AZ

“Zərərçəkən şəxs xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər” -HÜQUQŞÜNAS DANIŞDI

“Sosial şəbəkələrin həyatımızda geniş yer tutması insanlara fikir və düşüncələrini sərbəst şəkildə paylaşmaq imkanı yaradıb. Lakin ifadə azadlığı ilə yanaşı hüquqi məsuliyyət də mövcuddur. Son illərdə sosial mediada təhqir, söyüş və etik normalara uyğun olmayan davranışların artması cəmiyyətdə və hüquq sahəsində ciddi müzakirələrə səbəb olub”.
Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən sosial şəbəkələrdə ictimai qaydanı pozan, nalayiq ifadələr işlədən və cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən şəxslər inzibati məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin 2-ci hissəsinə görə internet mühitində söyüş söymək, təhqiredici və əxlaqa zidd ifadələr işlətmək və ya açıq şəkildə etik normaları pozan davranışlar sərgiləmək 500 manatdan 1000 manatadək cərimə ilə nəticələnə bilər. Hüquqşünasların fikrincə, bu cür hərəkətlər ifadə azadlığından daha çox cəmiyyətin mənəvi dəyərlərinə zərər vurmaq kimi qiymətləndirilir.

Qanunvericilikdə bu əməllərin təkrar törədilməsi üçün daha sərt tədbirlər də nəzərdə tutulub. Əgər şəxs eyni qayda pozuntusunu bir il ərzində yenidən törədərsə, İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsinə əsasən 1000 manatdan 2000 manatadək cərimə və ya 1–2 ay müddətinə inzibati həbs tətbiq oluna bilər. Bu tədbirlərin məqsədi sosial mediada etik davranış qaydalarının qorunmasını təmin etməkdir.

Bununla yanaşı, təhqirə məruz qalan şəxslərin də hüquqları qorunur. Zərərçəkən şəxs xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər. Belə hallarda təhqir edən şəxs Cinayət Məcəlləsinin 148-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu isə artıq məsələnin inzibati deyil, cinayət hüququ çərçivəsində qiymətləndirilməsi deməkdir.

Mütəxəssislər hesab edirlər ki, sosial mediada etik davranış qaydalarına əməl olunması həm insanların hüquqlarının qorunması, həm də sağlam ictimai münasibətlərin formalaşması baxımından vacibdir. İnternet mühiti virtual olsa da, burada edilən paylaşımlar və yazılan fikirlər real hüquqi nəticələr doğura bilər”.

Müəllif: Günay Hacıyeva
Seçilən
28
1
sia.az

2Mənbələr