AZ

Saad Afis: WUF13 şəhərlərin dayanıqlı inkişafı üçün yeni ideyaların formalaşmasına imkanyaradır

Bakı, 18 may, AZƏRTAC

Dünya Şəhərsalma Forumu müasir dövrdə urban inkişaf sahəsində ən mühüm qlobal platformalardan biri kimi çıxış edir və şəhərlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində vacib rol oynayır.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Səudiyyə Ərəbistanından olan iştirakçı Saad Afis bildirib.

Onun sözlərinə görə, Bakı kimi şəhərlərdə bu cür beynəlxalq tədbirlərin keçirilməsi müxtəlif ölkələrin təcrübələrinin mübadiləsi və yeni yanaşmaların formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

İştirakçı qeyd edib ki, hazırkı dövrdə şəhərlər yalnız yaşayış məkanı kimi deyil, həm də iqtisadi, sosial və ekoloji proseslərin mərkəzi kimi çıxış edir. O əlavə edib ki, bu baxımdan WUF13 çərçivəsində aparılan müzakirələr şəhərlərin daha dayanıqlı, inklüziv və effektiv idarə olunmasına xidmət edən yeni ideyaların yaranmasına təkan verir.

“Bu forum şəhərlərin inkişafı və biznes həllərinin genişlənməsi üçün mühüm əhəmiyyət daşıyır. Burada yeni ideyalar formalaşır, şəhərlərin daha dayanıqlı və effektiv şəkildə inkişaf etdirilməsi müzakirə olunur. Bəzi şəhərlərdə baş verən böhranlar, dəyişikliklər fonunda bu cür platformalar daha təhlükəsiz və davamlı urban mühitin yaradılmasına töhfə verir”, – deyə Saad Afis vurğulayıb.

O əlavə edib ki, iqlim dəyişikliyi, sürətli urbanizasiya, mənzil çatışmazlığı və sosial bərabərsizlik kimi çağırışlar şəhərsalma siyasətində yeni yanaşmaların tətbiqini zəruri edir: “Bu kontekstdə WUF13-ün müxtəlif ölkələrdən ekspertləri, dövlət nümayəndələrini və beynəlxalq təşkilatları bir araya gətirməsi ortaq həll yollarının hazırlanmasına şərait yaradır. Forum yalnız ideyaların müzakirə olunduğu platforma deyil, həm də gələcək əməkdaşlıqların qurulduğu, şəhərlərin dayanıqlı inkişafı üçün real təşəbbüslərin formalaşdığı mühüm beynəlxalq mərkəz kimi çıxış edir”.

Müxbir-Vüqar Qurbanoğlu

Seçilən
3
2
azertag.az

3Mənbələr