AZ

Efiopiyalı rəsmi: “Ağıllı şəhərlər gələcəyin əsas inkişaf modelidir”

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edən Efiopiya nümayəndə heyətinin koordinatoru, eyni zamanda Addis Ababa City Administration Strateji Proqramlar İdarəsinin rəhbəri Eshetayehu Tasfaye Bizimyol.info-ya açıqlamasında şəhərsalma, rəqəmsal idarəetmə və ağıllı şəhər konsepsiyası istiqamətində həyata keçirilən layihələr barədə danışıb.

O bildirib ki, müasir şəhərlərin qurulması zamanı innovativ texnologiyaların tətbiqi və insanların rahat yaşayışının təmin edilməsi əsas prioritetlərdən biridir. Onun sözlərinə görə, əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə müxtəlif yaşayış modelləri üzrə layihələr həyata keçirilir.

Eshetayehu Tasfaye qeyd edib ki, bu layihələr həm dövlət tərəfindən maliyyələşdirilən proqramları, həm özəl sektorun iştirakı ilə reallaşdırılan tikinti işlərini, həm də dövlət-özəl əməkdaşlığı çərçivəsində icra olunan birgə layihələri əhatə edir. Məqsəd müxtəlif sosial təbəqələr üçün əlçatan, təhlükəsiz və müasir yaşayış mühiti yaratmaqdır.

O vurğulayıb ki, tikilən yaşayış kompleksləri şəhər infrastrukturu ilə inteqrasiya olunur və burada sakinlərin gündəlik ehtiyaclarını qarşılayan bütün şərait yaradılır. Layihələr çərçivəsində yaşayış binaları ilə yanaşı məktəblər, sosial xidmət mərkəzləri, kommunikasiya sistemləri və digər vacib infrastruktur obyektləri də inşa edilir.

Efiopiyalı rəsmi əlavə edib ki, telekommunikasiya və rəqəmsal idarəetmə sistemlərinin inkişafı “ağıllı şəhər” konsepsiyasının əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, rəqəmsal texnologiyaların tətbiqi şəhər idarəçiliyinin daha səmərəli təşkilinə imkan yaradır, xidmətlərin operativliyini artırır və vətəndaşların gündəlik həyatını asanlaşdırır.

Eshetayehu Tasfaye bildirib ki, həyata keçirilən layihələrin əsas məqsədi şəhərlərin dayanıqlı inkişafını təmin etmək, texnoloji yenilikləri tətbiq etmək və insanların həyat keyfiyyətini yüksəltməkdir.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
bizimyol.info

1Mənbələr