AZ

Şuşadan Türküstana: Türk birliyinin yeni mərhələsi

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qazaxıstanın qədim Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşü təkcə növbəti diplomatik toplantı deyil, bütövlükdə türk dünyasının gələcək siyasi, iqtisadi və texnoloji inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm geosiyasi hadisə kimi diqqət çəkir. Zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında həm Azərbaycanın regional liderlik mövqeyini nümayiş etdirdi, həm də türk dünyasının XXI əsrdə vahid güc mərkəzinə çevrilməsi istiqamətində strateji baxışını ortaya qoydu.

Türküstan şəhərinin Zirvə görüşü üçün seçilməsi xüsusi siyasi və mənəvi məna daşıyır. Türk sivilizasiyasının mühüm mərkəzlərindən biri olan bu qədim şəhər ortaq tarix, ortaq kimlik və ortaq gələcək ideyasının simvolu kimi çıxış edir. Prezident İlham Əliyevin çıxışında Şuşa ilə Türküstanın qardaşlaşmış şəhərlər kimi təqdim olunması Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərin yalnız diplomatik deyil, həm də mənəvi və mədəni bağlara söykəndiyini göstərir.

Bu barədə Bizimyol.info-ya danışan politoloq Nicat İsmayılov bildirib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycan ilə Qazaxıstan arasında sürətlə inkişaf edən münasibətlər olub. Son beş ildə dövlət başçılarının qarşılıqlı intensiv səfərləri iki ölkə arasında münasibətlərin dinamik xarakter aldığını nümayiş etdirir. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə isə əlaqələri müttəfiqlik səviyyəsinə yüksəldərək yeni siyasi mərhələnin əsasını qoyub.

Politoloqun sözlərinə görə, bu əməkdaşlıq artıq enerji, logistika, rəqəmsal kommunikasiya, nəqliyyat və təhlükəsizlik sahələrində real layihələrlə müşayiət olunur. Xüsusilə Transxəzər əməkdaşlıq platforması çərçivəsində Bakı ilə Astana arasında formalaşan strateji xətt türk dünyasının iqtisadi inteqrasiyasında mühüm rol oynayır.

Nicat İsmayılov qeyd edib ki, 2024-cü ildə ilk qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi təsadüfi deyildi. Azərbaycanın işğaldan azad etdiyi Şuşa artıq təkcə ölkənin mədəniyyət paytaxtı deyil, həm də türk dünyasının siyasi-mədəni inteqrasiyasının simvoluna çevrilib. Şuşa Zirvəsinin ənənəyə çevrilməsi ideyası Türk Dövlətləri Təşkilatının institusional güclənməsinə xidmət edir.

Politoloqun fikrincə, Türküstan Zirvəsi Şuşada başlanmış siyasi xəttin davamı kimi qiymətləndirilə bilər. Azərbaycan postmüharibə dövründə yalnız regionda yeni reallıq yaratmaqla kifayətlənməyib, həm də türk dünyasının inteqrasiya prosesində əsas təşəbbüskar dövlətlərdən birinə çevrilib.

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi parçalanmaların, enerji böhranlarının və texnoloji rəqabətin dərinləşdiyi bir dövrdə Türk Dövlətləri Təşkilatının rolu sürətlə artır. Prezident İlham Əliyevin vurğuladığı kimi, təşkilatın beynəlxalq çəkisi artıq yeni mərhələyə qədəm qoyub.

Nicat İsmayılov hesab edir ki, türk dövlətləri Avropa ilə Asiya arasında yerləşən nəhəng geostrateji məkanı əhatə edir. Enerji ehtiyatları, tranzit potensialı, demoqrafik imkanlar və zəngin təbii resurslar bu birliyi gələcəyin əsas geosiyasi aktorlarından birinə çevirə bilər.

Azərbaycan isə bu prosesdə körpü rolunu oynayır. Xəzər hövzəsindən Avropaya uzanan enerji marşrutları, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr türk dövlətlərini qlobal iqtisadi sistemdə daha sıx birləşdirir.

Prezident İlham Əliyevin çıxışının ən mühüm istiqamətlərindən biri rəqəmsal inkişaf və süni intellekt məsələləri olub. Bu, Azərbaycanın artıq ənənəvi enerji iqtisadiyyatından innovasiya əsaslı iqtisadi modelə keçid strategiyasını açıq şəkildə ortaya qoyur.

