AZ

Ədalət Partiyasının IX Qurultayından bir il ötür

17 may tarixində Ədalət Partiyasının IX Qurultayının bir ili tamam olur. Qafqaz Biznes Mərkəzində keçirilən qurultay partiyanın ictimai-siyasi həyatında mühüm mərhələ kimi yadda qalıb.

"Cebheinfo.az" xəbər verir ki, Qurultay Dövlət Himninin səsləndirilməsi, partiyanın mərhum sədri İlyas İsmayılovun və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlamışdı. Tədbirdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, ziyalıların və media qurumlarının nümayəndələri qonaq qismində iştirak etmişdilər.

121 qurultay nümayəndəsi və ümumilikdə 200-ə yaxın iştirakçının qatıldığı toplantıda IX Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Mütəllim Rəhimli və Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Çingiz Abbasov məruzələrlə çıxış etmişdilər. Qurultayda partiyanın rəhbər orqanlarına seçkilər keçirilmiş və Mütəllim Rəhimli Ədalət Partiyasının sədri seçilmişdi.

Qurultaydan ötən bir il ərzində partiyanın fəaliyyətində canlanma müşahidə olunub. Hər həftənin şənbə günü Siyasi Şuranın iclasları keçirilir, təşkilati məsələlər və ölkədə baş verən ictimai-siyasi proseslər müzakirə edilir. Siyasi Şuranın üzvləri ölkənin müxtəlif kütləvi informasiya vasitələrində çıxış edərək siyasi gündəmi şərh edir və ictimaiyyətlə mövqelərini bölüşürlər.

Bu müddət ərzində partiyanın rayon təşkilatlarının fəaliyyəti genişləndirilib, gənclər və qadınlar təşkilatları formalaşdırılıb. Ədalət Partiyası tərəfindən müxtəlif tarixi günlər, anım və yubiley tədbirləri qeyd olunub, kitab təqdimatları və gənclərlə görüşlər təşkil edilib, partiyanın ictimaiyyətlə daha yaxın əlaqəsinin təmin edilməsi məqsədilə Ədalət Partiyasının rəsmi saytı və müxtəlif sosial şəbəkə platformaları istifadəyə verilib.

Bütün bunlardan başqa Ali Məclisin iclası keçirilərək partiyanın qərarverici orqanı da formalaşdırılıb.

Partiyanın qurucusu və uzun illər sədri olmuş İlyas İsmayılovun xatirəsinə həsr edilmiş geniş konfrans da yüksək səviyyədə keçirilib. Tədbirdə ictimai-siyasi xadimlər, ziyalılar və partiya üzvləri iştirak edərək mərhum siyasətçinin dövlətçilik fəaliyyətindən və siyasi irsindən bəhs ediblər.

Partiya rəsmilərinin sözlərinə görə, Ədalət Partiyası bundan sonra da ölkənin ictimai-siyasi həyatında fəal iştirakını davam etdirmək niyyətindədir.

"Cebheinfo.az"

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr