. Öləndə də kişi kimi öləcəksən.
- Zamanın diktəsindən asılı olmayaraq?
- Dəxli yoxdur. Hansı zaman rahat olub ki? Bəlkə qədim dövrlərdə, orta əsrlərdə rahat olub, yoxsa quldarlıqda? Həmişə çətin olub. Bu, xarakterlə bağlı məsələdir. Kişi kişidirsə, kişi kimi də yaşayacaq. Yəni əsirlikdə də, həbsxanada da kişi kimi yaşamaq olur. Xaraktercə kişi olmayana isə hər dövr quldarlıqdakı kimidir. Həmin dövrdə kişilər qul olmağa elə alışırdılar ki, sonra onları azad eləyəndə də getmirdilər, bilmirdilər hara getsinlər. Yəni qul olmaq onlar üçün rahat idi… Əslində, ictimai-siyasi formasiyalar bütün tarix boyu iç-içə yaşayır. Onların insanı ucaldan tərəflərinin vəhdətini, ümumi ahəngini tapmaq mümkün olsa, insan xoşbəxt olardı. Məsələn, kapitalizmlə sosializmin yaxşı tərəfləri birləşdirilsə, ideal sistem yaranardı. Yəni insanların sosial təminatı, sosial müdafiəsi və paralel şəkildə iqtisadiyyatı, sərbəstlik, azad bazar... Bunların uyğunluğunu tapmaq, üstəlik vahid milli dövlətçilik ideologiyasını mənəvi mühitin əsas yoluna çevirmək, idxal edilən “demokratiya” hərcmərcliyinin qarşısını almaq mümkün olsa, cəmiyyət rahat nəfəs alar və daha sürətlə inkişaf edərdi. Çünki indi insanların bəziləri sosializm dövründəki sosial güvənliyin, təhsilin, səhiyyə sisteminin xiffətini çəkir, kaş indi də elə olaydı, deyir.

- Xarakter məsələsini vurğuladınız, sizcə, xarakter kriteriyası olaraq “kişilik”, "kişiyanalıq” anlayışı çağdaş dövr üçün köhnəlmiş dəyər kimi görünmür?
- Bir çox anlayışlar, sözlər var ki, sanki arxaikləşir. Bəlkə kişi sözü indi kiməsə arxaik görünə bilər, amma kişilik özü heç vaxt arxaikləşmir. Anadolu türkcəsində bir az fərqlidir. Orda "kişi" deyiləndə ümumən hər iki cins - həm qadın, həm erkək nəzərdə tutulur. Amma bizdə "kişi" ər, ərən, erkək mənasındadır. Ona görə məncə, heç vaxt dəbdən düşmür. Son vaxtlar dünyada cinslər arasındakı fərqlərin silinməsinə meyl güclənib. Avropa rəsmi qurumlarda belə, eşcinsərin olmasını zəruri hesab edir. Bizim gəncliyimizdə kişinin kişiylə öpüşmə ənənəsi yox idi və ya belə geniş yayılmamışdı. Səmimiyyətin də bəlli ölçüləri vardı. Tariximizdə, folklorumuzda, doğulub böyüdüyüm mühitdə kişi həmişə ərdəmlidir. Kişi həmişə hamının qayğısına qala bilməlidir. Kişilik ailəsinin böyüyü olmaqdır, köməyə ehtiyacı olana kömək eləməkdir. Kişi öz dilinin, elinin, torpağının, vətəninin təəssübünü çəkə biləndir, ondan ötrü vuruşandır, lazım gələndə ondan ötrü öləndir. O mənada kişiliyi heç vaxt öz ucalığından endirmək olmaz.
- Doğulduğunuz, böyüdüyünüz yerdə ən böyük həyat dərsini kimlərdən almısınız?
