AZ

Gənclərin imtahan narazılıqları artır

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi magistratura imtahanlarının II cəhdindən sonra yaranan narazılıqlar həm gənclərin psixoloji vəziyyəti, həm də imtahanın təşkilati aspektləri baxımından kompleks şəkildə qiymətləndirilməlidir. Bu məsələyə obyektiv yanaşmaq üçün həm iddiaların əsaslılığı, həm də sistemin təşkilati xüsusiyyətləri nəzərə alınmalıdır.

Bu sözləri təhsil eksperti Şəmsi Qocayevin QHT.az-a açıqlamasında deyib.

Ş.Qocayev vurğulayıb ki, Sualların çətinliyi və proqramdan kənar olması ilə bağlı iddialar ciddi araşdırılmalıdır: İlk növbədə, sualların çətinliyi və proqramdan kənar olması ilə bağlı iddialara toxunmaq istərdim. İmtahanların, xüsusən də II cəhdin müəyyən dərəcədə rəqabətli və seçici olması təbiidir, çünki magistratura pilləsi artıq elmi fəaliyyətin ilk addımıdır. Lakin testlərin proqramdan kənar olması ilə bağlı narazılıqlar əgər kütləvi xarakter daşıyırsa, bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Çünki abituriyent və ya bakalavr aylarla DİM-in elan etdiyi proqram əsasında hazırlaşır və onun qarşılaşdığı suallar həmin çərçivədən kənara çıxmamalıdır.

Ekspert qeyd edib ki, sualların qeyri-standart forması və DİM-in şəffaflıq izahı vacibdir: Bu hal bəzən sualların birbaşa proqram kənarı olması yox, fərqli fəlsəfə və məntiqlə, qeyri-standart formada qurulmasından da qaynaqlana bilər. Hər bir halda, şəffaflığın qorunması üçün DİM-in bu iddialara konkret fənlər və suallar üzrə rəsmi, ətraflı izahat verməsi gənclərdəki gərginliyi və şübhəni aradan qaldıra bilər.

Ş.Qocayevin fikrincə, nəqliyyat və hava şəraiti səbəbindən gecikən gənclərin vəziyyəti ədalətsizlik yaradır: İkinci və bəlkə də ən ağrılı məsələ hava şəraiti, tıxaclar və nəqliyyat problemləri səbəbindən imtahana gecikən gənclərin durumudur. Bir tədqiqatçı, bir ziyalı kimi mən hər zaman gənclərimizin tərəfindəyəm. Təsəvvür edin, bir gənc illərlə əziyyət çəkir, oxuyur, lakin onun nəzarətində olmayan bir hadisəyə — yağışa, subasmaya, yaxud yolların qəfildən bağlanmasına görə həyatının ən mühüm imtahanından kənarda qalır və ya qapıdan geri qaytarılır. Bu, həm böyük bir psixoloji travmadır, həm də mənəvi baxımdan ədalətsizlik təsiri bağışlayır.

Ekspert əlavə edib ki, imtahan təşkilində koordinasiya və texnoloji islahatlar zəruridir: Əlbəttə, rəsmi qaydalar var və intizam hər bir dövlət tədbirində mütləqdir, lakin fors-major hallarda insani faktor və humanist yanaşma mütləq ön plana keçməlidir. Bu kimi problemlərin gələcəkdə təkrarlanmaması üçün imtahanların təşkilində müəyyən islahatların və dəyişikliklərin edilməsi artıq zamanın tələbidir.

Ş.Qocayev sonda bildirib ki, gənclərin narazılıqları real problemlərdən qaynaqlanır və həllə ehtiyac var: Son olaraq demək istəyirəm ki, gənclərimizin narazılığı bəzi məqamlarda subyektiv görünsə də, əksər hallarda real sosial və təşkilati problemlərdən doğur. Bizim məqsədimiz gəncləri sadəcə sınağa çəkmək deyil, həm də onların öz biliklərini ən rahat və ədalətli şəraitdə nümayiş etdirmələrinə imkan yaratmaq olmalıdır. Ümid edirəm ki, Dövlət İmtahan Mərkəzi bu gənc nəslin səsini eşidəcək və növbəti imtahanlarda bu təşkilati boşluqlar aradan qaldırılacaqdır.

Fatimə Nəbiyeva

Seçilən
20
qht.az

1Mənbələr