Ukraynanın hücumları Rusiyanın paytaxtı belə qoruya bilmədiyini göstərdi, Zelenski isə "müharibə doğma limana qayıdır" dedi...
Ukraynanın mayın 17-nə keçən gecə Moskva və Moskva vilayətinə endirdiyi kütləvi dron zərbələri həm Rusiyada ciddi rezonans doğurub, həm də Kremlin hava hücumundan müdafiə imkanları ilə bağlı yeni suallar yaradıb.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
ISW hesab edir ki, bu hücumlar Rusiyanın hətta paytaxtı belə tam müdafiə edə bilmədiyini nümayiş etdirdi. Ukrayna prezidenti Vladimir Zelenski isə bildirib ki, "müharibə getdikcə proqnozlaşdırıldığı kimi öz "doğma limanına" qayıdır".
Moskvanın müdafiəsində boşluqlar
ISW analitiklərinin fikrincə, Moskva istiqamətində həyata keçirilən hücum Rusiyanın hava hücumundan müdafiə sistemində ciddi problemlərin olduğunu üzə çıxarıb. Xüsusilə rusiyalı hərbi blogerlər və hərbi müxbirlər hava müdafiəsinin effektiv işləmədiyini etiraf edərək Kremlə sərt tənqidlər ünvanlayıblar.

Bəzi rusiyalı təbliğatçılar hətta cavab zərbələrinin, o cümlədən taktiki nüvə silahının tətbiqinin vacibliyindən danışmağa başlayıblar. Hərbi blogerlər Moskva ətrafında çoxsəviyyəli və vahid hava müdafiə şəbəkəsinin qurulmasını, həmçinin dron hücumlarına qarşı erkən xəbərdarlıq sisteminin yaradılmasını tələb ediblər. Onlardan biri isə Rusiyanın mobil interneti söndürməsini "tamamilə səmərəsiz addım" adlandırıb.
Kreml hücumun təsirini azaltmağa çalışıb
ISW qeyd edir ki, Kremlin reaksiyası rusiyalı hərbi blogerlərin emosional çıxışlarından fərqli olaraq xeyli təmkinli olub. Analitiklərin fikrincə, Moskva hücumun real nəticələrini ictimaiyyətdən gizlətməyə çalışıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hücumların mülki əhaliyə təsirindən danışsa da, müdafiə sənayesi müəssisələrinə və neft infrastrukturuna endirilən zərbələr barədə demək olar ki, heç nə söyləməyib.
Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın "nüvə dövləti kimi təhlükə altında olmadığını" bəyan edib. ISW hesab edir ki, bu açıqlama əslində ictimai narazılığı nəzarətdə saxlamaq və Kremlin zəif göründüyü təəssüratını azaltmaq məqsədi daşıyır.
Bundan başqa, Rusiyanın əsas dövlət televiziya kanalları - "Pervıy kanal", "Rossiya-1" və NTV Moskva hücumlarına cəmi bir neçə dəqiqə vaxt ayırıb və əsasən "cavab zərbələri" barədə danışmaqla kifayətləniblər.
"Müharibə doğma limana qayıdır"

Ukrayna prezidenti Vladimir Zelenski isə videomüraciətində bildirib ki, Ukrayna Müdafiə Qüvvələri, xüsusi xidmət orqanları və kəşfiyyat strukturları Moskva bölgəsinə qarşı "çox genişmiqyaslı əməliyyat" həyata keçiriblər.
Onun sözlərinə görə, məhz Moskva ətrafında Rusiyanın ən güclü hava müdafiə sistemləri yerləşdirilib, lakin Ukraynanın uzaqmənzilli imkanları artıq bu səddi də aşmağa başlayıb.
Zelenski qeyd edib ki, hədəflərin bir hissəsi 500 kilometrdən çox məsafədə yerləşirdi və bu, Ukraynanın texnoloji imkanlarının genişləndiyini göstərir.
Prezident rusiyalılara çağırış edərək bildirib ki, onlar başqa xalqların həyatını dağıtmaq barədə düşünmək əvəzinə öz neft emalı zavodlarını və müəssisələrini qorumaq haqqında fikirləşməlidirlər.