- Atamdan, babamdan… O dərs düzlükdür, imandır, dünyanın gəlimli-gedimli olduğunu dərk etməkdir, kimsəyə pislik etməməkdir, imkan daxilində əl tutmaqdır, çətinliyin önündə əyilməməkdir. Sonra böyük bir ailəni öz halal zəhmətiylə dolandırmaqdır, qapısından içəri haram buraxmamaqdır; Tanrıya inam və keçmişlərin xatirəsini uca tutmaqdır... Mən bunu yazmışam "Atamın ruhu” kitabında. Bizim evlərimizdə hər axşam neçə nəslin xatirəsi yad edilərdi. O məhz kişilik söhbəti idi ki, filan babamız belə kişi olub, bu cür yaşayıb. Bu, yaddaşdır. Yaddaşını itirən millət ölür. Yaddaş nəsilləri bir-birinə bağlayır. Yaddaş tariхdir, illər və nəsillər arasında körpüdür. O vaxt kənd yeri idi, radio, televiziya yox idi, amma böyük bir yaddaş vardı. Məsələn, kənddə istənilən bir ağsaqqalı dindirsən, iyirmi- otuz nağıl, neçə dastan danışa bilərdi, onlarla bayatı deyərdi. İndi gedib soruşun, görün nə deyəcəklər? Başqa şeylər bilirlər təbii ki, mən onları inkar eləmirəm, ona da pis baxmıram. Amma mənim dediyim tamam ayrı bir mühit idi, mən o mühitdən çıxmışam...

- Düzlükdən danışdınız, sizcə, düz düzdə qalır, yoxsa düz elə düz də qalır?
- Düz əyrini yüz yerdən kəsir, belə deyirlər. Bilmirəm, bəlkə də bu gün düzlükdən, halallıqdan danışmaq kimlərəsə sadəlövhlük görünə bilər. Amma hərənin bir həyat prinsipi var. Mənim yolum o ənənələrə, kökə bağlılıqdır. O cür tərbiyə almışıq. İndi 80 yaşında bundan danışmaq bir az qəribədir, çünki sən artıq özün babasan, ağsaqqalsan. Köhnə ağsaqqallardan danışmaq bəzən yersiz görünə bilər. Amma hər kəs bir yol tutub gəlir, o yolu da istəyir onun övladları davam etdirsinlər. Bizim yolumuz belə olub. İki cür yaşamaq olur: Bir, sənə qədər olan hər şeyi inkar edirsən, onları əhəmiyyətsiz, köhnəlmiş, keçmiş, bu gün heç kimə lazım olmayan sayırsan... Bir də var o keçmişi sən torpaq kimi, öz ailən kimi, hava kimi, içdiyin su kimi həyatının təbii təməli sayırsan, o keçmişdən qopa bilmirsən, ona yuxarıdan aşağı baxmırsan. Yaxşıdır, pisdir, hər nə cürdürsə, onu dəyərləndirirsən. Mən həm həyatımda, həm də yazılarımda keçmişi bəzən ideallaşdırmışam, bəzən olduğundan da böyük göstərməyə çalışmışam. Bu mənim yolumdur. Məsələn, "Ömür kitabı"m Azərbaycanın tarixini və keçmişini böyük görmək istəyimdən doğulub. Və əslində də belədir. Əlbəttə, həyatımıza və xalqımıza dahi böyüklərimiz Sabir kimi, Mirzə Cəlil kimi baxmaq da var. Onlar çar Rusiyasında millətin o çəkdiyi əzabları qəbul etmir və buna dözə bilmirdilər. Ona görə də o cür – qeyri-adi bir qəzəblə, təbii ki, daha yaxşı görmək istəyi ilə yazırdılar. O baxış da sevgidən doğulurdu. Kök birdir, mən onların ruh övladıyam. Onlar o cür görürdü və qamçılayırdı. Amma mən qamçılamıram, tarixlə bağlı yazdığım - "Göy Tanrı", "Ölüm zirvəsi" "Difai fədailəri", "Şair və Şər", "Akademikin son əsəri", nəhayət “Xətai yurdu, xalq meydanı” silsilə romanlarımda tarixin faciələri ilə yanaşı, pozitiv, işıqlı, qəhrəmanlıqla dolu olan, yeni nəslə örnək, müsbət enerjiylə çağlayan tərəfini göstərməyə çalışmışam. Qəhrəmanlarım tarixin təkərini fırladan adamlardır.
- Buna belə çox qapılmaq bir az özünü aldatmaq deyil?
