AZ

Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin Atlanta şəhərində onlarla sürücüsüz avtomobilin eyni məhəllədə saatlarla dövrə vurması sakinlər arasında narahatlığa səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisənin muxtar nəqliyyat vasitələrinin naviqasiya sistemində yaranan nasazlıqla bağlı olduğu ehtimal edilir.

Məlumata görə, “Waymo” şirkətinə məxsus təxminən 50 sürücüsüz avtomobil şəhərin Buckhead ərazisində yerləşən Battleview Drive küçəsi ətrafında eyni marşrut üzrə hərəkət edib. Sakinlərin çəkdiyi görüntülərdə avtomobillərin çıxılmaz küçəyə daxil olaraq dəfələrlə eyni istiqamətdə dövrə vurduğu əks olunub.

Bildirilir ki, bəzi nəqliyyat vasitələri naviqasiya sistemində çətinlik yaşayıb, hətta eyni nöqtədə geri dönməyə çalışaraq tıxac yaradıb. Yerli sakinlərdən birinin sözlərinə görə, eyni anda dönməyə çalışan səkkiz avtomobil küçədə ilişib qalıb.

Hadisədən narahat olan məhəllə sakinləri yolları baryerlər və süni maneələrlə bağlamağa çalışıblar. Bununla belə, bəzi sürücüsüz avtomobillər istiqamətini dəyişə bilməyərək ərazidə hərəkətsiz vəziyyətdə qalıb.

“The New York Post” nəşrinin məlumatına əsasən, hadisə bölgədə yaşayan ailələr arasında təhlükəsizliklə bağlı ciddi narahatlıq yaradıb. Sakinlər xüsusilə uşaqlar və ev heyvanları üçün risk yarandığını bildiriblər. Bəzi şəxslər isə sürücüsüz avtomobillərin məhəllədən “gözləmə sahəsi” kimi istifadə etdiyini iddia ediblər.

Hadisənin dəqiq səbəbi hələ açıqlanmasa da, ilkin ehtimallara görə, naviqasiya və marşrutlaşdırma alqoritmində yaranan nasazlıq bütün avtomobillərin eyni istiqamətə yönləndirilməsinə səbəb olub.

“Waymo” məsələ ilə bağlı açıqlamasında marşrutlaşdırma sistemindəki problemin aradan qaldırıldığını və hadisənin araşdırıldığını bildirib.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
avtosfer.az

1Mənbələr