Azərbaycanın Milli Süni İntellekt Mərkəzi, Süni İntellekt Akademiyası və Rəqəmsal İnkişaf Şurasını yaratması dövlətin texnoloji inqilabın yaratdığı çağırışlara hazırlaşdığını göstərir. Süni intellekt strategiyasının qəbul edilməsi isə Azərbaycanın regionda texnoloji liderlik iddiasını nümayiş etdirir.

Bu siyasətin əsas məqsədləri sırasında:

süni intellekt sənayesinin inkişafı;yüksək ixtisaslı insan kapitalının hazırlanması;dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi;kibertəhlükəsizlik və rəqəmsal suverenliyin gücləndirilməsi xüsusi yer tutur.

Azərbaycanın sabit genişzolaqlı internet əhatəsini 100 faizə çatdırması və bütün dövlət xidmətlərini vahid rəqəmsal platformada birləşdirmək istiqamətində fəaliyyəti ölkənin rəqəmsal transformasiya modelini daha da gücləndirir.

Zirvə görüşündə diqqət çəkən əsas məsələlərdən biri də “Rəqəmsal İpək Yolu” layihəsi olub. Bu layihə Avropa ilə Asiyanı yeni rəqəmsal kommunikasiya xətti ilə birləşdirməyi nəzərdə tutur.

Azərbaycan ilə Qazaxıstan arasında çəkilən Transxəzər Fiber-Optik Kabel xətti türk dövlətlərinin texnoloji inteqrasiyasını sürətləndirəcək. Bu layihə yalnız internet infrastrukturu deyil, həm də yeni iqtisadi və geosiyasi təsir mexanizmi deməkdir.

Gələcəkdə məlumat axınlarına nəzarət edən ölkələrin beynəlxalq sistemdə üstün mövqe qazanacağı nəzərə alınarsa, Azərbaycanın bu sahədə atdığı addımlar strateji uzaqgörənlik nümunəsi kimi qiymətləndirilə bilər.

Hazırkı qlobal siyasi şəraitdə ən mühüm məsələlərdən biri təhlükəsiz və alternativ nəqliyyat marşrutlarının formalaşdırılmasıdır. Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və beynəlxalq logistika böhranları Orta Dəhlizin əhəmiyyətini daha da artırıb.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək. Bu layihə türk dünyasını birbaşa quru bağlantısı ilə birləşdirəcək, yükdaşımaların sürətini artıracaq, regional ticarət dövriyyəsini genişləndirəcək və Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişəcək.

Azərbaycanın təşəbbüsü ilə gömrük prosedurlarının sadələşdirilməsi və “e-Permit” sisteminin tətbiqi isə rəqəmsal logistika modelinin formalaşdığını göstərir.

Prezident İlham Əliyevin “Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” fikri Azərbaycanın strateji baxışının əsas mahiyyətini ifadə edir. Bu yanaşma sadəcə romantik ideya deyil, real siyasi və iqtisadi əsaslara söykənən uzunmüddətli konsepsiyadır.

Türk dövlətləri enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri, ərzaq təhlükəsizliyi, müdafiə sənayesi, rəqəmsal texnologiyalar və demoqrafik potensial baxımından böyük imkanlara malikdir. Bu potensialın vahid siyasi və iqtisadi platformada birləşdirilməsi gələcəkdə Türk Dövlətləri Təşkilatını Avrasiyanın ən mühüm güc mərkəzlərindən birinə çevirə bilər.

Politoloqun fikrincə, Türküstan Zirvəsi göstərdi ki, Azərbaycan artıq yalnız regional dövlət kimi deyil, türk dünyasının strateji gələcəyini formalaşdıran aparıcı siyasi mərkəzlərdən biri kimi çıxış edir.

Prezident İlham Əliyevin çıxışı Türk Dövlətləri Təşkilatının gələcək inkişaf prioritetlərini müəyyənləşdirən mühüm siyasi konsepsiya xarakteri daşıyır. Azərbaycanın təşəbbüsləri sayəsində türk dünyası enerji və nəqliyyat əməkdaşlığından rəqəmsal transformasiya, süni intellekt və geosiyasi inteqrasiya mərhələsinə keçid edir. Bu isə onu göstərir ki, XXI əsrdə türk dövlətlərinin birliyi yalnız mədəni yaxınlıq deyil, həm də qlobal güc balansına təsir edə biləcək strateji faktor olacaq.

İradə Cəlil,Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
bizimyol.info

1Mənbələr