- Olsun. Yəni aldadıb kimə ziyan vurursan ki? Kimin ruhuna toxunursan, kimi incidirsən? Kim mənə deyə bilər ki, Tanrıçılıq, Oğuz xan dönəmini olduğu kimi, Dədə Qorqud ruhuna yaxın bir ruhda, göstərmək özünü aldatmaqdır? Əksinə, bu həqiqətə yaxınlaşmaqdır. Bizim çox böyük bir tariximiz var, Azərbaycanın və bütövlükdə türklərin böyük tarixi var. Param-parça olublar, niyə? Hansı güclərin qarşısında? Sonra hansı faciəli yolları keçiblər? Keçmişin dilinə, folkloruna dərindən nüfuz eləyəndə görürsən ki, orda söyülməli, inkar olunmalı, aşağılanmalı heç nə yoxdur. Əgər biz bu gün o ənənələrdən qopmuşuqsa, özümüz özümüzü söyməliyik, o tarixə toxunmaq olmaz. O tarix böyük tariхdir. Kərkük, Güney Azərbaycan və bütövlükdə İran türkləri, Dərbənd, Borçalı... Görün, Azərbaycanı neçə yerə bölüb, bizi necə param-parça ediblər. İyirminci yüzildə dörd dəfə bizim başımızı kəsiblər. 1905, 1918-ci illər qırğınları, 1920-ci ildə Sovet ordusunun on minlərlə ziyalının vəhşicə məhv etməsi, 1930-cu illərin repressiyası, 1940-cı illərdə hər dörd nəfərdən birinin özgə torpaqlarında faşizmin hədəfinə çevrilməsi, sonra Ermənistandakı gözəl dağlarımızdan, qədim torpaqlarımızdan ilan mələyən çöllərə sürülməyimiz və s. Bu qədər müsibət hansı millətin başına gəlsə, ayaqlar altında dağılıb itdərdi. Amma biz yaşadıq və özümüzdə güc tapıb torpağımızın bir hissəsində müstəqil dövlət qurduq. Bu gün içimizdə nə qədər çətinliklər, çəkişmələr olsa da, dünyaya sözümüzü deyə bilirik. Yəni gərək, bütün bunlara görə millətə baş əyəsən, hörmətlə yanaşasan. Buna görə də, mənim vətən sevgim elə-belə dəb xatirinə olan, yaxud da dərsliklərdən gələn, kiminsə öyrətdiyi bir şey deyil. Bu, ruhumun diktəsindən, daxili inamdan, qan yaddaşımdan gəlir. Bunu heç nə ilə dəyişmək olmaz.

- Meydan hərəkatında o qorxunu yenib orada olmağınızın səbəbi o daxili diktə idi, yoxsa…?
- Meydan hərəkatına doğru uzun bir yol gəlmişdim. Gəncə adının yasaq olduğu dövrdə "Gəncə qapısı" kitabımı buraxdım və çox geniş müzakirələri keçirildi, gənclər arasında geniş yayıldıdı. Dalınca "Sağ ol, ana dilim" kitabım nəşr olundu. O vaxt Bakı küçələrində hamı rusca danışırdı və o şeir də elə bütün auditoriyanın rusca danışdığı bir yerdə oxunmuşdu. Sonra "Qan yaddaşı" kitabım gəldi. Yazmışdım ki, “görünür, tarixin də unutduğu həqiqət çıxmır qan yaddaşından”. Tarix kitablarımız ayrı cür yazırdı, amma uşaqlarımız qan yaddaşı ilə bağlanırdılar torpaqlarına. Bunun dalınca "Ömür kitabı"nı yazdım. O kitab əldən-ələ gəzirdi, qızlara cehiz kimi verilirdi. Bu barədə çox yazılıb, mən təkrar edirəm. Ona görə də oxucunun belə bir inamı var idi ki, bu kitabları yazan adam millətinə yalan deməz. Xalq meydanda məni o cür qəbul edirdi. Onda tribunada siyasətçilər yox idi, daha çox ədəbiyyatçılar - Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, mən və bir neçə başqa qələm dostlarım vardı. Fəhlə Nemət vardı. Elçibəy də meydana universitetdə müəllimliyi ilə qazandığı hörmətlə gəlmişdi. Qorxuya gəlincə, o vaxt atdığım addımın qorxulu tərəfini bilirdim - nə ola bilər… Amma o qorxunu addatmışdıq, çünki qarşımızda böyük bir ədalətsizlik vardı. Haqsızlığı görəndə onun qarşısını almaq üçün ölümə getmək çox asandır. Bir şeirimdə yazmışdım: "Bəlkə mən son dayağam, sınsam Vətən də sınar". Elə hər adam bir dayaqdır. Bu gün biri deyir, "mən olmayım, başqası olsun", "mən oğurlasam da başqası oğurlamasın", "mən rüşvət alım, amma başqası almasın..." Kimdir o başqası? Başqası sənsən və o hər kəs öz “başqası”nı qorusa, o “son dayaq” olduğunu dərk eləsə, onda millət yıxılmaz, əyilməz, qüdrətli olar. Bax, mən onda dedim ki, bu gündən kəfənimi boğazıma dolayıb gedirəm meydana... Belə başlamışdı, orda qorxunu keçmişdik...
