AZ

“Geni dəyişdirilən məhsullar arasında soya və qarğıdalı xüsusi yer tutur” - EKSPERT DANIŞDI

“Son illərdə geni dəyişdirilmiş orqanizmlər (GMO) dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da geniş müzakirə olunan mövzulardan birinə çevrilib. Azərbaycan qanunvericiliyinə əsasən GMO tərkibli məhsulların idxalı, ixracı və satışı əsasən məhdudlaşdırılır. Bununla belə, 2015-ci ildə qanunvericiliyə edilən dəyişikliklər müəyyən yumşalmalar yaradıb. Belə ki, GMO məhsullarının kommersiya məqsədilə əkilməsi qadağan olaraq qalsa da, bəzi məhsullarda az miqdarda GMO komponentlərinin istifadəsinə icazə verilib”.

Bu sözləri SİA -ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, 2023-cü ildən etibarən “Qida təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq yem məhsullarında GMO tətbiqinə başlanılması da cəmiyyətdə müxtəlif fikirlərə səbəb olub:

”Bu addım kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədi daşısa da, insanların sağlamlığına mümkün təsirlərlə bağlı narahatlıqları da artırır. Alimlərin bir qismi GMO məhsullarının ciddi zərərinin elmi cəhətdən tam sübut edilmədiyini qeyd edir. Digər mütəxəssislər isə bu məhsulların uzunmüddətli təsirlərinin hələ tam araşdırılmadığını və ehtiyatlı yanaşmanın vacib olduğunu bildirirlər.

Dünyada ən çox geni dəyişdirilən məhsullar arasında soya və qarğıdalı xüsusi yer tutur. Bu məhsullar emal edilərək müxtəlif qida əlavələri, nişasta və digər komponentlər şəklində qablaşdırılmış məhsullarda istifadə edilir. Eyni zamanda, bəzi məhsulların üzərində “GMO-suzdur” ifadəsinin qeyd olunması istehlakçıların təbii məhsullara marağının artdığını göstərir.

Gen mühəndisliyinin inkişafı nəticəsində bəzi meyvə və tərəvəzlərin ilboyu yetişdirilməsi mümkün olub. Genetik dəyişikliklər onların xəstəliklərə və iqlim şəraitinə daha davamlı olmasına kömək edir. Bununla yanaşı, bu dəyişikliklərin insan sağlamlığına təsiri barədə hələ də yekun elmi nəticə yoxdur. Heyvanlar üzərində aparılan bəzi təcrübələr GMO məhsullarının orqanizmdə müəyyən dəyişikliklər yarada biləcəyini göstərib. Bu səbəbdən GMO məsələsi həm elmi, həm də etik baxımdan mübahisəli olaraq qalır.

Bəzi mütəxəssislər hesab edir ki, ənənəvi toxum növlərinin qorunması, qida israfının azaldılması və resursların düzgün bölüşdürülməsi GMO məhsullarına olan ehtiyacı azalda bilər. Buna görə də GMO-nun insan sağlamlığına və ətraf mühitə təsirini daha dəqiq müəyyən etmək üçün uzunmüddətli elmi araşdırmaların aparılması vacib hesab olunur”.

Müəllif: Günay Hacıyeva
Seçilən
19
1
sia.az

2Mənbələr