- Prinsiplərinizdən danışırsız, heç olubmu ki, ən yaxınlarınızı belə prinsiplərinizə görə qarşınıza alasınız?
- O qədər olub ki… Düzünü deyim ki, heç nəyi itirməyi xoşlamıram. Mühafizəkaram, keçmişin, kökün inkarını bəyənmirəm. Yaxşıdır-pisdir, sənin keçmişindir. Fikir ayrılıqları olsa belə, səninlə yol gələn dostların itirilməsi ağırdır. Bir millətin övladıyıq, ona görə həmişə fikir ayrılıqlarına da səbirli yanaşıram. Amma xalq üçün, millət üçün, ümumi iş üçün, ədəbiyyatın, dilin taleyi üçün deyək ki, çox ciddi təhlükə yarada bilən şeylər olanda, təbii ki, sözünü deməlisən və gərəkdirsə, kəsib atmalısan.

- Elə bir məqam olubmu ki, susmusunuz?
- Olub. Məsələn, Milli Məclisdə görmüşəm ki, hansısa qanun artıq hazır gəlib və orada çıxış etməyimin heç bir mənası yoxdur. Lap çıxış eləsəm də nəticəyə təsir göstərməyəcək, yalnız əsəblərini korlayacaqsan, onda susmuşam. O vaxt gerbimiz müzakirə olunanda mən o gerbi qəbul eləmirdim. Dörd-beş dəfə müzakirə olundu, axırda öz istiqlalçı dostlarım xahiş etdilər, "qəbul edək, getsin”, onda susdum. Yəni "desəm öldürərlər, deməsəm ölləm" prinsipilə yox, mənim dediyim susmaq ayrı şeydir. Məhz cəmiyyətin, ətrafındakı adamların sənin dediyini qəbul etmədiyini görəndə susursan. 30 ildir biz deyirik ki, niyə Azərbaycanda soyad sonluqları dəyişmir, Bakıda niyə bu qədər xarici reklam dilimizi kölgədə qoyur, niyə bu qədər rus məktəbləri var? Üç dəfə deyirsən, beş dəfə deyirsən… Mənim dillə bağlı bu məsələlərə dair sayını unutduğum yazılar var, bunları demişəm. Amma sonra görəndə ki, sən deyirsən sənə qalır, cəmiyyət bu məsələlərə biganədir, onda susursan. Hərdən də fikirləşirsən ki, bəlkə mən haqsızam? Haqlı olduğuma əmin olanda da bəzən fikirləşirəm bəlkə, hamı susursa "ağıldan bəla" mənəm, çünki tək mənim çiynimə düşən bir iş deyil ki, qoy hər kəs fikirləşsin…
- Meydan hərəkatından sonra da siyasət meydanındasınız. Aydın məsələdir ki, o meydanla bu meydanın “oyun qaydaları” fərqlidir. Siyasətdə təmiz qala bilmək asandırmı?
- Biz siyasətə xalqın iradəsiylə gəlmişdik. Buna görə də siyasətdə darıxmıram və özümü də heç vaxt tək hiss eləməmişəm, hətta Milli Məclisdə bir məsələ haqda tək mən danışsam da bilmişəm ki, milyonlarla insan mənim kimi fikirləşir. Belə olanda cəsarət tapırsan. Biz 90-cı illərin əvvəllərində dediklərimizi son dərəcə arxayın deyirdik, bilirdik ki, qapının o tərəfində yüz minlərlə insan dayanıb bizi gözləyir. İnsan biləndə ki, dediyi düzdür, millətin mənafeyinə, milli dəyərlərə, dünyanın qəbul elədiyi prinsiplərə uyğundur, onda niyə qorxmalısan, niyə sən orda özünü tənha və gücsüz hesab etməlisən? Xarici ölkələrdəki çıxışlarımda da belə olub. Məsələn, Suriyada İslam ölkələrinin mədəniyyət və informasiya nazirlərinin görüşü idi. Təklif olunan sənəddə Qarabağ yazılıb, amma dünyadakı başqa münaqişələrlə bir sırada... Çıxışışımda dedim ki, "olmaz, Qarabağ məsələsi ayrıdır". Bir dəfə dedim baxmadılar, sonra əlavə dörd dəfə çıxış elədim, adətən elə şey olmur, biri bir dəfə çıxış eləyir və ora Azərbaycan deyildir, əlli ölkədən gələn var... Amma sonda qəbul etdirdim. Sonra təşkilatın sədri də məni müdafiə elədi, dedi: "Mənə elə gəlir, azərbaycanlı qardaşımız düz deyir, məsələni anlamaq lazımdır". Yəni düz olduğunu biləndən sonra hansı auditoriya olur-olsun, fərqi yoxdur…
- Bu gün “Ömür kitabı”nı yenidən yazsanız, ora nələri əlavə edərdiniz?
- Onda mənim içimdə belə bir duyğu var idi ki, mən bu kitabı tez yazmalıyam, baxmayaraq ki, tez yazmadım, 1985-ci ildə başladım, 1988-ci ildə çap olundu. Niyə görə düşünürdüm tez yazmalıyam? Çünki “aşkarlıq dövrü” başlamışdı, Qorbaçov gəldi, ancaq onun siyasətinin uzun sürəcəyinə inam yox idi. İkincisi, bizim əleyhimizə kitablar yazılırdı, elə o aşkarlıqdan istifadə edərək ermənilər ortaya atılmışdılar. Və bunlara cavab verilməli idi. Türk dövlətlərindən də ciddi bir səs gəlmirdi, Oljas Süleymenovdan başqa. (Murad Acinin möhtəşəm araşdırmaları 1992-ci ildən yayılmağa başladı.) Vardges Petrosyanın, Silva Kaputikyanın, adını çəkmək istəmədiyim, bu yaxınlarda gorbagor olan müəllifin kitabı rusca yayılırdı. (Amma yaxşı ki, uzun yaşadı, - Qarabağ zəfərimizi gördü...) Sonuncunun “Ocaq”kitabı haqqında bir məqalə yazıb Moskvaya göndərmişdim, "Literaturnaya qazeta"ya, çap etməmişdilər. Sonra bu məqaləni genişləndirib “Ömür kitabı”na qoşmağa məcbur oldum. İndi yazsam, bu kitabı bir az daha səbirlə, təmkinlə yazardım. Orada bölgələr haqqında fikirlərimi çoxaldardım, bəzi bölgələr yazılmayıb, vaxt çatmayıb yazmağa. Həm də mən düşünürdüm “Ömür kitabı” birinci kitabdır, ikinci kitabı Güney Azərbaycana həsr eləyəcəyəm. Amma təəssüf ki, bu arzumu yerinə yetirə bilmədim “Ölüm fitvası” qarşımı kəsdi. Orada yazmışam ki, mənim vətənim iki səhifəlik kitabdır, bir üzünü yazıram, o biri üzünə mürəkkəb dağılıb, oxunmur. Amma şükür, indi İran türkləri və ya türklərin İranı haqqında dəyərli kitablar yazılır.
- Bir şeirinizdə yazırsınız: “Min illərdir sənə sevgi nəğməsi oxuyuram heç usanmadan…” Ümumiyyətlə, qadın və sevgi mövzusuna bu “minillik baxış”ınızın heç dəyişdiyi vaxtlar olubmu?
- Qadınları həmişə sevmişəm. Birinci, öz evindən başlanır qadına sevgi - anadan başlayır, anamı çox sevmişəm. Böyük bir sevgi görmüşəm evimizdə, atamın anama münasibətini görmüşəm. Atam nə qədər qəzəbli olsa da, anam "bu qədər uşağın anasına hirslənmək olar?"- deyə bacı-qardaşlarımı göstərirdi və buludlar dağılırdı. Bütün mübahisələrdə anam öz qohumlarının yox, həmişə atamın tərəfini tuturdu, onun haqlı olduğuna inanırdı. Yəni, evimizdə böyük qalmaqal görməmişəm. Anam rəhmdil idi. Necə yaşamağımızdan asılı olmayaraq kənddə nə qədər imkansız, tək qadınlar vardı, tez-tez onlara pay-püş göndərərdi - un, kartof, ağartı... Olanımızdan bölüşərdi. Heç kimi qapıdan, öz dediyi kimi desək, naümid qaytarmazdı. Sonra da bibilərim, xalalarım, kəndimizin qadınları hamısı örnək olub, yəni hamısını ana kimi, bibi kimi, qohum-əqrəba kimi sevmişəm. Sonra Bakı həyatı başlandı, qarşıma özümlə yanaşı oxuyan, işləyən insanlar çıxdı. Çoxlu etibarlı, dar gündə məni tək qoymayan, səsimə səs verən qadın dostlarım oldu. Kişi dostluğu səviyyəsində. Yəni qadınları sevməmək mümkün deyil. Biriylə evlənirsən, lakin əsl dostlar səndən üz çevirib getmir. Birisi fiziki, bioloji ailənin üzvü olur, başqası mənəvi ailənin... Qadına sevgi insanın həyatına güc qatır. Şeirlər yazırsan, ömrünü, taleyini bağladığın xanım öz yerində… Ani bir baxışdan, qısa bir yolüstü söhbətdən, zəriflikdən, mərhəmətdən, qızların Vətən sevgisindən, mərdliyindən doğan şeirlər də olur. Qadınsız dünya qaranlıq olardı. Bildiyimiz bütün böyük ədəbiyyat, rəssamlıq, heykəltaraşlıq, memarlıq, musiqi əsərləri böyük eşqin meyvələridir. İnsanlıq buna görə qadınlara daim minnətdar olmalıdır.

- Sevgi şeirlərinə görə evdə qısqanclıqla qarşılaşmamısınız?
- Yox, şansımdan Tənzilə xanım ədəbiyyatı sevən, onu başa düşən adamdır. Az qala hər şeirimin tərcümeyi-halını bilir.
- Bu gün güzgüyə baxanda orda gördüyünüz adamdan razısınız?
- Yox, şübhəsiz. Düşünürəm ki, Allah mənə daha çox iş görmək imkanı vermişdi, amma onun bir hissəsini reallaşdırmağı siyasət, milli müstəqillik uğrunda mübarizəmiz, savaş aldı əlimizdən. Amma mən xoşbəxt adamam ki, iki yüzilin və iki miniliyin arasında yaşadım. Şər imperiyasının dağılmasını gördüm, o dağılma prosesində iştirak etdim. Azərbaycanın müstəqilliyi üçün öndə sözümlə, əməlimlə mübarizə apardım, ideyalar verdim, haqqımızı müdafiə etmək, Dünya azərbaycanlılarını təşkilatlandırmaq üçün qitələr dolaşdım. Rəhmətlik Elçibəy deyirdi ki, "sən ideya maşınısan, maraqlı yollar göstərirsən, fikirlər deyirsən, başqaları ağzından alırlar, amma sən özün dalınca düşüb getmirsən". Gülə-gülə, “mənim ömrüm çatmaz bütün ideyalarimın dalınca düşüb getməyə”- deyirdim. Nəşriyyatda da, mətbuat sahəsində də bir çox birinciliklərə imza atdım. “Bütöv Azərbaycan” seriyasının birinci kitabı mənim kitabımdır. İlk müstəqil demokratik qəzetimizi - “Azərbaycanı”ı buraxdım. Mətbuat Komitəsini çevirib Mətbuat və İnformasiya Nazirliyi elədik, beynəlxalq qurumlarda bu nazirliyi təmsil elədik, qəzetlər və informasiya agentliklərinin lisenziya almasının qarşısındakı bütün əngəlləri aradan qaldırdıq; senzuranın ləğvi, latın qrafikasına keçid, yeni ideologiya ilə dəsliklərin nəşri, Şahmat Federasiyasının prezidentliyi və Dil Qurumunun yaranması, Dünya Azərbaycanlıları Konqresinə rəhbərlik, “Vətəndaş Həmrəyliyi” partiyası və qəzetinin təsis edilməsi, “Qarabağın səsi”, ”Bakı-Təbriz”, “Türk dünyası” jurnallarının yaradıb çap etməyim... Bunlar mənim ömrümün ayrı-ayrı fəsilləridir. Bunlar məncə, lazımlı işlərdir, lakin ədəbi taleyimin böyük bir parçasını əlimdən aldı. Vaxtım getdi, əvvəllər cavan idim, hiss eləmirdim, səhərdən axşama kimi danışırdım, gəzirdim, görüşlər, çıxışlar… Amma axşam gəlib oturub 20-25 səhifə də yazı yazırdım. Sonra 1988-ci ildə meydan hərəkatı başladı, elə həmin ildən 1995-ci ilə kimi - yeddi il ərzində bir kitab çap etdirə bilmədim. O illərdə müstəqillik eşqi bizi elə havalandırmışdı ki, kitab yadıma düşmürdü. Yəni bir növ, ədəbi taleyimiz millətin taleyinə qurban getdi. Peşiman deyiləm, ancaq hər-halda daha çox yaza bilərdim. Belə bir şeir yazmışdım:
Neçə yazılmamış şeirlərimi
Atdım meydanların izdihamına...
Qatdım millətimin gur ilhamına
Bircə söz saxladım - Azadlıq sözü,
Dönüb, yumruq olmaq öyrətdim ona.
Kağıza yazılmalı sözlərimi yumruğa çevirdim. Vaxt gəlir, yumruqlar açılır, amma söz qalır, şübhəsiz…

- Sabir Rüstəmxanlı bu gün daha çox ərdir, atadır, babadır, ictimai-siyasi xadimdir, şairdir, yoxsa ağsaqqal?
- Hamısı bir yerdədir. Əlbəttə, uşaqlara, nəvələrə baxıb sevinirsən, xoşbəxt olursan, insan həyata gəlir ki, həyat davam eləsin. Uşaqlığın bir xatirəsini heç unutmuram: evin qarşısında bostanımız vardı, kartof, zəfəran, boranı, soğan, xiyar, pomidor əkirdik. Bu işlə daha çox anam məşğul olurdu, biz də kömək edirdik. Bir həftə, on gün sonra torpaqdan nazik tel kimi yaşıl bir cücərtilər çıxırdı… Soğan - başında da qara bir nöqtə kimi qabığı. O biri tərəfdə balqabaq, xiyar cücərtiləri qalxır yerdən, başında da öz qabığı. Bu, təbiətin dərsiydi- heç vaxt unudulmayan dərsi. Adicə toxum - sonra ona bir şeir də yazmışdım, - torpağa kök atıb cücərir və o zərif cücərti öz qabığını başında qaldırır. Yəni kökünü, nəslini, keçmişini başında qaldırır. İnsan da onu həyata gətirənləri, ailəsini, millətini başımda qaldırmalıdır! Onu ayağa sala bilməz. Bu baxımdan içimdə bir dinclik var; həyatım boşuna getməyib. Amma eyni zamanda bir çox işlər yazılmamış qalıb...

- Yeri gəlmişkən, hazırda hansısa kitab üzərində işləyirsinizmi?
- İşləyirəm, amma əvvəlki sürətlə yox. Araya gözlənilməz işlər girir. Bu işi başlayıram, başqa bir iş çıxır. Dörd il bundan əvvəl şərti adı "Dağların qisası" olan roman yazmışam, bitib əslində, amma ora vacib bir epizod əlavə etməliyəm, vaxt tapa bilmirəm. Uşaqlar üçün müəyyən şeylər yazmışam, tamamlanmayıb. İdeyalar var, reallaşdıra bilmirəm. Bir də ki, bu yazdıqlarımızın nəşri məsələsi var. Təəssüf ki, bununla da özümüz məşğul olmalıyıq. Məsələn,"Ömür kitabı" rus dilinə çevrilmişdi, Rusiyanın türklər yaşayan hər yerində ondan xəbərləri vardı, elektron variantını oxuyublar. Sonra ingilis dilində Londonda, daha sonra, Bosniya və Hersoqovinadakı səfirimiz, görkəmli ədəbiyyatşünas alim, professor Vilayət Quliyevin köməyi ilə Sarayevoda çap olundu. Bu yaxınlarda tərcümə olunub Polşada işıq üzü görəcək. Azərbaycana qarşı informasiya blokadasını qıran, tariximizi öyrədən əsərlərin tərcümə və nəşr işi dövlət səviyyəsində aparılmalı, bundan ötrü müəyyən mənbə və ya fond yaradılmalı, təbliğatı aparılmalıdır. Niyə Azərbaycanın taleyi ilə bağlı olan əsərləri müəlliflər ancaq öz hesablarına etməlidirlər? Müasir dərdlərimizi və istəklərimizi dünyaya çatdırmaq üçün dövlətin bir proqramı olmalıdır. "Göy Tanrı" Türkiyədə dəfələrlə, Özbəkistanda və bir sıra ölkələrdə çap olundu, Almaniyada üç kitabım çıxdı, "Ölüm zirvəsi” gürcü dilində nəşr edildi. Beynəlxalq aləm deyirik, amma beynəlxalq aləmə çıxmaq üçün də vaxt, tərcüməçi, maddi imkan lazımdır. Hətta millət vəkili təqaüdü ilə də bunları etmək çətindir. Yaxşı ki, vaxtında millət vəkilliyindən yox, nazirlikdən imtina etmişdim. Maddi çətinlik üzündən kitablarımızı cəmi beş yüz və ya min nüsxə çıxara bilirik, sonra özümüzdə də qalmır. Bəzən deyirlər ki, Azərbaycan yazıçıları dünyaya çıxa bilmirlər… Əvvəla, biz də dünya ədəbiyyatının bir parçasıyıq, ikincisi daha geniş oxunmağın bir yolu öz ədəbiyyatının dünya dillərində çap olunmasıdır. Dünyada çox istifadə olunan, yəni imkanı böyük olan dillərdə çap olunmaq üçün də müəyyən dövlət proqramları və şərait lazımdır. Ədəbiyyatımızı ancaq o şəkildə təbliğ eləyə bilərik. Nobel Mükafatı alan əsərlər var, geniş yayılmış kitablar var - bizdə də tərcümə edilib çap olunur, açıb baxırsan içində qeyri-adi heç nə yoxdur. Bədii ədəbiyyata “çox oxunur” və ya “çox nəşr edilir” prinsipi ilə qiymət vermək olmaz. Bu günün oxucusu daha çox açıq-saçıq, hətta tərbiyəsiz kitabları oxuyur. Bunun ədəbiyyata nə aidiyyati var? Bədii ədəbiyyat oxucunu öz ardınca aparmalıdır. Bizim ədəbiyyatımızda xeyli əsər var ki, dünyada tanınan kitablarla yan-yana dayana bilər…
- Məsələn?
- Məsələn, İsa Muğannanın, Sabir Əhmədlinin, Yusif Səmədoğlunun yaradıcılığı… İndi dünyada olmayan yazıçıların adlarını çəkdim, yaşlı və orta nəsildən olan bəzi sağ yazıçıların da adlarını çəkə bilərəm. Yaxud da klassik ədəbiyyatımızdan elə nümunələr var ki, bizə adi görünür, amma nəhəng əsərlərdir. Özümüzü dəyərləndirməyi bacarmalıyıq…

- Son sualım - layihəmizin adına uyğun sonda kişiyana mesajınız nə olardı?
- Bizim camaatın bir sözü var: Kişi ol da! Kişilik var-dövlətlə ölçülmür. Özəlliklə bu var-dövlət millətdən oğurlanmaqa, əyriliklə, rüşvətlə qazanılıbsa. Təəssüf ki, kişilərin bəziləri qadın kimi qeybət qırmağla, ona-buna söz bəzəməklə məşğuldurlar, ehtiyac qadınların da bir qismini kişiləşdirir. Ona görə sonda yenə deyirəm: kişilik təkcə cinsiyyət məsələsi deyil, həm də xarakter məsələsidir.
Foto: Rüfət Mustafayev
Oyunu tərk etməyənlər - Andre Morua
Məşhur aktyor vəfat etdi
Çarın monoloqu - Mark Tvenin essesi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.